Məhkəmə qərarları › İş №2(125)-2553/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2553/2024

23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2553/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün onun xeyrinə 250 manat, cəmi 750 manat alimentin və 55 manat mediasiya hesabına ödənilmiş məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2011-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci ildə Kazım, xx.xx.2013-cü ildə Elif və xx.xx.2019-cu ildə Yelda adlı uşaqları anadan olmuşdur. Cavabdeh işləmək məqsədilə Türkiyə Respublikasına gedib-gəlmiş, lap əvvəllər onu və uşaqları da özü ilə aparmışdır. Sonuncu dəfə 2023-cü ilin iyun ayında yenidən işləmək məqsədilə Türkiyə Respublikasına getmiş, getdiyi vaxtdan bəri nə onunla, nə də uşaqları ilə maraqlanmamışdır. Sonuncu dəfə telefon vasitəsilə cavabdehlə danışdıqda “məni axtarmayın, gəlməyəcəm.” demişdir. Uşağı azyaşlı olduğuna görə özü heç yerdə işləyə bilmir. 3 uşağın saxlanılması üçün maddi baxımdan çətinlik çəkir. Cavabdeh isə ona nə maddi, nə də mənəvi heç bir köməklik göstərmir. Ən azından hər uşağa görə 100-150 manat aliment kəsilməsinə də razıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 693296 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2011-ci ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 743 nömrə ilə qeydiyyata alınmışdır. AZ-İİ 779895 nömrəli, AZ-İİİ 063561 nömrəli və AZ-İV 299116 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə Kazım, xx.xx.2013-cü ildə Elif və xx.xx.2019-cu ildə Yelda adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixli, 04036 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərc İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşaqların saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X4» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 74 manat alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş mediasiya xərci olan 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci ildə anadan olmuş X2, xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş mediasiya xərci olan 55 manat Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 74 (yetmiş dörd) manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar