Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2648/2023 12.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğinin Cavabdeh onun xeyrinə tutulması və ödənilmiş 50 manat rüsumun Cavabdeh aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başaqa iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2093/2022 nömrəli qətnaməsi ilə təyin olunmuş cavabdehin qazancının 1/3 hissəsi miqdarında alimentin hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Ləman və xx.xx.2006-cı il tarixdə Ağası adlı 2 övladları anadan olmuşdur. Cavabdehlə rəsmi olaraq ayrılmışdırlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay cavabdehin qazancının 1/3 hissəsi miqdarında alimentin tutulması müəyyən edilmişdir. Lakin cavabdeh işdən çıxaraq sahibkarlıqla məşğul olduğu üçün ödədiyi məbləğ minimum aliment məbləğindən də aşağıdır. Uşaqlar günü gündən böyüyür və təbii ki, ehtiyacları və saxlama xərcləri də artır. İddianın təyin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİİ 224351 nömrəli və AZ-İ 748673 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2007-ci il tarixdə Ləman və xx.xx.2006-cı il tarixdə Ağası adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2093/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1-00 815 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə, saat 13:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Cavabdehin adına çıxarılmış şəxsi məlumatlardan görünür ki, cavabdeh Gəncə Şəhəri İcra Hakimiyyəti başçısı yanında X4 ilə Sərnişindaşıma İdarəsində rəis müavini vəzifəsində çalışır və aylıq əmək haqqı 777,5 manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2093/2022 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Alimentin məbləği qazancın (gəlirin) müəyyən hissəsi kimi təyin olunduğundan və uşaqların saxlanılması üçün yetərli olmadığından iddiaçı məhkəməyə müraciət edərək alimentin sabit pul məbləğində müəyyən edilməsini tələb etmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları, tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2093/2022 nömrəli qətnaməsi əsasında cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında təyin olunmuş alimentin miqdarı hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı uşaqların böyüyərək tələbatının artmasını əsas gətirərək alimentin miqdarının sabit pul məbləğində təyin edilməsini tələb etmişdir. «X5» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 220 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşaqlara qulluq, onların sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Mediyasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə Cavabdeh 50 manat mediyasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2093/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında təyin olunmuş alimentin miqdarı hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50 manat mediyasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-2648/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2648/2023
12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver