Məhkəmə qərarları › İş №2(125)-2743/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2743/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2743/2024 03.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X17 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü qızı X1 üçün hər ay sabit pul məbləğində 230 manat alimentin alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü qızı X11 anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 588/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü qızı X1 üçün 130 (yüz otuz) manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin Cavabdeh qeyd edilən məbləğdən başqa heç bir maddi və mənəvi dəstək verməmişdir. Belə ki, qızının yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüquqları var, onun isə maddi imkanı çox aşağıdır, ona görə tək başına övladının hüquqlarının təmin olunmasında əziyyət çəkir, lakin uşağının yaxşı yaşaması üçün əlindən gələn hər şeyi edir. Qızının günü-gündən tələbatı artır. Övladının minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquqları vardır. Övladının saxlanılmasında ana olaraq üzərinə daha çox yük düşür. Onun himayəsində uşaq olduğu üçün işləyə bilmir və uşağın zəruri ehtiyaclarını qarşılaya bilmir. Buna görə də uşağın zəruri ehtiyacını qarşılamaq üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü qızı X1 üçün 130 manat yetərli deyil və uşağının zəruri ehtiyaclarını qarşılaya bilməsi üçün alimentin artırılmasına ehtiyac vardır. Qızı barəsində o və cavabdeh bərabər hüquq və vəzifələrə malikdirlər. Cavbdehin ona nisbətən maddi imkanın yaxşı olması qızının saxlanılmasında nəzərə alınmalıdır. Övladının cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Cavabdehin uşağını saxlamaq həm qanunla müəyyən edilmiş vəzifəsi, həm də mənəvi borcudur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. O səbəbdən alimentin artırılması tələbinə dair ərizə ilə məhkəməyə yenidən müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh ikinci nikahından 4 uşağı vardır. Hazırda 1200 manat maaş alır, ancaq yüksək təzyiq xəstəsi olduğuna görə maaşı azaldılıb 930 manat olacaqdır. Alimentin 50 manat məbləğində artırılmasına razıdırlar. İddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-588/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-2314/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-04145 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 12:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı mediasiya xidmətinin göstərilməsinə görə 55 manat mediasiya xərcini tam ödəmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş AZ-İİ 035928 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 919 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 647985 nömrəli, AZ-İİ 977146 nömrəli, AZ-İİİ 527630 nömrəli və AZ-İİİ 527629 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2010-cu ildə anadan olmuş X8, xx.xx.2012-ci ildə anadan olmuş X7, xx.xx.2015-ci ildə anadan olmuş X4 və X12 ata qrafasında Cavabdeh, ana qrafasında isə X3 qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 106849 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 588/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Göründüyü kimi, iddiaçı təyin olunmuş alimentin uşağın saxlanması üçün yetərli olmadığını əsas gətirib alimentin miqdarının artırılaraq 230 manat müəyyən edilməsini tələb etmişdir. «X10» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehin gəlirləri barədə sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin himayəsində 4 azyaşlı uşağının olmasını, həmçinin uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, alimentin məbləğinin qismən artırılaraq hər ay 190 (bir yüz doxsan) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-588/2018 nömrəli qətnaməsi əsasında tutulan 130 manat alimentin miqdarı artırılaraq, hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar