Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2962/2024 04.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq Cavabdeh hərəkətləri nəticəsində onu mənəvi iztirablara qoymaqla vurduğu mənəvi ziyanı 100000 (bir yüz min) manat dəyərində qiymətləndirib həmin 100000 (bir yüz min) manat məbləği cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göygöl şəhəri, 21/2-ci kvartalda ailəsi ilə birlikdə yaşamaqla subaydır. Cavabdeh ilə 1 ildən artıqdır ki, tanış olmuşdur. Fərid iş adı ilə onunla tanış olduqdan sonra münasibətləri yaranmışdır. 2023-cü ilin sentyabr ayının əvvəli xatırlamadığı tarixdə saat 01:00 radələrində Cavabdeh ona zəng edərək işlə bağlı danışmaq istədiyini bildirmiş, bu səbəbdən onu özünə məxsus avtomobil ilə yaşadığı ünvandan götürüb Göygöl rayonu, ərazisində tanımadığı yerə aparmışdır. Həmin yerdə avtomobili saxladıqdan sonra onun arxa sərnişin oturacağına keçməsini istəmişdir. O, arxaya keçəndən sonra Fəriddə arxaya keçib onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra onu maşından düşürərək özü çıxıb getmişdir. Bu hadisədən sonra cavabdeh onun nömrəsini qadağan olunmuş siyahıya salaraq telefonlarına cavab vermədiyi üçün Cavabdeh barəsində Göygöl rayon PŞ-nə şikayətlər etmişdir. Onun əməlində cinayət tərkibinin olub-olmaması hələ də araşdırılır. Hesab edir ki, qeyd olunan məsələdə Fərid həmçinin onun şəxsiyyətini alçaltmışdır, etibarından sui-istifadə etmişdir. Belə ki, Cavabdeh onu işə düzəldəcəyi ilə bağlı ona söz verməsini və onu işlə təmin etsə şikayət və tələbinin olmayacağını da əlavə etmişdir. Lakin daha sonra Cavabdeh ona işçi kimi vəsiqə verməsinə baxmayaraq qərəzli formada ona işləməsində kömək etmədiyini də bildirmişdir. Məsələ ilə bağlı bütün detalları və əlavələrini məhkəmənin iclasında bildirəcəkdir. Cavabdehin hərəkətləri nəticəsində onun şəxsiyyətinə, mənəvi və psixoloji durumuna zərər gəlmişdir. Cavabdehin hərəkətləri (aldatma, etibarından sui istifadə, alçatmaq və s.) nəticəsində o arzu olunmaz vəziyyətə düşmüş, əsəb, stress keçirmiş və ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Bu səbəbə görə çəkdiyi mənəvi iztirablar nəticəsində bir neçə aylardı özünə gələ bilmir. Həmçinin cavabdehin hərəkətləri nəticəsində ona fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən cavabdeh, onun şərəf və ləyaqətini alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzini verməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 100000 (bir yüz min) manat dəyərində qiymətləndirir, çünki ona Cavabdeh artıq zənglər olunmuş və hər zəngə cavab verdikdə mənəvi sarsıntı keçirmişdir. Hesab edir ki, tələb etdiyi məbləğ tam əsaslı hesab olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, Cavabdeh ona zəng edərək xanım işçi müxbir lazım olduğunu demiş, ona görə də o, sonuncu ilə görüşmüşdür. Görüş zamanı cavabdeh hansı sənədlərin lazım olduğunu və işlə bağlı şərtləri ona bildirmişdir. Məhz həmin sənədlərlə bağlı cavabdehlə bir neçə dəfə görüşü olmuşdur. Cavabdehlə bir müddət işlədikdən sonra cavabdeh ona yaxınlıq barədə təkliflər etməyə başlamışdır. Belə ki, cavabdeh dəfələrlə ondan xoşu gəldiyini, münasibət yaratmaq istədiyini, onun hər zaman yanında olacağını və arxa-dayaq duracağını demişdir. 2023-cü ilin avqust ayında gecə saat 01 radələrində cavabdeh ona zəng edərək işlə bağlı onunla danışmaq istədiyini bildirmiş və evinə gələrək onu avtomobillə aparmışdır. Onlar, Göygöl rayonunda tanımadığı əraziyə gəldikdə cavabdeh avtomobilin nasaz olduğunu deyərək avtomobili saxlamışdır. Həmin vaxt cavabdehin dəyişdiyini, başqa fikirdə olduğunu görmüşdür. Cavabdeh avtomobilin qapılarını bağlamış və onunla münasibət yaratmaq istədiyini bildirmişdir. Cavabdeh onun üzərinə hücum çəkmiş və onunla anal - qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra cavabdeh ona problemləri olduğunu, hələlik işləmədiyini, problemlərini həll etdikdən sonra birlikdə işləyəcəkləri və davamlı münasibətləri olacağı barədə vədlər vermişdir. O da bir xanım olaraq Cavabdeh vədlərinə inanmışdır, düşünməmişdir ki, cavabdeh onu aldada bilər. Bu hadisə baş verdikdən sonra 2 ay müddətində hər gün Cavabdehla telefonla danışmışlar və cavabdeh ona başının işlərə qarışıq olduğunu söyləmişdir. Nəhayət 2023-cü ilin oktyabr ayının 24-ü başına gələnlərlə bağlı cavabdehdən polisə şikayət etmiş və Göygöl Rayon Polis şöbəsində araşdırma başlamışdır. Məhkəmə tibbi ekspertizasından keçmiş, lakin üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Bunun səbəbi məlum hadisənin baş verməsindən 2 ay müddət keçməsi, yəni 2 ay sonra polisə müraciət etməsi olmuşdur. Vaxtında ekspertizadan keçsə idi onun bədənində xəsarətlər aşkarlanardı. Belə ki, dəfələrlə cavabdehə polisə şikayət edəcəyini bildirmiş, lakin cavabdeh buna maneə olmuşdur. Həmçinin baş verənlərə görə depressiyaya düşmüş, əsəb stress yaşamışdır. Belə ki, o əxlaqsız qadın deyildir, ekspertin rəyinə görə qız uşağı hesab olunur və onun heç kəslə münasibəti olmamışdır. Cavabdehin hərəkətləri nəticəsində hələ də özünə gələ bilməmiş, onun şəxsiyyətinə mənəvi və psixoloji durumuna zərər dəymişdir. Buna görə də bugünkü gün məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, özünə işçi axtardığı üçün Bəxtiyar adlı şəxs ona İddiaçı nömrəsini vermişdir. O, İddiaçı ilə əlaqə saxlamış və ona iş üçün lazımi sənədləri verməsini bildirdikdən sonra onu işə götürmüşdür. Bundan sonra işlə bağlı İddiaçı ilə birlikdə Balakən rayonuna getmiş, orada Balakən Rayon Polis Şöbəsinin rəisi ilə görüşmüşdür. Rəis onları nahara dəvət etdiyi üçün birlikdə yemək yemişlər. Həmin vaxt İddiaçı yeməkləri bəyənməmiş və süfrədə olan hər şeyə irad tutmuşdur. Ona görə də rəis ona yanındakı xanımın hərəkətlərinə görə öz iradını bildirmişdir. Bundan sonra o, Rozaya onu işdən çıxardığını demişdir. Balakən rayonundan Göygöl rayonuna qayıdan zaman İddiaçı arxa oturacaqdan ön oturacağa, onun ayaqlarının arasına əl ataraq, ona “Gedək meşəyə, nə istəyirsən et, lakin məni işdən çıxarma”-demişdir. O, dərhal iddiaçını uzaqlaşdırmaq istəsə də Roza avtomaşından düşmək istəməmişdir. Həmin vaxt hətta Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarına İddiaçı işə götürdüyünü, lakin ona qeyri-etik təkliflər etdiyini bildirmişdir. Polis əməkdaşları gəldikdən sonra iddiaçı avtomobildən düşmüş və çıxıb getmişdir. Bundan sonra iddiaçının nömrəsini qadağan olunmuş şəxslər siyahısına salmışdır. Həmin hadisədən uzun müddət keçdikdən sonra iddiaçı “Whatsaap” sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq onu bağışlamasını, səhv etdiyini, təkrar onunla işləmək istədiyini bildirmişdir. Lakin o, Roza ilə razılaşmamış və onunla işləmək istəmədiyini bildirmişdir. Daha sonra iddiaçının öz səhvini başa düşdüyünü güman edərək ona yalnız işlə bağlı danışa biləcəklərini bildirmişdir. O, İddiaçı əvvəl düşürdüyü yerə gələrək onu gözləmiş və iddiaçı avtomobilə əyləşmişdir. Bu zaman iddiaçı ac olduğunu və yemək istədiyini demişdir. İddiaçını götürdüyü yerdən 400- 500 metr avtomaşınla gedəndən sonra avtomaşında nasazlıq yaranmış və Rozanı evinə düşürmüşdür. Sonra İddiaçı ona müxtəlif əxlaqsız (porno) videolar atmağa və yazılar yazmağa başlamışdır. O, dəfələrlə iddiaçıya ona yazmamasını və evli olduğunu bildirmişdir. Buna görə də iddiaçının nömrəsini yenidən qadağan olunmuş şəxslər siyahısına atmışdır. 2023-cü ilin oktyabrın ayının 24-də Göygöl Rayon Polis Şöbəsindən ona zəng gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Göygöl Rayon Polis Şöbəsinə gəldikdə orada polis əməkdaşları ona guya İddiaçı ilə guya qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı sonuncunun ondan şikayət etdiyi bildirilmişdir. O isə dərhal ekspertiza keçirilməsini xahiş etmişdir. Lakin İddiaçı ekspertizanın keçirilməsindən imtina edərək getməmişdir. Ona görə də əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Daha sonra iş yenidən araşdırılmış və İddiaçı ekspertizadan keçirilmişdir. Yenidən əməlində cinayət tərkibinin olması təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Polisdə ona Rozanın ondan şikayətləri dayandırması üçün onu işə götürməsini tövsiyə etdiklərinə görə ona müxbir kimi vəsiqə vermiş, lakin onu işə cəlb etməmiş, nə də əməkhaqqı verməmişdir. Həmin vəsiqənin müddəti 2024-cü ilin sonunda bitir. Bundan sonra İddiaçı ona qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı dediklərinin heç bir həqiqəti əks etdirmir. O, heç vaxt İddiaçı toxunmamış və iddiaçıyla onun arasında hər hansı intim münasibət olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göygöl Rayon Polis Şöbəsinin 31 dekabr 2023-cü il tarixli HK/1902 nömrəli məktubunda Göygöl şəhəri 21-ci kvartal ev 2-də yaşayan İddiaçı bildirilmişdir ki, Göygöl RPŞ-nin İstintaq bölməsində araşdırılan HK- 1/1902 nömrəli material üzrə qəbul edilmiş qərarın surəti göndərilməklə həmin material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinin tələblərinə əsasən qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəməyə şikayət etmək hüququ vardır. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı ona dəymiş mənəvi ziyanla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 12 mart 2024-cü il tarixli qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı ona dəymiş mənəvi ziyanla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh onunla qeyritəbii yolla cinsi əlaqədə olduğunu və onun şəxsiyyətinə, mənəvi və psixoloji vəziyyətinə zərər vurduğunu əsas gətirərək mənəvi zərər tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək rədd edilməsini xahiş etmişdir. İddiaçı Röza Əliyeva istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə hazırkı iddia tələbinin düzgün həlli, yəni iddia tələbinin hüquqi əsası kimi aşağıdakı hüquq normalarını qeyd etməyi lazım bilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”mn müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsaslanaraq qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında ona cavabdeh tərəfindən mənəvi zərər vurulmasını qeyd etsə də, iddiaçı, cavabdeh tərəfindən ona ümumiyyətlə mənəvi zərər vurulması barədə hər hansı mötəbər və əsaslı sübut təqdim edə bilməmiş və məhkəmə iclasında da bu hal öz təsdiqini tapmamışdır. İddiaçının məhz buna görə də cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır. Belə ki, İddiaçı mənəvi zərəri cavabdehin ona qarşı etmiş olduğu qeyri-əxlaqi hərəkətlərdən qaynaqlandığını bildirsə də, həmin xüsusat üzrə polis orqanında müvafiq araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəmə iclasında Cavabdeh İddiaçı qarşı başqa hər hansı mənəvi zərər vurması, onun şərəf və ləyaqətini alçaltması halı da öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 390 (üç yüz doxsan) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2962/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2962/2024
04.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver