Məhkəmə qərarları › İş №2(125)-3102/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3102/2025

17.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3102/2025 17.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı ailə münasibətlərindən 21 may 2010-cu il tarixdə doğulmuş X4 və 07 iyul 2012-ci il il tarixdə doğulmuş X5 adında yetkinlik yaşına çatmayan iki övladları vardır. İş materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)- 3591/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 28.11,2019-cu il tarixli 2(044)-3684/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il tarixdə X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi, 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi Cavabdeh mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(125)-3591/2023 nömrəli qətnaməsi ilə Cavabdeh qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən olunmuş alimentin tutulması üsulunun dəyişdirilərək, Cavabdeh ilə nikahlarından doğulmuş 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 0,58 misli həddində sabit pul məbləğində alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 19 oktyabr 2015-ci ildə el adəti üzrə evlənmiş və həmin tarixdə də nikahları Gəncə şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmişdir.Onların birgə nikahından doğulmuş 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il təvəllüdlü X5 adlı uşağları doğulmuşdur.Onlar evləndiyi ilk vaxtlar ailə münasibətləri normal olmuşdur. Sonradan xasiyyətləri tutmadığı üçün aralarındakı nikah pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 2(125)-3591/2023 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh əvvəllər işlədiyi üçün aliment məbləği onun əmək haqqısına yönəldilmişdir. Hazırda cavabdeh işdən çıxmış və başqa qeyri-rəsmi işlə məşğul olmaqla qazanc əldə edir, cavabdehə uşağın saxlanılması üçün alimenti ödəməsini bildirsə də, iddiaçı onun müraciətlərinə əhəmiyyət verməmişdir. Tərəflərin izahatları; Məhkəmənin əvvəlki iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə etmiş, məhkəmənin sonuncu iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin əvvəlki-12 iyun 2023-cü il tarixli, 2(125)-3591/2023 nömrəli qətnaməsi ilə müəyyən edilən alimentin ödəniş qaydası dəyişdirilməli, hazırki iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlayaraq 21 may 2010-cu il təvəllüdlü X2 və 07 iyul 2012-ci il tarixdə X5 adında yetkinlik yaşına çatmayan hər iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay minimum əmək haqqı məbləğinin 0,53 mislinə uyğun (212 manat) sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manat məbləğində müəyyən edilməsini, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün cavabdehdən tutulmalı olan aylıq alimentin məbləği hər ay bir uşaq üçün 212 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 212 manat məbləği 400 manat məbləğinin yuvarlaqlaşdırılmış 0,53 mislini təşkil edir. İddiaçı ərizəsində yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün minimum əmək haqqı məbləğinin 0,58 misli həddində aliment təyin edilməsini xahiş etsə də, cavabdehin həmin məbləğində alimenti ödəmək üçün maddi imkanının olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Аilə Məcəlləsinin 78-ci maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, alimentin iddiaçının tələbinə uyğun olaraq sabit pul məbləğində tutulmalı olmasını, həm də sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınmalı olduğu barədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay bir uşağa görə 212 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iddia alimentin sabit pul məbləğində tutulması barədə, yəni alimentin müəyyən edilən məbləğinin dəyişdirilməsi barədə deyil, məhz yeni qaydada tutulması barədə qaldırıldığından, alimentin tutulmasının başlanması da iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar Dövlət rüsumunun ödənilməsindən azaddırlar. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (424 manat x 12 ay)=5088 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.1-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu 70,88 manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 70,08 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən alınıb dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 50 manat xərc ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən ilkin mediasiya sessiyasına çəkdiyi xərcin əvəzini tələb etməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(125)-3591/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin ödəniş qaydası dəyişdirilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından 21 may 2010-cu il tarixdə doğulmuş X2 və 07 iyul 2012-ci il tarixdə doğulmuş X5 adında yetkinlik yaşına çatmayan hər bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay minimum əmək haqqı məbləğinin 0,53 mislinə uyğun sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması iddia ərizəsinin məhkəməyə verildiyi 22 aprel 2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 70,88 (yetmiş) manat 88 qəpik məbləğində dövlət rüsumu tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar