Məhkəmə qərarları › İş №2(125)-3291/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3291/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3291/2024 25.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa İddiaçı məhkəməyə ərizə təqdim edərək digər oğlu X3 da saxlanılması üçün 235 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə nikah qeyd etdirmədən evlənmişdirlər. Birgə münasibətlərindən xx.xx.2020-ci ildə Adəm və xx.xx.2023-cü ildə Amir adlı uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən 2023-cü ilin noyabr ayından etibarən uşaqlar onun himayəsində olmaqla ayrılmışdırlar. Cavabdeh bu günə kimi uşaqlarla maraqlanmamış, nə maddi, nə də mənəvi heç bir köməklik göstərməmişdir. Cavabdehin heç bir psixi xəstəliyi yoxdur. Sürücülük vəsiqəsi belə vardır. Psixi xəstəliyi olan insan sürücülük vəsiqəsi ala bilməz. Uşaların bütün əziyyətlərini çəkən özüdür. Cavabdeh əlinə pul düşən kimi içkiyə xərcləyir. 100 manat heç baxça pulu belə etmir. Heç olmasa hər uşağa görə 200 manat məbləğində aliment kəsilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, heç yerdə işləmir, psixi xəstəliyi vardır. İİİ qrup əlilliyi olmuş, ancaq hazırda dayandırılmışdır, yenidən düzəltdirəcəkdir. Əlilliyinin dayandırılması sürücülük vəsiqəsi alması ilə əlaqədar olmuşdur. Sürücülük vəsiqəsi almışdır ki, heç olmasa taksi fəaliyyəti ilə məşğul olsun, ancaq işə düzələ bilməmişdir. Sonra müraciət etmiş, onu da dayandırmışdırlar, vəsiqə almağının da ona heç bir xeyri olmamışdır, əksinə əlilliyi dayandırılmışdır. Heç yerdə işə qəbul etməmişdirlər. Gəncə şəhərində heç 500 manatdan artıq əmək haqqı verən iş yeri yoxdur. Uşaqların hər birinə 200 manat aliment kəsilsə, özünün də dolanması mümkün olmayacaqdır. Hər uşağa 100 manat məbləğində aliment ödəməyə maddi imkanı çatır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İV 506637 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və AZ-İV 916920 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2020-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü ildə anadan olmuş X2 ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı kimi qeyd olunmuşdur. AZ-İ 404218 nömrəli və AZ-İ 462833 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2020-ci ildə İddiaçı doğulmuş Adəmin və xx.xx.2023-cü ildə İddiaçı doğulmuş Amirin atası Cavabdeh hesab edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-00273 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 12:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərc İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X4» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 68 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin . İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 68 (altimış səkkiz) manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar