Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3293/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uzun müddət birgə nikahda olduğu əri, Cavabdeh xidməti illərə görə təyin edilmiş və hazırda hər ay aldığı 1600 manat pensiyasından 800 manat sabit məbləğində alimentin və 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi bаrədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ünvanlayaraq ərizə sözünün iddia ərizəsi sözü ilə və iddia ərizəsinin xahiş edirəm hissəsində “sabit məbləğində” sözünün “sabit pul məbləğində” sözü ilə düzəliş edilib “uzun müddət birgə nikahda olduğu əri Cavabdeh xidmət illərinə görə təyin edilmiş və hazırda hər ay aldığı 1600 manat pensiyasından 800 manat sabit pul məbləğində alimentin və 55 manat mediasiya xərcini alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icrata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin ona qarşı aralarında olan nikahın pozulması tələbinə dair 2(125)-1796/2025 nömrəli mülki iş Gəncə Şəhər Məhkəməsinin icraatındadır. Həmin iddia tələbinə qarşı rəsmi ərizə yazaraq öz etirazını bildirmişdir. Cavabdeh ilə xx.xx.1981-ci ildə ailə qurmuş və xx.xx.1981-ci il tarixində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.1982-ci təvəllüdlü X5 anadan olmuşdur. Əri Cavabdeh SSRİ dövründə hərbiçi olduğundan 1982-ci ilin axırlarında ailəliklə Almaniya Demokratik Respublikasında yerləşən hərbi hissəsinə getmişlər. Almaniyada yaşadıqları dövrdə birgə nikahdan xx.xx.1983-cü il təvəllüdlü X6 anadan olmuşdur. 1987-ci ildə ailəsi Almaniyadan Gəncə şəhərinə (keçmiş Kirovabad) qayıtmışlar. Cavabdeh Gəncə şəhərində yerləşən hərbi hissədə xidmət etdiyinə görə, orderlə cavabdehin ailə üzvləri - İddiaçı, xx.xx.1982-ci təvəllüdlü X1 və xx.xx.1983-ci təvəllüdlü X2 adına xx.xx.1988-ci il tarixdə Gəncə şəhəri, DOS -38/83, ev 2, mənzil 7-də yerləşən üç otaqlı xidməti mənzili vermişlər. 1992-ci ildə cavabdeh Tərtər döyüşlərində iştirak etmişdir. Sonra onun xidməti iş yerini dəyişib, Murovdağda yerləşən hərbi hissəyə göndərmişlər. Məcbur olub Göygöl rayonun Toğana kəndinə köçüb, kirayə ev tutub, ailəvi olaraq 1 (bir) il orada yaşamışlar. Bundan sonra cavabdehi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tovuz rayon ərazisində yerləşən hərbi hissəsinə göndərmişlər və ailəvi olaraq bir neçə il Tovuz rayonunda kirayə evdə yaşamışlar. Birgə nikahdan xx.xx.1995-ci il təvəllüdlü X7 anadan olmuşdur. Birgə nikahdan anadan olan üç övladını birgə böyütmüşlər. Artıq onlar yetkinlik yaşına çatmışlar. Cavabdeh hərbi xidmətdən pensiyaya çıxmışdır. Lakin, bir neçə vaxtdır ki, cavabdeh ilə ailə münasibətlərində, aralarında narazılıqlar yaranmışdır. Bunun səbəbi kiçik oğlu Elmarın ailə qurduğu Vüsalə adlı gəlininin onunla yola getməməsidir, gəlininin anasının sözü ilə cavabdeh də onlarla birləşib, ürək əməliyyatı keçirmiş, (2-ci oğlu Elçinin köməkliyi ilə 2019-cu ilin noyabr ayında Türkiyədə ürək əməliyyatı olunmuşdur) şəkərli və təzyiqli xəstə olan qadını 36 il yaşadığı mənzildən çıxardıblar. O da məcbur olub, anasının, oğlu Elçinin və digər qohumlarının evinə sığınmışdır. Heç bir günahı olmadan (bunu qonşuları da təsdiq edə bilər) cavabdeh onu evdən qovmuş və ona maddi cəhətdən heç bir yardım etməmişdir. Bu günkü gündə də xəstə olduğundan və əmək qabiliyyəti olmadığından heç bir yerdə işləyə bilmir. Bundan başqa xx.xx.1963-cü il təvəllüdlü olduğundan və evdar qadın olub, uşaqlarına baxdığına görə, pensiya yaşına 3 ildən çox qaldığından pensiyaya çıxıb, pensiya ala bilmir. Maddi durumu yaxşı deyil. Lakin, cavabdeh hərbidən xüsusi güzəştlərlə pensiyaya çıxıb, 1600 manat pensiya və əlavə 80 manat Prezident təqaüdü alır. Cavabdehlə 44 ildir ki, birgə nikahda olmalarına baxmayaraq, neçə ildir ki, ona maddi cəhətdən köməklik etmir. O, da məcburiyyət qarşısında qalıb, cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, aliment tələbi ilə bağlı cavabdehə mediasiya təklifi də göndərmişdir. Lakin cavabdeh Gəncə 1 saylı Mediasiya təşkilatına gəlməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İlk olaraq qeyd etmişdir ki, aldığı pensiyanın məbləği 1600 manat deyil. Bu ilin artımı ilə 1200 manat civarındadır. Əgər 1600 manat alırsa, iddiaçı bununla bağlı sübutu məhkəməyə təqdim etməlidir. İkincisi özü ağır formada xəstədir. Hazırda 3-cü (ən son) dərəcəli ürək çatışmazlığından və ürək qandamar çatışmazlığından əziyyət çəkir. Ürək fəaliyyəti cəmi 24 faizdir. Referans klinikasının müvafiq tibbi arayışını təqdim etmişdir. Ürəyi ilə yanaşı böyrəkləri də iflic vəziyyətindədir. X18ının müayinə nəticələrinə görə hazırda onda aşağıdakı xəstəliklər müşahidə olunur - Grade 1 hepatosteatoz, qaraciyərdə hiperexogen lezyonlar, hepatik venoz sistemdə və inferior vena kavada genişlənmə (kardiogenik səbəbi ilə). Sağ atrofik böyrək və hər iki böyrəkdə grade 2 parenximal xəstəlik. Qarın boşluğunda 5.8 litr sərbəst maye izlənmişdir. Həmçinin qanındakı kreatin miqdarı normadan 3 dəfə çoxdur. Klinikalarda həkim qəbuluna yazılmaq üçün hər dəfə 35, 40 və ya 50 manat pul ödəyir, ay ərzində 3 dəfə qəbul olunduğunu nəzərə alsaq 140 manata yaxın pul ödəmək məcburiyyətindədir. Bundan başqa, dərmanlarının pulu 470 manatdan çoxdur, ay ərzində 600 manatdan çox xəstəliyi ilə əlaqəli müayinə və dərmanlara pul xərcləyir. Səhhəti ilə yanaşı maddi vəziyyəti də çox ağırdır. Belə ki, birgə nikah dövründə onun adına alınan kreditləri tək ödəmək məcburiyyətindədir. İddiaçı bununla bağlı ona hər hansı yardım göstərmir. İddiaçı uzun müddət Türkiyə Respublikasında yaşamışdır. Türkiyəyə getməzdən öncə xx.xx.2020-ci ildə onun adına "xxxx"dan 14460 manat məbləğində kredit almışlar. Həmin dövrdə bu kreditlə yanaşı, həmçinin 5496 manat lombard krediti almışlar. Hər iki kredit ailə məqsədləri üçün istifadə edilmişdir. Bu iki kreditdən başqa digər şəxslərə də borcları olmuşdur. 17000 (10000 ABŞ dolları) manatı Türkiyədə yaşayan oğlu Elçinə ev almaq üçün vermişlər. Göstərilən vəsaitin 5000 (beş min) manatı iddiaçının bacısı Şahbacıya verilmişdir. Daha sonra iki yerə kredit ödəməkdən azad olmaq və cəmi aylıq ödənişin 900 manatdan aşağı salmaq üçün "xxxx"la razılığa gələrək bankda olan krediti yenidən maliyyələşmə edərək, pul almış və lombarda olan borcunu bağlamışdır. Ödəniş müddəti uzanmış və aylıq ödəniş məbləği 573 manata enmişdir. Bunun üçün xx.xx.2023-cü il tarixində ona yeni cədvəl açılmışdır və nəticədə banka olan borcu 17900 manat təşkil etmişdir. Hazırda aylıq kredit ödənişi 573 manat təşkil edir. İddiaçı dəfələrlə ona hədə-qorxu gəlmişdir ki, “yatdığın yerdə sənin ağzına balınc basacam, səni öz əllərimlə öldürəcəm.” Nə dəyişdi? Onu öldürmək istəyən indi ondan aliment istəyir? Göründüyü kimi aldığı 1200 manat pensiyanın 600 manatı xəstəliyinə 573 manatı isə kredit ödənişinə gedir. Onun aliment ödəməyə əlavə maddi imkanı yoxdur. Bəzən yaxın qohumlarının maddi yardımından istifadə edir. Qohumları yardım etmək imkanı olmayanda dərmanlarını vaxtında almaq üçün “birbank kredit kartından” istifadə edir. İddiaçının maddi yardıma ehtiyacı olmasının əsas səbəbi işləmək istəməməsi ilə bağlıdır. İddiaçı iş tapmaq üçün dövlət məşğulluq orqanlarına müraciət edibmi? İşsiz kimi qeydiyyata alınıbmı? X3 özünəməşğulluq proqramlarına müraciət edibmi? İddiaçının əlilliyi yoxdur, tam əmək qabiliyyətlidir. Bu iddianı verməkdə məqsədi qisas almaqdır, çünki aralarındakı nikahın pozulması barədə Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Həqiqətən maddi yardıma ehtiyacı olsaydı, iddiaçı illər öncə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Yuxarıda göstərilənləri, maddi vəziyyətinin ağır olması və səhhətindəki problemləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə 43 ildir ki, rəsmi nikahdadır, nikahları pozulmamışdır. Birgə nikahdan üç övladı olmuşdur və hər üçü yetkinlik yaşına çatmışdır. Hazırda cavabdehin ona qarşı qaldırdığı nikahın pozulması tələbinə dair iş məhkəmənin icraatındadır. Lakin nikahın pozulmasını istəmir. Həmin iş üzrə məhkəmə iclası barışıq üçün 3 ay vaxt verilməklə bu ilin avqust ayına təyin olunub. Heç bir yerdə işləmir, xəstədir. Sol gözü tamamilə görmür, açıq ürək əməliyyatı keçirmişdir. Ürək və böyrək çatışmazlığından, şəkərli diabet və yüksək təzyiq xəstəliyindən əziyyət çəkir. Uşaqları nə qədər köməklik etsələr belə, dərman vasitələri almaq üçün maddi imkanı yoxdur. Əmək qabiliyyəti yoxdur, bunun üçün də işləyə bilmir. Onu döyüb çölə atdıqlarından bəri yaşamağa evi yoxdur. Həmçinin gəlir yeri də yoxdur. Cavabdeh vaxtında onu işləməyə qoymamış, uşaqlara baxmağını demişdir. Əlilliyi yoxdur. Bundan başqa, cavabdehin bankdan kredit götürməsindən xəbəri olmayıb. Cavabdehin ürək fəaliyyəti 24 faizdirsə, necə taksi fəaliyyəti ilə məşğul ola bilir. Bunlar hamısı bəhanədir, onun ürəyi sağlamdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini qəbul etmədi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddia tələbi əsassızdır. Cavabdehin aldığı pensiyanın məbləği 1600 manat deyil, 1200 manat civarındadır. İkincisi cavabdehin özü ağır formada xəstədir. Ürək fəaliyyəti cəmi 24 faizdir. Ürəyi ilə yanaşı böyrəkləri də iflic vəziyyətindədir. Qarın boşluğuna maye yığılır. Cavabdeh hər ay dərman vasitələri üçün 600 manat pul xərcləyir. Cavabdehin səhhəti ilə yanaşı maddi vəziyyəti də çox ağırdır. Cavabdeh birgə nikah dövründə onun adına alınan kreditləri hər ay 573 manat olmaqla tək ödəmək məcburiyyətindədir. İddiaçı bununla bağlı ona hər hansı yardım göstərmir. Bundan başqa, iddiaçı əmək qabiliyyətlidir, heç bir əlilliyi yoxdur. İddiaçı əmək qabiliyyətinin olmaması və maddi yardıma ehtiyacı olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin mübahisəsiz hallarına görə tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından üç övladları vardır və onların hər biri yetkinlik yaşına çatmışlar. Cavabdeh aralarındakı nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Nikahın pozulması barədə iddia məhkəmənin icraatında olsa da, tərəflər arasında nikah pozulmamışdır və onlar hazırda rəsmi nikahdadırlar. İş materiallarına Gəncə Şəhər Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair 2(125)-1796/2025 nömrəli mülki iş üzrə İddiaçı məxsus məhkəmə bildirişi və sözügedən iddia ərizəsinin surəti əlavə edilmişdir. İş materiallarına “X19” tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il və xx.xx.2019cu il tarixli “hasta epikrizi” adlı sənədlər əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş, ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı 02 iyun 2005-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər Cavabdeh, X11, X5, X10, X7, X4, X8, X13 və X9r. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə Rayon Mənzil-İstismar Hissəsi 1 nömrəli Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 3-25- 114/2-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1988-ci ildən ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh etiraz ərizəsinə qoşma kimi "xxxx" ASC ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR0272438B206 nömrəli kredit müqaviləsinə dair ödəniş cədvəlini, hesabdan çıxarışı, kassa məxaric orderini, apteklərdən dərman vasitələri almasına dair 11.05,2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qəbzləri, xx.xx.2021-ci il və xx.xx.2025-ci il tarixli özünəməxsus resept blanklarını, həmçinin “X18”da xx.xx.2024-cü il tarixdə abdominal US müayinədən keçməsinə dair sənədi, qan analizinin nəticəsini və “Referans” Klinikasında həqiqətən xx.xx.2025-ci il tarixində kardioloqun qəbulundan olduğunu və ona “DKMP. QDÇ 3-cü dərəcə. (EF 24 faiz) diaqnozunun qoyulduğunu təsdiq edən xx.xx.2025-ci il tarixli arayışı əlavə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Göründüyü kimi qanunverici ərin arvaddan və ya arvadın ərdən ona maddi kömək göstərməsini məhkəmə qaydasında tələb etməsi zəruri olan şərtləri konkret müəyyən etmişdir və həmin normanın daha geniş mənada başa düşülməsinin qarşısı alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı əmək qabiliyyətinin olmaması barədə sübutlarını, o cümlədən maddi yardıma ehtiyacı olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsassızdır. Məhkəmə iddianın rədd edilməsi nəticəsinə gələrkən onu da nəzərə alır ki, iddiaçı izahatında və iddia ərizəsində cavabdehin ona aliment ödəməli olması üçün kifayət qədər zəruri vəsaitə malik olmasını qeyd etsə də, bu barədə də iş materiallarına heç bir sübut əlavə etməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edildiyindən ödənilən mediasiya xərci iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3293/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3293/2025
12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver