Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3310/2024 27.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından iki uşaq - xx.xx.2024-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 doğulmuşdur. Həmin uşaqların atasının Cavabdeh (Cavabdeh) olmasına dair müvafiq olaraq “atalığın müəyyən edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 463106 nömrəli və xx.xx.2024-cü il tarixli, AZ-İ seriyalı, 463107 nömrəli şəhadətnamələr verilmişdir. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hər uşağın yaşaması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən ehtiyac meyarı müəyyən olunmuşdur. Həmin meyar mütəmadi olaraq uşaqların maraq və mənafeləri nəzərə alınaraq artırılır. Məhkəmə baxışında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini, iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Onu da əlavə etdi ki, cavabdehlə rəsmi nikaha daxil olmamış, faktiki nikah münasibətlərində olmuşlar. Cavabdeh hər iki uşağa atalıq vermişdir. Lakin cavabdeh uşaqların saxlanılması üçün köməklik etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizə verərək iddia tələbini qəbul etdiyini, iddiaçı ilə faktiki nikahından olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment ödəyə biləcəyini qeyd etdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iddianın dəlillərini, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 440.1 və 440.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər qanunlara uyğun olaraq həyata keçilir. Həmin Məcəllənin 443.0.1 və 443.0.4-cü maddələrinin tələbinə görə Azərbaycan Respublikasnın məhkəmələri xarici şəxslərin iştirakı ilə olan, həmçinin aşağıdakı işlərə aliment alınması və atalığın müəyyən edilməsi işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda baxmağa haqlıdır. MPM-in 447-ci maddəsinə əsasən şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri o vaxt müstəsna səlahiyyətə malik olurlar ki, tərəflərdən hər hansı biri Azərbaycan Respublikasının vətəndaşı olsun və ya onun Azərbaycan Respublikasında adətən olduğu yeri olsun. Məhkəmə, Azərbaycan Respublikası vətəndaşı olan iddiaçının hazırkı tələbi üzrə Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olmasını nəzərə alaraq hesab edir ki, şəxsi münasibətlərlə əlaqədar valideynlərlə uşaqlar arasında olan hazırki məhkəmə işi üzrə işə baxan məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Zəhra və Vəlixan Paşayevlərin valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iki uşağının saxlanılması üçün ondan hər ay cəmi 200 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, cavabdehin tələb olunan miqdarda alimenti ödəməyə razılığını və diqqətəlayiq olan digər halları, habelə iddia tələbinin həddini nəzərə alaraq hesab edir ki, cavabdehdən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu halın üzrlü olması iş materiallarından görünmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, xx.xx.2024-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3310/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3310/2024
27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver