Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3360/2023 07.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi idarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə Gəncə “Asan Xidmət” Mərkəzində notariat kontorunda bağlanmış 15 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsinin, həmçinin DƏDRX-nin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi və mülkün əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma anasıdır, o, ünvan 1 ünvanda qeydiyyatda olmasına baxmayaraq hazırda ünvan 2vanda tək yaşayır. 2014-cü il tarixdə atası X2 ona zəng edərək pensiya məsələsi ilə bağlı əməliyyatların aparılması üçün etibarnamə verməyinin lazım olduğunu bildirmiş, o da işdən 2 saatlıq icazə almış, 1 saylı Gəncə ASAN xidmət mərkəzinin notariat ofisində xx.xx.2014-cü il tarixli etibarnamə vermiş və dərhal geri qayıtmışdır. İddiaçı qeyd edir ki, o, 2013-2015-ci illərdə Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə xidmətdə olduğu zaman atası onun vaxtının məhdudluğundan istifadə edərək atasına verdiyi etibarnamə əsasında babasından iddiaçıya vəsiyyətnamə əsasında keçən ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini Gəncə Asan Xidmət mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-127 reyestr nömrəli bağışlanma müqaviləsi ilə cavabdehə bağışlamışdır. İddiaçı 2019-cu ildə xidmətdən təxris olunduqdan sonra ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüş və Gəncə şəhərində müxtəlif fəaliyyətlə məşğul olaraq ailəsini dolandırmışdır. Həmin müddətdə ona məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumatı yox idi. 2020-ci il tarixdə atasının vəfatından sonra atasına verilən kompensasiya məbləğinin anasına verilməsi üçün övladların imtinasına zərurət yaranmışdır, həmin vaxtdan da ona məxsus olan mülkün özgəninkiləşdirilməsi barədə məlumatı olmuş və mülkün hansı qaydada anasının adına keçməsini sonradan öyrənmişdir. Ailəsinə olan güvəninə görə mülkün sənədlərini yoxlamaq ağlından belə keçməmişdir, buna baxmayaraq iddiaçı atasının vəfatından sonra ona verilən kompensasiyadan imtina etmiş, həmin məbləği yəni, 6500 manat pulu anası tək olaraq almışdır. İddiaçı əlavə edir ki, qeyd olunan əmlakın cavabdehin adına rəsmiləşdirilməsi barədə ona heç bir məlumat verilməmiş, əmlak onun hərbi hissədə olmağından istifadə edilərək, atasına verdiyi etibarnamə əsasında anasına bağışlanmış və həmin bağışlama müqaviləsi əsasında da xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, valideynlərinin dörd övladları var, ailədə 3 bacı 1 qardaşdırlar. Belə ki, bacılarının ailə qurmalarına, hər hansı əmlaka ehtiyacları olmamasına baxmayaraq, rəsmi olmasa da hər birinin ayrılıqda payları müəyyən edilmiş, iddiaçı atasının ruhuna hörmət olaraq həmin mülklərdən heç bir pay tələb etməmiş, bununla da babasının ona vəsiyyət etdiyi mülk iddiaçının verdiyi etibarnamə əsasında onun xəbəri olmadan atasından anasına bağışlama müqaviləsinə əsasən bağışlanmış və qeyd olunan əmlaka dair cavabdehin adına çıxarış tərtib olunmuşdur. Bacılarının biri mənzil, digər ikisi 15 sotdan ibarət torpaq sahəsi, anası isə ona məxsus olan fərdi yaşayış evinə sahib olmaqla iddiaçını öz evindən məhrum edirlər. Atasının mülkiyyətində olan əmlaklarda qanun üzrə vərəsə olmağına baxmayaraq onların heç birini istəmir, sadəcə babasından onun adına keçən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçıya geri qaytarılmasını istəyir. Ailəsinin mülkü mənimsəməklə iddiaçını və ailəsini evsiz qoymaq niyyətində olduğunu düşünür. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin məqsədi sadəcə olaraq həmin evi iddiaçının əlindən almaq olmuşdur. Bu səbəbdən də cavabdehin bu hərəkətlərinə görə və eləcə də qeyd olunan səbəblərdən bağlanmış bağışlama müqaviləsinin ləğv olunması arzusundadır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia ərizəsində qeyd olunan mübahisəli ev onun baba mülküdür, əmlakı babası 1997-ci ildə evi ona vəsiyyət etmişdir, 2001-ci ildə isə babası ölmüşdür. 2014-cü ildə Tovuzda hərbi xidmətdə olduğu zaman atasına etibarnamə vermiş, atası da onun adından evi anasına – cavabdehə bağışlamışdır. Sözügedən hadisədən atasının vəfatından sonra xəbəri olmuşdur, əmlak hazırda anasının adınadı. İddiaçı qeyd etdi ki, hərbçidir, hazırda ehtiyatdadır. Məhkəməyə müraciət etmək niyyəti olmasa da, anası ilə razılaşmağı mümkün olmadığı və anası ilə birgə yaşadığından tez-tez anasının onları evdən qovmağına görə məcbur olub, məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh, eləcə də iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə və üçüncü şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən vəkil sorğusuna cavab məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Gəncə “Asan Xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-127 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən Cavabdeh bağışlanmışdır. Qeyd edilən müqaviləyə əsasən Cavabdeh xx.xx.2015-ci il tarixli, **********12-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən onun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. 603294 nömrəli, 08 oktyabr 2014-cü il tarixli etibarnamədən görünür ki, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində İddiaçı tərəfindən X1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlaklari idarə etməyi, qanunla müəyyən olunmuş əqdləri, o cümlədən bağışlama müqaviləsini bağlamağı və s. səlahiyyətləri etibar etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının anasıdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının atasına - X1 verdiyi xx.xx.2014-cü il tarixli etibarnamə əsasında fərdi yaşayış evi sonuncu tərəfindən Gəncə “Asan Xidmət” Mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-127 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdehə bağışlanmışdır. Həmin ev xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə cavabdehin adına qeydə alınmışdır. İddiaçının bildirdiyinə görə atası X2 2020-ci ildə ölmüşdür. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, müqavilələrin ləğvi və etibarsızlığı mülki qanunvericilikdə ayrı-ayrı institutlar kimi müəyyən edilib. Bu tələblərin hər ikisi bağlanmış əqdin qüvvədən salınmasına yönəlsə də, əqd barəsində mübahisə etmək hüququna malik subyektlərin dairəsi, mübahisə etmə əsasları və qaydası, əqdin qüvvədən düşməsinin hüquqi nəticələri baxımından qeyd olunan institutlar biri-birindən ciddi fərqlənir. Mülki qanunvericilik müqavilənin ləğvinin məhkəməyədək xüsusi qaydasını müəyyən etdiyi halda əqdlərin etibarsızlığı ilə bağlı belə məcburi qayda müəyyən edilməmişdir. Əgər müqavilənin ləğvi mübahisənin hallarından asılı olaraq əsasən müqavilənin ləğvinədək yaranmış hüquq və vəzifələri aradan qaldırmırsa, barəsində mübahisə edilən etibarsız əqd bağlandığı andan etibarsız hesab olunur və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Hazırki iş üzrə iddia tələbində iddiaçı onun etibarnamə üzrə nümayəndəsi ilə cavabdeh arasında bağlanmış müqavilənin ləğvini xahiş edir və tələbini onunla əsaslandırır ki, həmin əqd onun adından verilmiş etibarnamədən istifadə edilərək onun xəbəri olmadan bağlanmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi müqavilənin ləğvi və etibarsızlığı ayrı-ayrı institutlar olduğundan və eyni əqd barəsində hər iki iddianın verilməsi istisna edilmədiyindən məhkəmənin müqavilənin ləğvi tələbi əsasında onun etibarsızlığına, yaxud müqavilənin etibarsızlığı tələbi əsasında onu ləğvinə qiymət vermək hüququ yoxdur. Belə qiymətləndirmə mahiyyətcə MPM-in 218.3-cü maddəsinə əsasən iddia tələbindən kənara çıxma olmaqla yanaşı, həm də iddiaçının eyni əqdi digər əsasla mübahisələndirmək hüququnun qarşısını almış olur. İddiaçı tələbində mübahisəli daşınmaz əmlakla bağlı bağlanmış bağışlama müqaviləsinin ləğvini xahiş etsə də, iddiasını əsasən həmin əqdin etibarsız olduğu barədə dəlillərlə əsaslandırmışdır. Belə olan halda iddiaçının mübahisələndirdiyi əqdlə bağlı hansı hüquqi nəticəni əldə etmək istədiyi sual yaratdığı üçün MPM-in 14.1-ci və 167-ci maddəsinin tələblərinə əsasən bu məsələ iddiaçı ilə müzakirə edilmiş və iddiaçının müqavilənin ləğvini xahiş etdiyi məlum olmuşdur. Odur ki, məhkəmə hazırki iddia tələbinə sözügedən müqavilənin ləğvi ilə bağlı maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda isə bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Mülki işin məhkəmə iclasında tədqiq olunmaqla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixli, 4Ə-127 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin əhəmiyyətsizliyinə təsir edən hal kimi həmin müqavilədən məlumatının olmadığını bildirsə də uzun müddət sonra həmin bağışlama müqaviləsinin ləğvini məhkəmədən xahiş etmiş, lakin həmin müqaviləni belə məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, həmin müqavilə məhkəməyə təqdim olunsa belə, iddiaçı istinad etdiyi müqavilənin ləğvinə əsas verən hər hansı dəlilə istinad etməmiş, bununla bağlı sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddiaçının daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi tələbi təmin edilməməlidir. İddia tələbi müqavilənin ləğvi hissəsində əsassız olduğundan ondan asılı olan digər tələblər - dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması tələbləri hissəsində də təmin oluna bilməz. Çünki iş materialları ilə müəyyən edilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ cavabdehin adına dövlət reyestrində qeydə alınmışdır. Həmin qeydiyyat üçün əsas olan əqd ləğv olunmadan və ya etibarsız hesab edilmədən mübahisəli əmlaka dair dövlət reyestrindən çıxarış ləğv oluna və əvvəlki vəziyyətinə qaytarıla bilməz. Yenə də, nəzərə alınmalıdır ki, baxılan iş üzrə iddiaçı mübahisəli əmlaka dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməmiş, məhkəmə baxışında da iddiaçı məhz müqavilənin ləğvini tələb etdiyini təsdiq etmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3360/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3360/2023
07.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver