Məhkəmə qərarları › İş №2(125)-3366/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3366/2024

01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3366/2024 01.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından doğulmuş övladları xx.xx.2019-cu il təvəllüdlü X2 onun himayəsində saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə sabit pul məbləğində hər ay 235 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu ildə Elcan adlı uşaqları anadan olmuşdur. Cavabdehlə nikahları məhkəmə qaydasında pozulmuşdur. 2 ildir ki, uşaq onun himayəsində olmaqla cavabdehlə ayrılmışdırlar. Bu müddət ərzində cavabdeh uşağın saxlanılması üçün nə maddi, nə də mənəvi cəhətdən heç bir köməklik göstərməmişdir. Uşaq böyüdükcə maddi tələbatları da artmışdır, buna görə də uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-6036/2023 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikahın pozulması və xx.xx.2019-cu ildə anadan olmuş X2 anası X1 yanında qalması qət edilmişdir. AZ-İ 466080 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2023-cü ildə Gəncə şəhər Qeydiyyat şöbəsində pozulmuşdur. AZ-İV 309278 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahalarından xx.xx.2019-cu ildə Elcan adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-00745 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 15:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərc İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 44 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin . İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 44 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar