Məhkəmə qərarları › İş №2(125)-3428/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3428/2025

04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3428/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 2.500 manat, cəmi 5.000 manat sabit pul məbləğində məbləğində alimentin mediasiyada iştirak üçün təklif məktubunun cavabdehə çatdırıldığı tarixdən yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X7 adlı iki uşaqları vardır. Cavabdehlə bir müddət münasibətləri yaxşı olsa da daha sonra münasibətləri pozulmuş, aralarında daimi mübahisələr yaranmışdır. Hal-hazırda o, övladları ilə birgə başqa ünvanda yaşayır. Lakin cavabdeh bir ata kimi məsuliyyətini dərk etmir və birgə nikahdan anadan olmuş uşaqların saxlanmasında ona hər hansı maddi dəstək göstərmir. Halbuki Cavabdeh maddi gəliri olduqca yaxşıdır. Belə ki, o, keçmiş hərbiçi kimi 1.500 manat məbləğində pensiya almaqla yanaşı sahibkarlıq fəaliyyəti ilə də məşğuldur. Aylıq gəliri isə 6.000 manat təşkil edir. Cavabdeh ********** VÖEN nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC-nin sahibdir. Bununla yanaşı mülkiyyətçisi başqa şəxs olsa da «Qazi Çörəyi» çörək sexi də faktiki olaraq Cavabdeh məxsusdur. O özü isə heç bir yerdə çalışmır. Rusiya Fedrasiyasına yerləşən universitetlərin birində təhsil alır və tələbədir. Birgə nikahdan anadan olmuş uşaqların maddi təminatlarını ödəməkdə olduqca çətinlik çəkir. Hesab edir ki, uşaqlar ən azı əvvəlki həyat təminat səviyyəsinə uyğun şəraitdə yaşamalı, maddi ehtiyacları qarşılanmalıdır. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində alimentin cavabdehdən xeyrinə tutulmasını istəyir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh «Vətən müharibəsi» iştirakçısıdır və dövlət tərəfindən ona təyin olunan pensiya məbləğinin böyük məbləğdə olan hissəsi onun müalicəsinə, dərmanlarına sərf olunur. Bundan başqa iddiaçı iddia etdiyi kimi «Qazi Çörəyi» çörək sexi Cavabdeh mülkiyyətində deyil. Bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da mövcuddur. Hesab edir ki, cavabdehin kifayət qədər maddi imkanı yaxşı vəziyyətdə olsa idi, sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinməzdi. Belə ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-103/2024 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Buna baxmayaraq Cavabdeh iddianı qismən qəbul edərək hər ay hər uşağın saxlanması üçün 200 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsinə razıdır. Sonda cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianın qismən təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və cavabdehin nümayəndəsini (vəkilini) dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ seriyalı, 830354 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2013-cü il tarixində 251 akt qeyd nömrəsi ilə Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı 240682 nömrəli və AZ-İV seriyalı, 072144 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Gəncə 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞG/MT033/2025-00252 nömrəli «ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi» barədə arayışdan görünür ki, İddiaçı «aliment» tələbi ilə Cavabdeh xx.xx.2025-ci il tarixdə təklif məktubu ilə müraciət etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron sistemdən xx.xx.2025-ci il tarixdə əldə olunmuş çıxarışdan görünür ki, X8 "xxxx" MMC-nin təsisçisidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-103/2024 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafisəi ilə» əlaqədar 3-cü qrup əlil olduğuna görə 400 manat məbləğində və 2-ci qrup əlil olduğuna görə 1.436 manat 46 qəpik məbləğində əmək pensiyası alır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 16(125)-107/2025 nömrəli qərardadından görünür ki, xx.xx.2025-ci il tarixdən Gəncə Şəhər Məhkəməsinin icraatında olan 2(125)- 3428/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,53 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun, cavabdehin hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment ödəməyə razılığını nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya orqanına təklif məktubu ilə müraciət etdiyinə görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(125)-107/2025 nömrəli qərardadı üzrə ödənilmiş aliment ödənişlərinin hesablanması zamanı nəzərə alınsın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar