Məhkəmə qərarları › İş №2(125)-3437/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3437/2023

24.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3437/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Abuzərova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin hər iki növünün təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 üçün müəyyən edilmiş 220 manat alimentin artırılaraq, həmin məbləğdən əlavə olaraq cavabdehin bütün qazanclarının və gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2017-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar.Birgə nikahlarından xx.xx.2018-ci ildə Nazir adlı uşaqları anadan olmuşdur. Cavabdeh tərəfindən zorakılığa məruz qaldığı üçün nikahları pozulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub ona verilməsi qət edilmişdir. Bu məbləğ 270 manat təşkil etmişdir. Ancaq cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti vermiş və şikayət təmin edilərək alimentin məbləği azaldılaraq cavabdehdən hər ay 220 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehin qazancı olduqca yaxşıdır. Mühafizəçi işləyir. Bundan başqa fərdi əməklə məşğuldur. Cavabdehlə barışmaq istəmədiyini, maaşının 300 manat olduğunu, həmçinin hər ay 200 manat məbləğində kredit ödədiyini qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, müharibə veteranıdır, xəstəlikdən əziyyət çəkir. Hazırda heç yerdə işləmir. Polis təqaüdçüsü olaraq aldığı təqaüddən 700 manat məbləğində kredit ödəyir. Aliment məbləği artılacağı təqdirdə müalicə xərclərini ödəyə bilməyəcəkdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-821/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-496/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-821/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞG/1-01069 nömrəli ilkin mediyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər mediyasiya prosesini davam etdirmək barədə qərar qəbul etməmişlər. İlkin mediyasiya sessiyasının keçirilməsi üçün 55 manat mediyasiya xərcini İddiaçı ödəmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi məşğulluq haqqında arayışından görünür ki, Cavabdeh işsiz kimi qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-821/2022 nömrəli qətnaməsi ilə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)- 496/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-821/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi alimentin tutulması hissəsində ləğv edilərək, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı isə təyin olunan aliment məbləğinin az olduğunu, cavabdehin qazancının daha yüksək olduğunu əsas gətirərək təyin olunmuş 220 manat alimentin artırılmasını, həmçinin cavabdehin bütün qazanclarının və gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına tələb etmişdir. Cavabdeh tərəf isə aliment təyin olunandan sonra gəlirlərində heç bir müsbət dəyişiklik olmadığını, hazırda heç yerdə işləmədiyini, xəstəlikdən əziyyət çəkdiyini, müalicə xərclərini belə çətinliklə qarşıladığını və artıq məbləğdə aliment ödəməyə maddi imkanının olmamasını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib tədqiq olunmuş sübutları araşdırıb hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunvericilik alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirmişdir. Lakin işin hallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aliment təyin olunduqdan sonra iddiaçı alimentin miqdarının artırılmasını, həmçinin alimentin cavabdehin bütün qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmasını tələb etməklə, cavabdehin əmlak vəziyyətində hər hansı bir dəyişiklik olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin hər iki növünün təyin edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar