Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3462/2025 20.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onu əsassız və qərəzli şəkildə işdən çıxartmağı ilə ona yaşatdığı mənəvi sarsıntıların və həyəcan, stress, əsəb gərginliyindən yuxusuz gecələrin kompensasiyası olaraq 4000 manat pulun cavabdehdən tutularaq ona təzminat qismində ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 05 sentyabr 2003-cü ildən, Gəncə şəhəri 39 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə iş fəaliyyətində heç bir qüsuru və nöqsanı olmamışdır. Müxtəlif orqan və təşkilatlar tərəfindən 27 (iyirmi yeddi) dəfə fəxri fərman və diplomlarla mükafatlandırılmışdır. İ Qarabağ müharibəsi veteranıdır. Eyni zamanda İİ Vətən Müharibəsi (79 gün) iştirakçısıdır. Təxminən 24 noyabr 2021-ci il tarixdən başlayaraq çalışdığı 39 nömrəli məktəbin direktoru olan cavabdeh davamlı olaraq onunla qərəzli və prinsipial davranış nümayiş edərək, düşmənçilik mövqeyi göstərərək ona olan işgüzar münasibəti tam dəyişmişdir. Aralarında baş verən mübahisəyə səbəb onun dərs dediyi 10 və 11-ci sinif şagirdlərinin konkret dərsə gəlməməsi və onun bu şagirdlərə məktəbin sinif jurnalında qayıb yazmağı olmuşdur. Direktor olan cavabdeh onu tezliklə işdən çıxaracağı ilə hədələyərək, məktəbin qadın müəllimlərindən istifadə edərək, kiminə əlavə dərs saatı verməyini, kiminə sinif rəhbərliyi verməyini söz verərək onların vasitəsi ilə sənədləri saxtalaşdıraraq 1 aprel 2022-ci il tarixli, 188 nömrəli əmrlə onu 70-ci maddənin “ç” bəndi ilə işdən çıxartmışdır. Bilərəkdən, Gəncə təhsil sistemində məktəbin pedoqoji kollektivi arasında, şəhər ictimaiyyəti çərçivəsində, onun barəsində qarayaxma kompaniyası apararaq bacardığı qədər onu nüfuzdan salmış, haqqında xoşagəlməz mənfi fikirlər formalaşdırmış və keçirilən məhkəmələrdə vəzifəsindən sui-istifadə edərək tabeliyində olan bəzi qadın müəllimləri onun üzünə durmağa məcbur edərək, bilərəkdən onu beş məhkəmə instansiyalarından keçirərək qəsdən işə bərpa prosesini ləngitmişdir. Buna baxmayaraq dövlətin ədalətli məhkəmələri yekunda məktəb direktoru olan cavabdehin haqsız, onun isə haqlı olduğunu sübut edərək son və həlledici qərar çıxartmışlar. Bununla da, 14 noyabr 2024-cü il tarixdə 970 nömrəli əmrlə o, yenidən əvvəlki işinə bərpa olunmuşdur. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi sözügedən məhkəmə prosesləri, məktəb direktoru olan cavabdehin vəzifə səlahiyyətlərini aşma və vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni əməllərini tam şəkildə aşkara çıxartmışdır. Əsassız və qərəzli olaraq işdən çıxarıldıqdan sonra dərin mənəvi sarsıntılar, həyəcan, stress və əsəb gərginlikləri keçirmişdir. Həmin hadisələr olmazdan əvvəl o (Bay pas) açıq ürək əməliyyatı keçirmişdir. Ürəyində beş damar dəyişdirilib. Bununla bağlı ona konkret olaraq, daxili gərginlik, əsəbləşmək, həyəcan və stress keçirmək olmazdı Ancaq cavabdeh onun səhhətini, fiziki cəhətdən sağlamlığını, hətta ailəsinin dolanışığını belə təhlükə altında qoymuşdur. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və bildirdi ki, 19 il müddətində Gəncə şəhəri 39 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə iş fəaliyyətində heç bir qüsuru və nöqsanı olmamışdır. Müxtəlif orqan və təşkilatlar tərəfindən 27 (iyirmi yeddi) dəfə fəxri fərman və diplomlarla mükafatlandırılmışdır. Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin direktoru olan cavabdeh öz şəxsi ambissiyalarından istifadə edərək onu qanunsuz və əsassız olaraq saxta sənədləşmə ilə işdən çıxartmışdır. Buna görə məhkəməyə müraciət etmiş, 8 ay davam edən məhkəmə iclasları dövründə məktəb direktoru iclaslara gəlməmişdir. Məhkəmələr tərəfindən sonda onun xeyrinə qətnamə çıxarılmışdır. Həmin dövr ərzində dörd dəfə vəkil tutmuş, hər vəkil üçün 1000 manat xidmət haqqı ödəmişdir. Kəskin ürək çatmamazlığından əziyyət çəkir. Keçirdiyi mənəvi sarsıntılar, həyəcan, stress və əsəb gərginliklər nəticəsində üç dəfə açıq ürək əməliyyatı olunmuşdur. Bunu təsdiq edən epikrizi də var. Məktəb direktorunun qanunsuz əməlləri nəticəsində ondan sonra başqa müəllimlər də işdən azad olunmuşdur. Hazırda tələb etdiyi pulu keçirdiyi mənəvi sarsıntıların əvəzində tələb edir. Həm birinci, həm də ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Cavabdeh qəsdən Gəncə təhsil sistemində, məktəbin pedoqoji kollektivi arasında, şəhər ictimaiyyəti çərçivəsində, onun barəsində qarayaxma kompaniyası apararaq bacardığı qədər onu nüfuzdan salmışdır. Cavabdehin əməlləri nəticəsində ərizə yazaraq yerini Gəncə şəhəri 34 nömrəli tam orta məktəbə dəyişmişdir, hazırda həmin məktəbdə daha az əməkhaqqı alır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçıya heç bir ziyan vurmamışdır, iddiaçı işindəki nöqsanlara görə 2022-ci ildə vəzifəsindən azad olunmuş, bununla bağlı aralarında məhkəmə mübahisəsi olmuş, məhkəmə qətnaməsi ilə iddiaçının işdən çıxarılması barədə əmr ləğv edildikdən sonra qətnamə icra edilərək iddiaçı maneəsiz işinə bərpa edilmiş, hətta ona təxminən 20000 manat məbləğində kompensasiya ödənilmişdir. Sonradan seçkilərdə iştiraka cəlb olunduğu üçün onu məktəbdə təşkilatçı müavin Alim müəllim əvəz etmiş, iddiaçıya Alim müəllim tərəfindən töhmət və şiddətli töhmət verilmişdir. Cavabdeh özü ərizə yazaraq yerini Gəncə şəhəri 34 nömrəli tam orta məktəbə dəyişmişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ******* nömrəli, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən 1968-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 79-112 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Qarabağ müharibə veteranıdır. Əsas Qarabağ müharibəsi iştirakçısının MV-002567 nömrəli vəsiqəsidir. İddiaçı məxsus həmin vəsiqə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən 1968-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, 79-113 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhəri Kəpəz Rayon Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə toplantı ilə əlaqədar göndərilmişdir və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin 157-ci maddənin “b” bəndinə əsasən (xəstəliyə görə) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıb. Əsas 7201 nömrəli şəxsi işdir. İddiaçı məxsus MN seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli şəxsi vəsiqə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan, Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin xx.xx.2022-ci il tarixli, 188 nömrəli “əmək müqaviləsinin ləğvi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı - məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllimi ilə bağlanmış əmək müqaviləsinin 01 aprel 2022-ci il tarixdən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ləğv edilməsi, sonuncu haqqhesabın ödənilməsi, İddiaçı öhdəsində olan inventarların təhvil-təsliminin məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2 və məktəbin fiziki tərbiyə müəllimi X3 həvalə edilməsi əmr edilmişdir. Əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, məktəbin X5 Komitəsinin 16 mart 2022-ci il tarixli 11 nömrəli protokolundan çıxarış qeyd edilmişdir. Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 970 nömrəli “işə bərpa barədə” əmrindən görünür ki, həmin əmrlə məktəbin 01 aprel 2022-ci il tarixli 188 nömrəli əmrinin qüvvədən düşmüş hesab edilməsi, İddiaçı məktəbin sabiq gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəlliminin 14 noyabr 2024cü il tarixdən əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi əmr edilmişdir. Əsas kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin 04 noyabr 2024-cü il tarixli A.C 324775/24 nömrəli məktubu və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin 07 noyabr 2024-cü il tarixli 31(1)-102 nömrəli məktubu qeyd edilmişdir. İş materiallarına İddiaçı məxsus 098605 nömrəli əmək kitabçasının surəti əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən “X1” həkimi, ürək-damar cərrahı Sərxan Həsənov tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, 75545/39369 nömrəli epikrizdən görünür ki, iddiaçı “miokardın kəskin subendokardial infarktı” və “essensial (birincili) hipertenziya” diaqnozu ilə xx.xx.2019-cu ildə “koronar angioqrafiya (selektiv sağ-sol koronar) (yerli anestezi ilə 1 gün stasionarda yatış”, xx.xx.2019-cu ildə “aorta koronar şuntlama (ora risk)” və xx.xx.2019-cu ildə “yara yeri debridmanı” əməliyyatları olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2(125)-865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin xx.xx.2022-ci il tarixli 188 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-781/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(125)-865/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbinə qarşı 01 aprel 2022-ci il tarixli 188 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi işə buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının ona ödənilməsinə dair iddiası təmin edilməmiş, mediasiya xidmətinə görə ödənilmiş xərc iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3324/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(104)-781/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-206/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Gəncə şəhəri X8 adına 39 nömrəli tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(125)-865/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2458/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-206/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehin onu əsassız və qərəzli şəkildə işdən çıxartmağı ilə ona yaşatdığı mənəvi sarsıntıların və həyəcan, stress, əsəb gərginliyindən yuxusuz gecələrin kompensasiyası olaraq 4000 manat pulun cavabdehdən tutularaq ona təzminat qismində ödənilməsini tələb edir və bildirir ki, əsassız və qərəzli olaraq işdən çıxarıldıqdan sonra dərin mənəvi sarsıntılar, həyəcan, stress və əsəb gərginlikləri keçirmişdir. Həmin hadisələr olmazdan əvvəl o (Bay pas) açıq ürək əməliyyatı keçirmişdir. Ürəyində beş damar dəyişdirilib. Bununla bağlı ona konkret olaraq, daxili gərginlik, əsəbləşmək, həyəcan və stress keçirmək olmazdı. Ancaq cavabdeh onun səhhətini, fiziki cəhətdən sağlamlığını, hətta ailəsinin dolanışığını belə təhlükə altında qoymuşdur. Cavabdeh isə tələbə etiraz edərək bildirir ki, iddiaçıya heç bir ziyan vurmamışdır, iddiaçı işindəki nöqsanlara görə 2022-ci ildə vəzifəsindən azad olunmuş, bununla bağlı aralarında məhkəmə mübahisəsi olmuş, məhkəmə qətnaməsi ilə iddiaçının işdən çıxarılması barədə əmr ləğv edildikdən sonra qətnamə icra edilərək iddiaçı maneəsiz işinə bərpa edilmiş, hətta ona təxminən 20000 manat məbləğində kompensasiya ödənilmişdir. Cavabdeh özü ərizə yazaraq yerini Gəncə şəhəri 34 nömrəli tam orta məktəbə dəyişmişdir. Göründüyü kimi, iddiaçının cavabdehin direktrou olduğu Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbdə əvvəllər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri və müəllim vəzifəsində işləməsi, məktəbin xx.xx.2022-ci il tarixli, 188 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin 01 aprel 2022-ci il tarixdən ləğv edilməsi, Gəncə Şəhər Məhkəməsinin 2(125)-865/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Gəncə şəhəri, M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin xx.xx.2022-ci il tarixli 188 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı mənəvi ziyanın ödənilməsini “əmək müqaviləsinin ləğvi barədə” əmrlə əlaqələndirdiyi uçun mübahisəyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəaları əsasında baxılmalı və qiymət verilməlidir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 4-cü hissəsində intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsinin yolverilməz olduğu imperativ olaraq müəyyən edilmişdir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsində isə əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə işəgötürənin maddi məsuliyyət daşıması nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində isə göstərilir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Qeyd edilən müddəadan da göründüyü kimi, əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə işəgötürənin məsuliyyətinin yaranması üçün qeyd edilən müddəada sadalanan şərtlərin olması vacibdir. İddiaçının “əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” barədə xx.xx.2022-ci il tarixli, 188 nömrəli əmrdə isə onun şərəf və ləyaqətinin ləkələyən, alçaldan, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması xarakterli ifadələrin işlədilməsi, habelə, iddiaçının mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan hər hansı əməllərin və hərəkətlərin olması müəyyən olunmur. Bundan başqa, iddiaçı əmrin verilməsi ilə ona mənəvi ziyan dəyməsinə səbəb olmuş sarsıntıların, yaxud keçirdiyi iztirabların nədən ibarət olmasını iddia ərizəsində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndində qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələri). Qeyd olunan müddəalardan da göründüyü kimi, sübutlar işin məhkəmədə hərtərəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmədə mülki işin başlaması üçün fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməsi kifayətdir (MPM-nin 5.1-ci maddəsi). Lakin mülki işin məhkəmədə hərtəfli araşdırılması və məhkəmənin düzgün nəticəyə gəlməsi sübutlarsız mümkün deyil. İddianı irəli sürən, yaxud iddiaya qarşı etiraz edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (MPM-nin 77.1-ci maddəsi). Göründüyü kimi, iddiaçı ona mənəvi zərər dəydiyini, yaşadığı mənəvi zərərə görə ona pul formasında təzminat ödənilməsini tələb etsə də, dəymiş mənəvi zərərin, bu zərərin dəyməsində cavabdehin təqsirinin nədən ibarət olduğunu mötəbər dəlillərlə əsaslandırmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi ilə bağlı halları sübut edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddiaçı müharibə veteranıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3462/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3462/2025
20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver