Məhkəmə qərarları › İş №2(125)-3473/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3473/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3473/2024 27.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən qızıl əşyalarının və ya onların ümumi dəyəri olan 21650 manatın və ödənilmiş 155 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin oğlu Qurbanov Vüsal ilə 2011-ci ildə ailə qurmuşdur. Həyat yoldaşı Qurbanov Vüsal narkotik istifadəçisi olduğundan dəfələrlə evdən nələrsə oğurlayıb satmışdır, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı da onun narkoman olmasından və evdəki əşyaları satmasından ehtiyatlanaraq ona məxsus olan qızıl əşyalarını saxlamaq üçün qayınanası olan cavabdehə vermişdir. Qayınanası da həmin qızıl əşyalarını qaynatası Nümayəndə məxsus olan seyfdə saxlayırdı. Qaynatası Nümayəndə ilə aralarında tez-tez mübahisə olmuş, sonuncu dəfə 2020-ci ilin 16-17 dekabr tarixində aralarında kəskin mübahisə olmuş, Nümayəndə “102” xidmətinə zəng edərək onu evdən çıxarmışdır. Həmin zaman ona məxsus olan bütün əşyalar, o cümlədən qızıl-zinət əşyaları həmin evdə qalmışdır. O yalnız kiçik pul qabını götürərək polislə birlikdə evdən çıxmışdır. Ona məxsus aşağıdakı qızıl-zinət əşyaları hazırda cavabdehdədir və cavabdeh həmin əşyaları ona verməkdən imtina edir: Dəyəri 2000 manat olan 1 ədəd brilyant komplekti 583 əyarlı, dəyəri 2200 manat olan 1 ədəd qolbağı brilyant 583 əyarlı, dəyəri 600 manat olan 1 ədəd qızıl boyunbağı 750 əyarlı, dəyəri 1000 manat olan 1 ədəd brilyant klon, dəyəri 1000 manat olan 1 ədəd qızıl 5 qaş nişan üzüyü, dəyəri 800 manat olan 1 ədəd tək qaş ağ qızıl üzük (ümumilikdə 7600 manat), evlilik müddətində onun özü tərəfindən alınan qızıl-zinət əşyaları: dəyəri 500 manat olan briliyant 583 əyarlı üzük, dəyəri 550 manat olan qızıl sırğa 585 əyar 7,8 qram, dəyəri 320 manat olan qızıl boyunbağı 585 əyar, dəyəri 200 manat olan qızıl açar formalı klon, dəyəri 220 manat olan qızıl balıq formalı klon, dəyəri 200 manat olan qızıl nazik boyunbağı, dəyəri 2300 manat olan qızıl komplekt 23 qram 750 əyarlı, dəyəri 150 manat olan qızıl klon balaca, dəyəri 250 manat olan qızıl yantar klon, dəyəri 500 manat olan briliyant sırğa, dəyəri 1500 manat olan qızıl bilərzik 15 qram - 750 əyar, dəyəri 600 manat olan qızıl yantar üzük 550 əyar, dəyəri 200 manat olan qızıl nazik balaca tək qaş üzük, dəyəri 600 manat olan briliyant tək qaş üzük, dəyəri 600 manat olan briliyant gül formalı üzük, dəyəri 500 manat olan tək qaş briliyant üzük, dəyəri 800 manat olan briliyant mirvari üzük, dəyəri 700 manat olan briliyant saat, dəyəri 140 manat olan 2 ədəd qızıl qolbağı (göy-qırmızı), dəyəri 1000 manat olan qızıl onluq, dəyəri 800 manat olan tək qaş iri qaşlı sibir briliyantı üzük, dəyəri 100 manat olan nazik 585 əyarlı üzük, dəyəri 120 manat olan rus qızılı halqa, dəyəri 1000 manat olan komplekt, dəyəri 200 manat olan nazik üzük (ümumilikdə 14050 manat məbləğindədir). Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdeh onun keçmiş qayınanası, cavabdehin nümayəndəsi isə onun keçmiş qayınatasıdır. Qayınatası əvvəllər polis işçisi olmuşdur. O, cavabdehin oğlu Qurbanov Vüsal ilə el adəti ilə toy edərək ailə qurmuş və onların nikahı 2011-ci ildə rəsmiləşdirilmişdir. Ailə qurduqdan sonra onlar cavabdehə məxsus Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev pr. 586 ünvanında yaşamışlar. Onun keçmiş əri oğurluğa görə həbs edilmiş və 1-2 dəfə qızıl oğurlamışdı, o, da ehtiyat edərək özünə məxsus qızılları saxlaması üçün cavabdehə, yəni onun keçmiş qayınanası Akifə vermiş, cavabdeh də onun qızıllarını keçmiş qaynatasına məxsus seyfə qoymuşdur. Bundan əvvəl də keçmiş qayınatasını cavabdeh qismində qoyaraq qızıl zinət əşyaları və əmlak tələbinə dair məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Nümayəndə 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə 20 (iyirmi) manatın alınaraq ona ödənilməsi qət edilmişdir. Bu zaman iddia tələbində keçmiş qayınatasına məxsus evdə yaşadığı müddətdə, 2017-ci il ərzində evi əsaslı təmir etdirdiyi üçün həmin məbləği də tələb etmişdir. Keçmiş qayınatası ilə sonuncu dəfə 2020-ci ilin 16-17 dekabr tarixdə kəskin mübahisə olmuş, keçmiş qayınatası onu öz evindən qovmuş və hətta onun evdən çıxarılması üçün “102 Qaynar Xətti”nə müraciət etmiş, ərazi üzrə polis əməkdaşları gəlmiş, polis əməkdaşlarının təklifi ilə o, keçmiş qayınatasının evindən çıxmışdır. Onun keçmiş qayınatası ilə kəskin mübahisəsinin nəticəsində evdən qovulduğu vaxt anası da orada olmuş, bu zaman nəinki ona evlilik zamanı və evlilikdən sonra hədiyyə edilmiş, öz qazancı ilə aldığı qızıl-zinət əşyalarını, hətta uşaqlarına məxsus paltarları da özü ilə götürə bilməmişdir. Həmin məhkəmə iclasında evi təmir edən ustalar, həmçinin keçmiş qayınatası tərəfindən dəvət edilmiş polis əməkdaşı Emin Əmirov şahid qismində dindirilmişdir. Həmin qətnamədən nümayəndəsi vasitəsilə apellyasiya şikayəti versə də, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı onun keçmiş gəlinidir, o və cavabdeh ümumiyyətlə iddiaçının qızılları ilə maraqlanmamış, hansı qızıllarının olduğunu və harada saxladığını bilməmişlər. İddiaçı izahatında qızılları onun arvadı, cavabdeh Gülnarəyə verdiyini bildirir, halbuki ümumiyyətlə iddiaçı evdən gedərkən qızılları özü ilə aparmışdır. Onun özünə məxsus kiçik seyfi olmuş, həmin seyfdə isə o, sadəcə evin sənədlərini saxlamışdır. Bundan başqa, iddiaçı onun evində qəsdən səs-küy saldığı üçün onlar “102 xidməti”nə məlumat vermişlər, onlara gələn polis əməkdaşlarının müşayəti ilə iddiaçı və anası evdən çıxmış, evdən gedərkən bir neçə əşyasını və qızılları da özü ilə aparmışdır. Əvvəlki mülki iş üzrə keçirilmiş məhkəmə iclasında onun tərəfindən dəvət edilmiş polis əməkdaşı Emin Əmirov şahid kimi dindirilərkən iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu bildirmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində qızıl-zinət əşyaları ilə birlikdə çəkilmiş bəzi fotoşəkillərini əlavə etmişdir. İş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 1316/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə ilə X8 və X11 arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 15 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X1 anasının yanında saxlanması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinik yaşına çatanadək saxlanmaları üçün X6 xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Nümayəndə qarşı əmlak və pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Nümayəndə evin təmirinə çəkilmiş xərcin yarısı olan 2943 (iki min doqquz yüz qırx üç) manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə 20 (iyirmi) manatın alınaraq iddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə, yəni qızıl-zinət və cehiz əşyaları tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 nümayəndəsi vəkil X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2023 saylı iş üzrə 08 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qeyd edilən müddəada ər-arvadın hər birinin əmlakının əldə edilməsinin hüquqi əsasları dəqiq göstərilmişdir. Ümumiyyətlə, ər-arvadın ayrıca mülkiyyəti hesab edilən əmlakı əldə edilmə vaxtına (nikahdan əvvəl və ya sonra) və əldə olunma əsaslarına (hədiyyə şəklində verilmiş, vərəsəlik və ya əvəzsiz olaraq keçmiş) görə iki qrupa bölmək olar. Həmçinin, adı çəkilən müddəa bir mənalı şəkildə əldə olunma vaxtından asılı olmayaraq ər-arvadın hər birinə hədiyyə şəklində verilən əmlakı onların ayrıca mülkiyyətinə aid etmişdir. İşin halları ilə müəyyən edilir ki, cavabdeh iddiaçının keçmiş ərinin anasıdır, iddiaçı iddia edir ki, onunla cavabdehin oğlu ailə həyatı qurarkən iddiaçıya hədiyyə olaraq qızılzinət əşyaları alınmışdır. Həmçinin, tələb etdiyi 31 adda qızıl-zinət əşyasının bir hissəsini öz şəxsi vəsaiti ilə özü üçün almışdır. Göründüyü kimi, iddiaçı hazırkı mülki iş üzrə cavabdeh olan qaynanasından ona hədiyyə kimi alınan və öz şəxsi vəsaiti hesabına aldığı, ümumi dəyəri 21650 manat olan 31 adda qızıl-zinət əşyasını tələb edir. İddia ərizəsində qeyd edilən 31 adda qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı iddiaçı sübut qismində yalnız müxtəlif vaxtlarda çəkdirdiyi fotoşəkillərini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında həmin fotoşəkillər tədqiq edilmiş və 12 adda qızıl zinət əşyasının:

1. Dəyəri 2000 manat olan 1 ədəd brilyant komplekti, 583 əyarlı;

2. dəyəri 2200 manat olan 1 ədəd brilyant qolbağı, 583 əyarlı;

3. dəyəri 500 manat olan briliyant üzük, 583 əyarlı;

4. dəyəri 550 manat olan qızıl sırğa, 585 əyarlı, 7,8 qram;

5. dəyəri 220 manat olan qızıl balıq formalı klon;

6. dəyəri 200 manat olan qızıl nazik boyunbağı;

7. dəyəri 2300 manat olan, 750 əyarlı, 23 qram qızıl komplektin sırğa və üzüyü;

8. dəyəri 1500 manat olan qızıl bilərzik, 15 qram, 750 əyarlı;

9. dəyəri 600 manat olan briliyant gül formalı üzük;

10. dəyəri 700 manat olan briliyant saat;

11. dəyəri 100 manat olan nazik 585 əyarlı üzük və

12. dəyəri 200 manat olan nazik üzüyün mövcud olduğu müəyyən edilmişdir. Bununla belə, iddiaçı tələb etdiyi 31 adda qızıl-zinət əşyalarının cavabdehdə olduğunu iddia edir və dəlilini onunla əsaslandırmışdır ki, keçmiş ərinin evdəki əşyalarını satmasından ehtiyatlanaraq həmin qızıl əşyalarını saxlaması üçün cavabdehə vermişdir və cavabdeh həmin əşyaları qaynatası Nümayəndə məxsus seyfdə saxlayırdı. Cavabdeh tərəf izahatında tələb edilən və ərizədə qeyd edilən 31 adda qızıl-zinət əşyalarının onda olmadığını, harada olmasından xəbərinin olmadığını, ümumiyyətlə iddiaçının nə qədər qızıl zinət əşyasının olduğundan məlumatının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, mülkiyyətçinin öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı dispozitiv şərtlərin olması vacibdir: 1) əmlakın mülkiyyətçiyə məxsus olması, 2) əmlakın başqa şəxsin sahibliyində olması və 3) sahibliyin qanunsuz olması. Yalnız hər üç dispozitiv şərtin birlikdə mövcud olması mülkiyyətçini MM-nin 157-ci maddəsində nəzərdə tutulan iddianı irəli sürməyə imkan verir. Birinci dispozitiv şərtin olması, yəni iddiaçıya hədiyyə kimi verilmiş, eləcə də şəxsi vəsaiti hesabına iddiaçının özü üçün aldığı, ərizədə qeyd edilən 31 adda qızıl-zinət əşyalarının bir hissəsinin, yəni 12 adda qızıl-zinət əşyasının mövcud olması işin materialları ilə təsdiq olunur. Lakin digər əşyaların mövcudluğunu iddiaçı sübuta yetirə bilməmişdir. Bununla yanaşı, iddiaçı ikinci dispozitiv şərtin mövcud olmasını, yəni özünə məxsus, 12 adda qızıl-zinət əşyalarının cavabdehdə olmasını iddia etsə də, bu dəlilinin əsaslarını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı ona məxsus 12 adda qızıl-zinət əşyalarının hazırda cavabdehdə olması ilə bağlı sübutlarını, eləcə də tələb etdiyi digər qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı sübutlarını təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, sözügedən qızıl-zinət əşyalarını iddiaçı əvvəlcə qaynatasından tələb etmiş, həmin iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırda iddiasının əsası kimi Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş, həmin, 2(125)-171/2023 nömrəli mülki iş üzrə dindirilmiş şahid ifadələrinə istinad edir. Həmin mülki iş üzrə məhkəmə müəyyən etmişdir ki, məhkəmə iclasında dəvət edilmiş polis əməkdaşı Emin Əmirov şahid kimi dindirilərkən iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu bildirmiş, lakin həmin çantanın içərisində nələrin olması barədə məlumatı olmamışdır. Həmçinin, iddiaçı özü də evdən çıxdıqdan sonra cehiz əşyalarının bir hissəsini apardığını etiraf etmişdir. Belə olan halda cehiz əşyalarının əksəriyyətinin iddiaçının özündə olduğu halda, 4-5 adda əşyanın cavabdehin evində qalması inandırıcı deyildir. Bundan başqa, iddiaçıya məxsus qızılların və bəzi cehiz əşyalarının cavabdehdə olduğu halda iddiaçının 2020-ci ilin dekabr ayında evdən çıxdıqdan 1 il ərzində həmin əşyaları tələb etməməsi, bununla bağlı məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etməməsi iddiaçının dediklərini şübhə altına alır. Məhkəmə hazırkı iş üzrə qeyd etməyi zəruri hesab edir ki, istinad edilən, polis işçisi olan şahidin iddiaçının öz istəyi ilə evdən çıxan zaman əlində sadəcə əl çantası olduğunu, lakin həmin çantanın içərisində nələrin olması barədə məlumatının olmadığını bildirməsi özü-özlüyündə sözügedən qızıl-zinət əşyalarının birmənalı olaraq hazırkı iş üzrə cavabdehdə qalmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Əvvəla ona görə ki, həmin mülki iş üzrə tərəflər ayrı şəxslərdir və qeyd edilən iş üzrə müəyyən edilmiş hallar hazırkı mülki iş üzrə hər hansı preyudisial xarakter daşımır, digər tərəfdən həmin şahidin qeyd etdikləri halın mövcudluğu hələ sözügedən qızıl-zinət əşyalarının hazırkı iş üzrə cavabdehdə qaldığını birbaşa təsdiq edən dəlil deyil. Başqa sözlə, sözügedən qızılların məhz hazırkı iş üzrə cavabdehdə qaldığı hər hansı sübutla təsdiq edilmir. Digər tərəfdən, iddiaçı sözügedən qızıl-zinət əşyalarını gah qaynatasından, gah da qaynanasından tələb etməsində məqsədinin nədən ibarət olmasını hər hansı mötəbər dəlillə əsaslandıra bilmir. Beləliklə, hazırki işin materiallarından iddia tələbini təşkil edən qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasını müəyyən etmək mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, formal mülahizələr əsasında, yalnız ehtimalları rəhbər tutmaqla iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarının cavabdehdə olması qənaətinə gəlmək hüquqi müəyyənlik prinsipinə ziddir. Məhkəmə həmçinin, hesab edir ki, iddianın uğurlu olması üçün yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olmaması, prosessual qənaət prinsipi baxımından, üçüncü dipozitiv şərtin araşdırılması zərurətini aradan qaldırmış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM-in 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və ona məxsus qızıl-zinət əşyalarının cavabdehdə olmasına dair hər hansı mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar