Məhkəmə qərarları › İş №2(125)-3590/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3590/2024

18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3590/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin və ödənilmiş 55 manat mediasiya xərcinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2014-cü ildə el adəti ilə evlənib ailə həyatı qurmuşlar, birgə nikahdan bir uşaqları – 18 yanvar 2017-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə ailə qurduqları ilk vaxtlar ailə münasibətləri normal olsa da, sonradan ailələrində olan normal münasibətlər pozulmuşdur. Cavabdehlə birgə nikahından olan uşaq onun himayəsindədir. Cavabdehlə ayrıldıqları bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış, uşağına maddi və mənəvi yardım göstərməmişdir. O, övladının saxlanılmasına maddi cəhətdən çətinlik çəkir. Tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq azyaşlı uşaqları ilə bağlı məhkəməyə gələ bilmədiyi üçün onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3763/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası üzrə mülki işə baxılmış, iddia təmin edilərək tərəflər arasında 01 sentyabr 2014-cü il tarixli Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsində 502 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 anasının yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hazırkı iş üzrə cavabdehdən sabit pul məbləğində 154 manat miqdarında alimentin alınaraq hazırkı iş üzrə iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar İbrahimovun “icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, tələbkar Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızı xx.xx.2022-ci il tarixdə ərizə ilə İdarəyə müraciət edərək tələbkar olduğu aliment tələbinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3763/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılmasını xahiş etdiyindən icra sənədi Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. Görünüdüyü kimi, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3763/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvədədir. Hazırda iddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 18 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Halbuki, MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, MPM-in 261.0.2-ci maddəsinin mənasından da göründüyü kimi, həmin maddədə iş üzrə ərizənin məhkəmənin icraatına qəbul edilməsindən imtina üçün 3 şərt müəyyən edilmişdir. 1. Mübahisənin eyni tərəflər (cavabdeh və iddiaçı) arasında olması; 2. Mübahisənin eyni predmetlə bağlı olması; 3. Hər iki (əvvəlki və sonrakı) mübahisənin əsaslarının eyni olması. İşin hallarından da göründüyü kimi, əvvəlki və hazırki mübahisə üzrə tərəflər – iddiaçı Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızı və Cavabdeh eynidir. Həm əvvəlki mübahisə üzrə, həm də yeni mübahisə üzrə mübahisə predmeti eynidir, yəni hər iki iddia tələbi 18 yanvar 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulmasıdır. Nəhayət, hər iki mübahisə üzrə iddia tələbinin əsası da eynilik təşkil edir. Həmçinin, aliment tələbinin davam edən münasibətlər olduğu nəzərə alınmaqla qeyd edilməlidir ki, iddiaçı alimentin dəyişdirilməsi (azaldılması və ya artırılması) barədə iddia ilə deyil, yenidən eyni əsasla, yəni heç bir yeni əsas gətirmədən alimentin tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, həm Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3763/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi üzrə, həm də hazırkı iddia üzrə tərəflər iddiaçı Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızı və Cavabdeh eynidir, mübahisənin predmeti eynidir, həm də mübahisənin əsası (xarakteri) eynidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə mübahisə ilə bağlı başqa bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddiaçı Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızı və Cavabdeh arasında eyni predmet barəsində eyni əsaslarla mübahisəyə təkrarən baxıla bilməz. Odur ki, icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bununla belə, məhkəmə prosessual qənaət prinsipi baxımından izah edir ki, Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızının Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3763/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən müvafiq icra qurumuna və ya məhkəməyə müraciət etmək hüququ mövcuddur. Belə ki, “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Əsədullayeva (İbrahimova) Nəsibə Vadim qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar