Məhkəmə qərarları › İş №2(125)-3720/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3720/2025

12.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3720/2025 12.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehn qarşı «aliment məbləğinin dəyişdirilərək azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quliyev X6 Nigar İbad qızına qarşı Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-152/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(052)-16/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,48 misli həddində sabit pul məbləğində aliment miqdarının və xx.xx.2011ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,16 misli həddində əlavə xərcin dəyişdirilərək hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-152/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(052)-16/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,48 misli həddində sabit pul məbləğində aliment miqdarının azaldılaraq hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat həddində müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı onun oğludur. Belə ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X19 adlı iki uşaqları anadan olmuşdur. Daha sonra onlar arasında olan ailə münasibətləri bərpa olunmayacaq dərəcədə pozulduğundan məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikaha xitam verilmiş, birgə nikahdan anadan olmuş uşaqların analarının yanında saxlanması və həmin uşaqların saxlanması üçün sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sonuncu 2020-ci il tarixdə məhkəməyə «alimentin və əlavə xərcin» artırılması tələbi ilə müraciət etmiş Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-152/2020 nömrəli qətnaməsinə əsasən Naftalan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(052)-45/2013 nömrəli və xx.xx.2015-ci il tarixli, 2(0525)-249/2015 nömrəli qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat və xx.xx.2011-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar əlavə xərc qismində 40 manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Daha sonra Cavabdeh alimentin məbləğinin indeksasiya edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(052)-16/2025 nömrəli qərardadına əsasən Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)- 152/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği və X5 xəstəliyi ilə bağlı əlavə xərclərə görə müəyyən olunmuş pul məbləği indeksasiya olunmuş, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,48 misli həddində sabit pul məbləğində alimentin və xx.xx.2011-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,16 misli həddində əlavə xərcin İddiaçı Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Bu isə cavabdehin 450 manat təşkil edən aylıq gəlirindən də yüksək məbləğ edir. Bütün bunlarla yanaşı İddiaçı xx.xx.2015-ci il tarixdə X3 ilə nikahlarını qeydə aldırmışlar. Onun bu nikahdan da xx.xx.2016-cı il tarixdə anadan olmuş X15, xx.xx.2018-ci il tarixdə anadan olmuş X16 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X18 adlı üç uşaqları vardır. İkinci nikahından olan arvadı evdar qadındır. Hal-hazırda təyin olunan aliment məbləğini ödədikdən sonra digər üç uşağının zəruri maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Hal-hazırda cavabdeh özünün, arvadının və 3 uşağının maddi ehtiyaclarını təmin edir. O, ailəsinin maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Sonda Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, təyin olunan aliment məbləği uşaqların xərclərinin az bir hissəsinə yetəcək qədər olmasına baxmayaraq, iddiaçı həmin alimentin də məbləğinin azaldılmasını məhkəmədən tələb edir. Halbuki, uşaqları saxlamaq, onların bütün maddi və mənəvi tələbatlarını ödəmək valideynlərin vəzifəsidir. Uşaqlardan birinin sağlamlığında problem olduğundan korsetdən istifadə edir. Yay ayları ərzində korset istifadə etmək uşaq üçün fiziki məhdudiyyətlə gətirib çıxarmışdır. İddiaçı sonradan nikaha girməsinə və himayəsində əlavə 3 uşağının olmasına istinad etsə də, həmin İddiaçı yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olmamalıdır. Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-152/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(052)-45/2013 nömrəli və xx.xx.2015-ci il tarixli, 2(0525)-249/2015 nömrəli qətnamələri ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat və xx.xx.2011-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar əlavə xərc qismində 40 manat məbləğində pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İşdə olan Naftalan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(052)-16/2025 nömrəli qərardadından görünür ki, Naftalan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(052)-152/2020 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği və X5 xəstəliyi ilə bağlı əlavə xərclərə görə müəyyən olunmuş pul məbləği indeksasiya olunmuş, xx.xx.2011ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay hər uşaq üçün 0,48 misli həddində sabit pul məbləğində alimentin və xx.xx.2011-ci il təvəllüdlü X5 xəstəliyi ilə əlaqədar ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,16 misli həddində əlavə xərcin İddiaçı Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli,79 nömrəli arayışdan görünür ki, İddiaçı və X3 arasında olan nikah xx.xx.2015-ci il tarixdə 35 akt qeyd nömrəsi ilə Naftalan şəhər Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 76 nömrəli, 77 nömrəli və 78 nömrəli arayışlardan görünür ki, xx.xx.2016-cı il tarixdə anadan olmuş X8, xx.xx.2018-ci il tarixdə anadan olmuş X9 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X11 atası İddiaçı, anası isə X2r. İş materiallarında olan Naftalan şəhər İcra Hakimiyyətinin başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 308 nömrəli arayışdan görünür ki, Quliyev X7 şəhəri, İ.Məmmədov məhəlləsi, 1 nömrəli küçədə pasport qeydiyyatındadır və ailə üzvləri arvadı X4, uşaqları X15, X16 və X18 birgə yaşayır. İşdə olan xx.xx.2025-ci il tarixli, 01 nömrəli arayışdan görünür ki, Quliyev X7 şəhəri, Ş.Qurbanov küçəsi,17 ünvanda yerləşən «Bahar» yeməkxanasının fiziki sahibkarı olmaqla, xx.xx.2025-ci il tarixdən 450 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin mqdarının dəyişdirilməsinə əsas ola bilər. Lakin məhkəmə araşdırması zamanı qətnamə üzrə aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində alimentin miqdarının azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməsi müəyyən olunmamışdır. Belə ki, valideynin qazancının az olduğu təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də məhkəmə iddiaçının iddianın əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının iddianın əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun X5 və X14 maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X17 uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığından, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçıdan tutulan məbləğin əvvəlki miqdarda saxlanılması məqsədəmüvafiqdir və buna görə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehn qarşı «aliment məbləğinin dəyişdirilərək azaldılması tələbi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar