Məhkəmə qərarları › İş №2(125)-3726/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3726/2025

03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3726/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəcəfova (Məmmədova) Nuranə Əhliman qızının gəlirindən (qazancından) birgə nikahdan olan 3 övladları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa görə 250 manat olmaqla, üç uşağa görə 750 manat sabit pul məbləğində alimentin və mediasiya xidməti üçün ödənilmiş 55 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlə birgə nikahlarından doğulmuş Nərmin, Çiçək və Yusif adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə nikahlarını xx.xx.2008-ci ildə rəsmiləşdirməklə ailə qurmuşdurlar. Birgə nikahlarından xx.xx.2008-ci ildə Nərmin, xx.xx.2009-cu ildə Çiçək və xx.xx.2017-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mediasiya prosesində uşaqların onun himayəsinə verilməsi və cavabdehin uşaqlarla ünsiyyəti ilə bağlı qarşılıqlı razılığa gələrək barışıq sazişi bağlamışdırlar. Alimentlə bağlı hər hansı razılaşma olmamışdır. İki ildir ki, uşaqlar onun himayəsindədir, bu müddət ərzində cavabdehdən aliment tələbi olmamışdır. Hazırda cavabdeh mağazada işləyir, gəliri vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddianı qəbul etməyib, cavabdehin işləmədiyini və hər hansı gəlirinin olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 118862 nömrəli, AZ-İİ 649732 nömrəli və AZ-İİ 817205 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci ildə Nərmin, xx.xx.2009-cu ildə Çiçək və xx.xx.2012-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3819/2023 nömrəli qətnaməsindən görünür ki, tərəflər arasında xx.xx.2008-ci ildə Göygöl rayon Qeydiyyat şöbəsində 159 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. AZ-İ 466027 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2023-cü ildə Gəncə şəhər Qeydiyyat şöbəsində pozulmuşdur. Gəncə 1 saylı Mediasiya təşkilatında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, tərəflər azyaşlı uşaqları X2, X3 və X4 ata İddiaçı himayəsinə verilməsi və ana Cavabdeh uşaqları ilə ünsiyyətdə olması barədə qarşılıqlı razılığa gəlmişdirlər. xx.xx.2025-ci il tarixli, MŞG/1/MT007/2025-00623 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.4-cü bəndi yeni redaksiyada verilmiş, həmin bəndin 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər Qeyd olunan qərarın 8.4-2-ci yarımbəndəində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdriyyəti(borclunun qəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh uşaqların maddi cəhətdən təminatlarını ödəmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,12 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 37,28 manat alınaraq dövlət büdcəsinə, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2008-ci ildə anadan olmuş X2, xx.xx.2009-cu ildə anadan olmuş X3 və xx.xx.2017-ci ildə anadan olmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşağa görə 0,12 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh iş üzrə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə, dövlət rüsumu hesabına 37,28 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar