Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3757/2025 26.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)- 1404/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş; xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır; İddiaçı və X1 xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2015-ci ildə X4 və xx.xx.2016-cı ildə X2 doğulmuşdur. İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat birliyində yaşıllaşma şöbəsind əbirqadir vəzifəsində işləməklə orta aylıq əmək haqqı cəmi hesablanmaqla 580 manat, çatan vəsait 483.3 manat təşkil edir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(125)-49/2025 nömrəli qərardadına əsasən müəyyən edilmiş minimum əmək haqqının 0,89 misli həddində sabit pul məbləğində alimentin miqdarının azaldılması və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci ildə yenidən nikaha girmiş, həmin nikahdan onun 2015 və 2016-cı illərdə iki uşağı anadan olmuşdur. Hazırda o Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində işləyir və aylıq əmək haqqı 580 manat, ümumi ələ çatası vəsait isə 483 manat təşkil edir. Onun heç bir yerdən gəliri yoxdur, maddi imkanı zəifdir, ailəsini yalnız əmək haqqıyla təmin edir. Hazırda oğlu Emilin yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin təmsilçisi iddiaya etiraz edərək, birgə nikahdan doğulmuş uşağın xəstəlikləri olduğunu bildirdi və bu halı nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etdi Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Hazırkı mülki iş üzrə iddiaçı birgə nikahdan doğulmuş Emilin saxlanılması müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğin alimetin tutulmasını xahiş etmiş, tələbini ailəli və maddi imkanın zəif olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf birgə nikahdan doğulmuş uşağın xəstəlikləri olduğuna əsaslanaraq iddiaya etiraz etmişdir. Məhkəmə qeyd edir ki, birgə nikahdan doğulmuş Emilin saxlanılması üçün sabit pul məbləğində alimentin təyin edildiyi vaxtdan sonra iddiaçının ailə vəziyyəti dəyişmişdir, hazırda evlidir, 2015-ci il təvəllüdlü Gülnar Mövsümova və 2016-cı il təvəllüdlü Ərtoğrul Mövsümovun atasıdır. İddiaçının hazırkı əmək haqqı rəsmi olaraq 580 manat, müvafiq tutulmalardan sonra 483.3 manat təşkil edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən, İddiaçı tutulmalı olan hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.89 misli həddində müəyyən olunmuş sabit pul məbləğində aliment 2025-ci il üzrə 356 manat təşkil edir edir. Bundan başqa nəzərə alınır ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə birgə nikahdan doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 8(125)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməli olduğundan, tutulmalı olan alimentin məbləği “200 manat” olaraq müəyyən edilə bilməz. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 8(125)-49/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №2(125)-3757/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3757/2025
26.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver