Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3788/2025 03.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi olaraq 600 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından iki uşaq - xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuş, həmin uşaqların atasının Cavabdeh olmasına dair Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq olaraq “atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 227041 nömrəli, xx.xx.2013-cü il tarixli və AZ-İ seriyalı, 246770 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnamələr verilmişdir. Uşaqlar hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh ilə 2012-ci ildə el adəti üzrə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Cavabdehlə faktiki nikahından 07 noyabr 2013-cü il tarixdə X3 və 22 aprel 2016-cı il tarixdə X4 adlı uşaqları doğulmuşlar. Nikahları olmadığından cavabdeh uşaqlarına atalıq vermişdir. Münasibətləri bir müddət normal olsa da, sonradan münasibətləri kəskinləşmişdir. Xasiyyətləri tutmadığından və yola gedə bilmədiklərindən bu ilin əvvəllərində o, uşaqlarını da götürərək ata evinə getmişdir. Bu ilin əvvəllərindən ayrılmış, ayrı-ayrı ünvanlarda yaşayırlar. Ayrıldıqları vaxtdan cavabdeh ona uşaqlarının saxlanılmasında hər hansı köməklik göstərmir, uşaqlar böyüyür, onların tələbatları artır, o, uşaqların saxlanılmasında çətinlik çəkir. O, uşaqlarına valideynlərinin köməkliyi ilə birtəhər baxır. Cavabdeh özü uşaqlarının saxlanılmasında ona hər hansı bir köməklik göstərmədiyi üçün o, məcbur olub uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən sabit pul məbləğində aliment tutulması üçün qanunvericiliyin tələbinə uyğun olaraq ilk öncə Gəncə 2 saylı mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh ilkin mediasiya sessiyasına gəlməsə də, mediasiyada hər hansı bir razılığa gələ bilməmişlər, ona görə mediator onlara ilkin mediasiya prosesindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış vermiş və məhkəməyə müraciət etməyini bildirmişdir. O da, qanunvericiliyin tələbinə uyğun olaraq ardıcıl olaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh normal aliment ödəmək iqtidarındadır. Cavabdeh uşaqların saxlanılması üçün istənilən həddə aliment ödəyə bilər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, o, övladları Nəzrin və Elgünün yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər bir uşaq üçün 300 manat olmaqla, ümumilikdə 600 manat məbləğində alimenti ödəyə bilməyəcək. Çünki ayda 708 manat pensiya alır. Pensiyasından başqa qazancı yoxdur. Kasıb və imkansız bir insandır. Maddi vəziyyəti yaxşı deyil. Heç bir yerdən köməyi yoxdur. Qayğıları, problemləri həddindən artıq çoxdur. Azərbaycan Beynəlxalq Bankından və Kapital Bankdan kreditlər götürmüşdür. Azərbaycan Beynəlxalq Bankına hər ay 383 manat, Kapital Banka isə hər ay 60 manat kredit ödəyir. Kreditlərini ödəyəndən sonra onun əlində cəmi 265 manat pul qalır. Buna görə də övladları Nəzrin və Elgünün yetkinlik yaşına çatanadək saxlanılması üçün o, hər ay hər iki uşaq üçün 265 manat aliment ödəyə bilər. Bundan əlavə qeyd etmişdir ki, o, əvvəlcə mərhum X5 adlı şəxslə ailə həyatı qurmuşdur. Onunla faktiki nikahdan Eşqin və Nərmin adlı iki övladları var. Həmin uşaqların da yükü onun çiyinlərindədir. Çox vaxt evinə ərzağı nisyə alır. Daha tükənmişdir. Hər bir ata istəyər ki, övladlarına yaxşı baxsın, onların gözəl yaşaması üçün əlindən gələni etsin. Lakin maddi vəziyyət yaxşı olmayanda isə bunları etmək çətindir. Bu yazdıqlarının hamısı həqiqətdir. Odur ki, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, bu ilin yanvar ayından bəri cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, heç bir maddi və mənəvi köməklik göstərmir. Himayəsində xəstə və yaşlı anası var. Həmçinin özü də zob xəstəsidir. Anasının pensiyası ilə uşaqların geyim, qida və digər xərclərini tam qarşılaya bilmir. Məhkəmə iclasında iştirak edən cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə etdi ki, 700-800 manat pensiya alır, bundan başqa şəkər xəstəsidir. Əvvəlki nikahından da iki uşağı var, həmçinin banklara da kredit borcu var. Hər uşaq üçün ayda 100 manat olmaqla, cəmi 200 manat aliment ödəmək imkanı var. Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Nəzrin və Elgünün valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar faktiki olaraq iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən, habelə cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçı sübut təqdim etmədiyindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin sabit pul məbləğində tutulması əsasları və qaydası Ailə Məcəlləsinin 78.1ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, cavabdehin tələb olunan miqdarda alimenti ödəməyə qismən razılığını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən uşaqların saxlanılması üçün iddiaçının xeyrinə hər ay hər uşaq üçün 192 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində sabit pul məbləğində aliment tutulmalı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli aliment barədə ərizənin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi alimentin alınması ilə bağlı olmaqla əsasən əsaslı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçının ödədiyi mediasiya xərcinin dövlət rüsumu kimi nəzərə alınmaqla həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 (sıfır tam yüzdə qırx səkkiz) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh, məhkəmə xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3788/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3788/2025
03.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver