Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3836/2024 02.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda ½ payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda hər birinin ½ payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Lakin Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2596/2020 saylı, 10 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan rəsmi nikahları pozulmuşdur. Birgə nikah dövründə ər-arvadın, yəni onunla Cavabdeh ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil, yəni ünvan 2 ünvanda yerləşən ev almışdırlar. O, cavabdehlə Cavabdeh ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil, yəni ünvan 2 ünvanda yerləşən mənzilin satılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etməsinə baxamayaraq, cavabdeh ona bildirmişdir ki, onun, yəni iddiaçının orada hər hansı bir payı yoxdur. Belə ki, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq onun iddiasının əsasız olduğunu bildirmişdir. Halbuki, cavabdeh ünvan 2 ünvanda yerləşən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi bölünməsi barədə qətnamə qəbul edilməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, sözügedən ev 2014-cü ildə alınmışdır. Ev satıldıqdan sonra pulunu cavabdehlə aralarında yarı böləcəkdirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddiaçı ilə eyni məzmunda çıxış edib əlavə olaraq göstərdi ki, cavabdehin qeyd etdiyi digər ev iddiaçının valideynlərinin mülkiyyətində olmuş, onların ümumi əmlakını təşkil etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından 2 övladları vardır. 2000-ci ildə evlənmiş, 2005-ci ildə nikahlarını rəsmiləşdirmişlər. İki ev vardır. Biri iddiaçınındır, biri isə onun. Qızı ilə birlikdə yaşayır. İddiaçının evindən pay tələb etmiş, ancaq verilməmişdir. Digər evdən də ona pay verilsə, mübahisəli evi bölməyə hazırdır. Hazırki vəziyyətdə isə evin satılmasını istəmir, iddiaçının payı müəyyən olunmamalıdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış tikilməkdə olan yaşayış evinin mənzilinə dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1-də tikilməkdə olan binada İ blok, 10-cu mərtəbədə yerləşən 35a nömrəli mənzili Cavabdeh verməyi, Cavabdeh isə müəyyənləşdirilmiş mənzil haqqını qabaqcadan ödəməklə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, 37600 manat məbləğ Cavabdeh tərəfindən kassaya mədaxil edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 01/110 nömrəli maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 1 ünvanında tikilən binanın 1ci giriş, 10-cu mərtəbəsində yerləşən 35a saylı mənzilin dəyəri alıcı Cavabdeh tərəfindən tam ödənilmişdir. AZ-İ nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2022-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-650/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, iddia tələbi ünvan 3 ünvanda yerləşən mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi hissəsində həmin daşınmaz əmlak dövlət qeydiyyatından keçmədiyindən və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadığından təmin edilməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə uyğun olaraq tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdıraraq həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 2 ünvanda yerləşən mənzil tərəflərin birgə nikah dövründə əldə olunmuş, onların ümumi əmlakını təşkil etmiş və həmin mənzilin əldə edilməsinə dair xx.xx.2014-cü il tarixli müqavilə Cavabdeh ilə bağlanmışdır. Tərəflər özləri də bu halı mübahisələndirməmiş, lakin payların müəyyən olunmasında qarşılıqlı razılığa gələ bilməmişdirlər. İddiaçı xx.xx.2014-cü il tarixli, 110 saylı müqavilədən əmələ gəlmiş hüquqda hər birinin ½ hissədə paylarının müəyyən edilməsini tələb etsə də, cavabdeh iddianı qəbul etməyərək evin satılmasını istəmədiyini və iddiaçıya məxsus digər evdən ona pay verilmədiyini əsas gətirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusaya Məhkəmsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 4.15-ci bəndində qeyd edilmişdir ki, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi mənzil tərələrin birgə nikah dövründə əldə olunmuşdur. Lakin həmin mənzil rəsmi reyestrdə qeydiyyata alınmadığı üçün iddaçının həmin mənzil üzərində mülkiyyət hüququ üzrə payının məyyən edilməsi mümkün olmadığından həmin mənzilə dair bağlanmış müqavilədən əmələ gəlmiş hüquqda payının müəyyən edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1, 35a nömrəli mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin payları bərabər şəkildə, ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1, 35a nömrəli mənzilin əldə olunmasına dair xx.xx.2014-cü il tarixli, 110 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda tərəflərin payları bərabər şəkildə, ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(125)-3836/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3836/2024
02.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver