Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3850/2024 15.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 İsa oğlunun sədrliyi, X3 Eldar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X2 xx.xx.2024-cü ildə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsinin 10 iyul 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı xx.xx.2023-cü il tarixdə rəsmi nikah bağlamışlar. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından döğulmuş, xx.xx.2023-cü il təvəllüdlü X1 (hakimin qeydi:uşağın doğum tarixi düzgün qeyd edilməmişdir.) yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində pul vəsaiti (aliment) həmçinin 55 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu barədə nikah haqqında akt qeydləri kitabında 579 nömrəsi ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli AZ- İV № 911318 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, cavabdehlə nikahlarından X2 adlı uşaq doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 fevral 2024-cü il tarixdə 84 nömrə ilə qeyd edilmişdir. Hamiləlik dövrünün, doğum və doğumdan sonrakı xərcləri, habelə uşaq doğulandan hal-hazıradək uşağın bütün tələbatları ilə əlaqədar xərcləri iddiaçının valideynləri çəkmişlər. Hazırda da uşağın bütün xərclərinin təminatı valideynlərinin üzərindədir. Uşaq doğulandan sonra valideynləri gəlib uşağa baş çəksələr də, cavabdeh hələ də nə gəlmiş, nə də baş çəkmişdir. Heç telefonla da əlaqə yaradıb hal-əhval da tutmur. Uşağın xərcləri ilə əlaqədar pul istəyəndə borcunun olduğunu deyib, uşağın xərclərini qarşılamaqdan imtina edir. Borcunun nədən yarandığı barədə də heç bir məlumat vermir. Cavabdeh Gəncə Şəhər Məhkəməsində nikahlarının pozulmasına dair iddia da qaldırmışdır. Uşağın bir yaşı olmadığı səbəbi ilə iddia tələbi təmin olunmamışdır. Məhkəmə işləri ilə əlaqədar Gəncə şəhərinə gələndə də gəlib uşağına baş çəkməmişdir. O, heç bir yerdə işləmir, heç bir gəliri də yoxdur. Cavabdeh isə cəbhə bölgəsində sərhəd qoşunlarında hərbi xidmətdədir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid xx.xx.2023-cü il tarixli MV № 02789 saylı vəsiqəsindən və xx.xx.2024-cü il tarixli Fəxri Fərmandan görünür ki, cavabdeh AR-nın Dövlət Sərhəd Xidmətində Cəbrayıl rayonunda yerləşən N nömrəli hərbi hissədə baş gizir vəzifəsində işləyir. İddiaçı daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından döğulmuş, xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində pul vəsaiti (aliment) və uşaq üç yaşına çatanadək hər ay 100 manat sabit pul məbləğində aliment, həmçinin 55 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iştirak etmiş, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət etdiyini və aylıq qazanca malik olduğunu bildirmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sonrakı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Qeydiyyat Şöbəsində nikah bağlanılmışdır. Birgə nikahlarından xx.xx.2024-cü il tarixdə X2 adlı uşaq doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər faktiki ayrılmış, ayrıldıqdan sonra uşaq iddiaçının himayəsində qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının aliment tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. 100.2. ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən edilir ki, Cavabdeh müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edir və aylıq qazanca malikdir. Məhkəmə qeyd edir ki, uşaq yanında yaşayan valideyn aliment ödəməyə borclu olan valideyndən öz seçimi ilə-istər sabit pul məbləğində istərsə də, qazancın və başqa gəlirlərin müəyyən hissəsi miqdarında aliment tələb edə bilər. Yəni, bu seçim uşağın yanında yaşadığı valideynə mənsubdur. Ona görə də, məhkəmə hesab edir ki, alimentin cavabdehin qazancının dörddə bir hissəsi miqdarında müəyyən edilməsi həm qanunvericiliyin tələblərinə, həm də uşağın mənafeyinə uyğundur. Ona görə də iddia həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmə, valideynlərin uşaqlarını saxlamağa borclu olduqları barədə qanunvericiliyin tələblərini, cavabdehin daimi iş yarinin olmasını nəzərə alır və hesab edir ki, xx.xx.2024-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment alınaraq iddiaçıya verilməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə 07 iyun 2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə göstərir ki, hazırki işdə aliment 07 iyun 2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına 55 manat xərc ödənilmişdir. İddiaçı iddia ərizəsində bu xərci dövlət rüsumu kimi qeyd etsə də, iddia aliment tələbi barədə olduğundan iddiaçı dövlət trüsumu ödəməkdən azaddır. Ona görə də, müəyyən olunur ki, iddiaçı məhz mediasiya sessiyasına ödəmiş olduğu 55 manat xərcin cavabdehdən alınıb ona ödənilməsi barədə tələb irəli sürmüşdür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarından müəyyən olunur ki, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Ona görə də məhkəmə belə qərara gəlir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat Cavabdeh alınıb, İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 257,258 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 adında yetkinlik yaşına çatmayan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 iyun 2024-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş xərcin əvəzi kimi 55 (əlli beş) manat məbləğində pul Cavabdeh alınıb, İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə tələbləri təmin olunmayan şəxslər tərərfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №2(125)-3850/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3850/2024
15.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver