Məhkəmə qərarları › İş №2(125)-3874/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3874/2025

05.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3874/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3) aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2024-cü il dekabr ayından hər ay sabit pul məbləğində 250 manat alimentin tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2645 nömrə ilə qeyd etdirməklə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərin soyadı Nuriyev, arvadın soyadı Ağayeva qeyd edilmişdir. Birgə nikahdan bir uşaq – xx.xx.2019-cu il təvəllüdlü X4 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birgə yaşayır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə olan xx.xx.2018-ci il tarixli nikahından xx.xx.2019-cu ildə X4 adlı övladı doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri pozulduğundan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-702/2020 nömrəli qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının 1/4 hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə çıxarılan vaxt cavabdeh müddətdən artıq xidmət edən hərbiçi idi, ona görə də aliment hər ay vaxtı-vaxtında tutulurdu. Lakin 2024cü ilin dekabr ayında cavabdehi hərbi xidmətdən tərxis etmişlər. O, hazırda işləmir və uşağın alimentini vaxtında ödəmir, ödəyəndə də 100 manat aliment ödəyir. Nəticədə uşaq da, o da maddi cəhətdən əziyyət çəkir. O, təkbaşına uşağın ehtiyaclarını ödəyə bilmir. Odur ki, cavabdehin qazancı sabit olmadığından alimentin sabit pul məbləğində müəyyən edilib cavabdehdən tutulmasına ehtiyac yaranmışdır. Cavabdeh fərdi qaydada işləyir, gəncdir, sağlamdır, uşağına maddi yardım göstərmək üçün kifayət qədər qüvvəsi və imkanı vardır. Cavabdeh işdən çıxandan uşağa alimenti vaxtaşırı, yarımçıq halda ödəyir, ona görə də 2024-cü ilin noyabr ayından sabit pul məbləğində aliment hesablanması məqsədəmüvafiqdir. Məhkəmə gedişində cavabdehin aliment ödədiyi başqa şəxs - X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı izahatında bildirmişdir ki, cavabdehlə rəsmi nikahda olsalar da, faktiki olaraq ayrılmışlar. Əvvəlki qərar çıxarılan vaxt cavabdeh müddətdən artıq xidmət edən hərbiçi idi, ona görə də aliment hər ay vaxtıvaxtında tutulurdu. Lakin 2024-cü ilin dekabr ayında cavabdehi hərbi xidmətdən tərxis etmişlər. O, hazırda işləmir və uşağın alimentini vaxtında ödəmir. İddiaçı sonuncu məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ona görə də, məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (atası) iddia tələbinin qismən təmin edilməsini xahiş edərək bildirdi ki, oğlu, yəni cavabdeh keçən ilin dekabr ayına kimi işlədiyi üçün məhkəmə qərarı ilə hər ay qazancının 1/4 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilirdi. Hazırda cavabdeh işləmir. Cavabdeh əvvəlki nikahından olan övladına da aliment ödəyir. Son iki-üç ayda iddiaçıya hər ay 200 manat aliment ödənilmişdir. Tərəflər faktiki olaraq uşaq ananın bətnində yeddi aylıq olarkən ayrılmışlar. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin ünvanına məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından, eləcə də Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(044)-702/2020 nömrəli mülki işin materiallarına baxışdan görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, mülki işə baxılarkən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-702/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə işin mahiyyəti üzrə həll olunanadək müvəqqəti xarakterli qərardad çıxarılması, xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, qərardadın dərhal icraya yönəldilməsi qərara alınmışdır. Məhkəmə gedişində iddiaçı tərəf ərizə verərək barışdıqları üçün iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-702/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. İş materiallarına tərəflər arasında alimentlə bağlı başqa hər hansı məhkəmə qərardadı, qətnaməsi və ya saziş əlavə edilməmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 xeyrinə hər ay 165 manat miqdarında aliment tutulur, hazırda xx.xx.2022-ci il tarixli icra işinin statusu “icraatdadır”. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh yetkinlik yaşına çatmamış Fəridin valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq faktiki olaraq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən, habelə cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçı sübut təqdim etmədiyindən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Bununla əlaqədar məhkəmə tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə hər ay üçün 200 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması müvəqqəti alimentin tutulması barədə xx.xx.2020-ci il tarixli məhkəmə qərardadı ilə təyin olunmuş aliment üzrə ödənişlər, habelə iddiaçının əvvəlki vaxt üçün aliment ödənilməsi barədə cavabdehə müraciət etməsini sübut etmədiyi nəzərə alınmaqla alimentin tutulması barədə ərizənin məhkəməyə verildiyi tarixdən, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi alimentin alınması ilə bağlı olmaqla əsasən əsaslı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçının ödədiyi mediasiya xərcinin dövlət rüsumu kimi nəzərə alınmaqla həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-702/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadı ilə təyin olunmuş aliment üzrə ödənişlər nəzərə alınmaqla, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 (sıfır tam onda beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh, məhkəmə xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar