Məhkəmə qərarları › İş №2(125)-3875/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3875/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3875/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh (bundan sonra – cavabdeh) atası X1, anası İddiaçıdır (bundan sonra – iddiaçı). İddiaçı İİ qrup əlil olmaqla 393.33 manat, cavabdeh İİ qrup əlil olmaqla 1436.46 manat pensiya alır. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün dolanışığı üçün hər ay 1000 manat sabit pul məbləğinin Cavabdeh tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, övladı xeyli müddətdir ki, onu və ailəsini ataraq getmişdir. Bildirir ki, onkoloji xəstə kimi qeydiyyatdadır. İİ qrup əmək qabiliyyətsiz ömürlük əlildir. Oğlunun maddi vəziyyəti yaxşıdır. Keçmiş hərbçi kimi 1500 manat pensiya alır. Həmçinin, əmək fəaliyyəti ilə məşğuldur. Ayda 6000 manatdan artıq əmək haqqı alır. Cavabdehin VÖEN********** nömrə ilə qeydiyyata alınmış "xxxx" MMC var. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qeyd edilən MMC armaturların istehsalı ilə məşğuldur. Bundan başqa, “Qazi çörəyi” çörək sexi fəaliyyət göstərir. Həmin sex başqa adamın adına olsa da, lakin şəriklidir, qeydiyyatda problem yaranmaması üçün bir nəfərin adına açılmışdır. Lakin hər kəs onun cavabdehin olduğunu bilir, hətta sosial şəbəkələrdə də bu barədə paylaşımlar olmuşdur. Çörək sexinin adına olduğu şəxsin müharibə veteranlığı, qazilikdən uzaq olması və heç bir aidiyyətinin olmaması da bunu təsdiq edir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O, isə aldığı pensiya ilə dolana bilmir. Heç kommunal xərcləri ödəməyə gücü çatmır. Vaxtaşırı olaraq həkim müayinəsindən keçməlidir. Daima dərman qəbul edir. Bütün bunları ödəmək, həmçinin məişət və dolanışıq xərclərini qarşılamaqda çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı ərizəsində yazılanların izahatı olaraq qəbul olunmasını və iddianın təmin olunmasını xahiş etdi, həmçinin bildirdi ki, 1995-ci ildə onkoloji xəstəliyə görə əməliyyat olunmuşdur və həmin vaxtdan mütəmadi olaraq müalicə olunur, müvafiq icra hakimiyyəti orqanında vəzifəli şəxs olan digər oğlu ona maddi dəstək göstərsə də, cavabdeh ona və azyaşlı uşaqlarına maddi dəstək göstərmir, həmin uşaqların saxlanılması alimentin tutulması tələbi ilə məhkəməyə müraciət edilmişdir və hazırda həmin tələb üzrə mülki iş məhkəmənin icraatındadır. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Hazırkı iş üzrə iddiaçı yetkinlik yaşına çatmış övladı olan cavabdehdən aliment tutulmasını xahiş etmiş və tələbini cavabdehin maddi imkana sahib olmasına baxmayaraq yardıma ehtiyacı olan iddiaçıya kömək göstərməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin İİ qrup əlil olması müəyyən edilmişdir və müvafiq qanunvericiliyə əsasən, əlilliyi olan şəxslər əmək qabiliyyəti olmayan şəxslər hesab edilir. Bundan başqa, iddiaçı İİ qrup əlil kimi əmək qabiliyyəti olmayan valideyn olsa da, maddi yardıma ehtiyacı olması sübut olunmur, digər tərəfdən əlil olduğu üçün pensiya aldığı müəyyən olunur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, yetkinlik yaşına çatmış övlad olan cavabdehin iddiaçı olan valideynini saxlamaq vəzifəsinə əsasən alimentin tutulması üçün əsaslar müəyyən edilmədiyindən, hazırkı iş üzrə iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelllyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar