Məhkəmə qərarları › İş №2(125)-3928/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3928/2024

30.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3928/2024 30.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Qurbanova Zöhrə Lutvin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bütün rəsmi gəlirlərinin dörddə bir hissəsi miqdarında və ya ayda 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əvvəlki alimentin miqdarının artırılmasına dair dəqiqləşdirmə ərizəsini geri götürmüş, xx.xx.2012-ci il təvəllüdlü qızı X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, qeyd etmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli qətnaməsi üzrə icra sənədinə xitam verilmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından iki uşaq – xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X11 doğulmuşdur. Həmin uşaqların atasının cavabdeh X13 olmasına dair müvafiq olaraq xx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 246937 nömrəli vəxx.xx.2017-ci il tarixli, AZ-İ seriyalı, 246936 nömrəli “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamələr verilmişdir. xx.xx.2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan Nigar hazırda iddiaçı ilə birgə yaşayır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 05 fevral 2016-cı ildən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin İddiaçı ödənilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-253/2017 nömrəli, 30 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək Cavabdeh İddiaçı yanında olan xx.xx.2012-ci il təvəllüdlü Nigar adlı uşaqla ünsiyyətdə olması üçün hər həftənin şənbə günü saat 16:00-dan bazar günü saat 19:00-dək gecəni onun evində qalmaqla görüş vaxtının müəyyən edilməsi və həmin müddətlərdə uşağın görüş üçün Cavabdeh verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-254/2017 nömrəli, 30 mart 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək, 21 dekabr 2005-ci il təvəllüdlü Nərgiz adlı azyaşlı uşağın İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli “adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh adını, ata adını və soyadını X13 olaraq dəyişdirmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda övladı böyüyür və onun maddi ehtiyacları var. Ərzaq, paltar və digər yaşayış tələbatlarının qiymətləri günü-gündən bahalaşır. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır, ona heç bir mənəvi dəstək göstərmir, valideyn olaraq tərbiyəsi ilə məşğul olmur. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatı artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, cavabdehlə rəsmi nikahda olmamışlar, cavabdeh əvvəllər cəzaçəkmə müəssisəsində nəzarətçi işləyirdi, həmin vaxt uşaqlarını cavabdehin yanında qoyaraq pul qazanıb ev tikmək üçün Rusiyaya getmişdir. Rusiyadan hər ay uşaqlarına 200 manat pul göndərmişdir. Hazırda cavabdeh yenidən ailə qurmuşdur. Cavabdehin dediyinə görə 1500 manat əmək haqqı alır, lakin onun nə qədər əmək haqqı almasına dair rəsmi sübutu yoxdur. Uşaq hazırda 6cı sinfə keçir, qida, geyim, məktəb və hazırlıq xərcləri xeyli artmışdır. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh İİ qrup əlildir, ailə vəziyyəti ilə əlaqədar bir gün əvvəl işdən azad olunub, 384 manat əmək haqqı alırdı. Hazırda isə işdən azad olunduğu üçün gəliri yoxdur, ikinci dəfə ailə həyatı qurmuşdur, həmin nikahdan əkiz uşaqları dünyaya gəlmişdir, hazırda əkiz uşaqların 2 yaşı var. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Gəncə Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Səməd İsmayılov tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi üzrə qəbul edilmiş “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 23 iyun 2016-cı il tarixli qərardan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi icra olunması üçün borclunun əmək pensiyasını aldığı yer üzrə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Gəncə Şəhəri üzrə İcra İdarəsi tərəfindən Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanlanmış 10 may 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, tələbkar İddiaçı xx.xx.2017-ci il tarixdə Gəncə Şəhəri üzrə İcra İdarəsinə ərizə ünvanlayaraq icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir, odur ki, tələbkar İddiaçı ərizəsi baxılması üçün Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu İsmayıl İsmayılov tərəfindən qəbul edilmiş 16 may 2017-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş, Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 694539 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X13, anası X6r. Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 694540 nömrəli, xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası X13, anası X6r. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni baş mühasib X1 ilə X13 arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, X13 həmin MMC-də inkişaf meneceri vəzifəsində işə qəbul edilmiş, onun xx.xx.2024-cü il tarixindən işə başlaması və ona hər ay 384 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2015-ci il tarixli Cavabdeh barəsində məlumatından görünür ki, o, ikinci dərəcəli əlildir, əlilliyi hərbi xidmət dövrü ilə əlaqədardır, müayinə tarixi xx.xx.2015-ci il olmaqla, növbəti müayinə tarixi xx.xx.2016-cı ildir. TSEK-in diaqnozu digər xroniki pankreatitlər, xarici sekresiya funskiyasının pozulması ilə, qaraciyərin, başqa rubrikalarda təsnif olunmayan piy degenerasiyası, bağırsaqda sorulmanın dəqiqləşdirilməmiş pozğunluğu, mədə-bağırsaq funskiyasının pozulmasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin Hospitalının hərbihəkim komissiyası tərəfindən verilmiş və 03 iyul 2013-cü il tarixli, 06 nömrəli xəstəlik haqqında şəhadətnaməyə və 03 iyul 2013-cü il tarixli, 629 nömrəli qərara əsasən Cavabdeh qoyulan diaqnoz tez-tez residivləşən və kəskinləşmələrlə müşayiət olunan xroniki pankreatit, orta ağır gedişli, davamlı kəskin ağrı sindromu və xarici sekretor funksiyanın pozulması, qaraciyərin pis distrofiyası, xroniki hepatoxolesistit, xroniki qastrit, İ dərəcəli alimentar piylənmədir. Xəstəliklər xidmət dövründə alınmışdır. Belə ki, o, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daşkəsən Regional filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-177392/2024 nömrəli arayışdan görünür ki, X13 DSMF publik hüquqi şəxsinin Gəncə-Daşkəsən Regional filialından X15 və Sosial X3 məlumata əsasən heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. Məhkəmə qeyd edir ki, cavabdeh yetkinlik yaşına çatmamış Nigarın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, eləcə də həmin uşaq üçün aliment tutulması barədə Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-1169/2016 nömrəli, 04 mart 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verildiyindən hazırda iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, habelə cavabdehin səhhətini və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu halın üzrlü olması iş materiallarından görünmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X7, xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. X7, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. X7 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar