Məhkəmə qərarları › İş №2(125)-3932/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3932/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3932/2024 20.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, X1 Eldar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 xx.xx.2021-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə İddiaçı doğulmuş Eşqin adlı uşağın atası hesab edilmişdir.. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X5 xx.xx.2023-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı doğulmuş Vahid adlı uşağın atası hesab edilmişdir. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 20 noyabr 2019-cu ildən qeyri-rəsmi nikah münasibətləri qurmuş, birgə yaşadıqları müddətdə xx.xx.2021-ci ildə X4 və xx.xx.2023-cü ildə X5 adında iki uşaq doğulmuşdur. Cavabdehlə ailə münasibətləri pozulmuş, 05 may 2024-cü ildən ayrılıb uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh avtomobil sənətkarıdır. Lakin cavabdeh uşağın saxlanması üçün ona köməklik etmir. O isə işləmir, uşaqlarını saxlamaqda çətinlik çəkir. Onlara iddiaçının atası kömək edir. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iştirak etmiş və bildirmişdir ki, o, heç bir yerdə işləmir və maddi imkanı olmadığı üçün hər uşağa 160 manat aliment ödəməyə etiraz etmir. Odur ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh vəkili Vəkil iştirak etmiş və bildirmişdir ki, cavabdeh heç bir yerdə işləmir və hər uşağa görə 235 manat alimenti ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə tərəfləri dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah bağlanmamışdır. Onların faktiki nikah münasibətlərindən xx.xx.2021-ci ildə X4 və xx.xx.2023-cü ildə X5 adlarında iki uşaqları vardır. Hazırda tərəflər faktiki olaraq ayrılmışlar, ayrı yaşayırlar. Birgə ailə münasibətlərindən anadan olmuş uşaqlar iddiaçının himayəsində qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hər uşağa görə 235 manat alimenti ödəməyə maddi imkanınının olmadığını, ancaq hər uşağa 160 manat aliment ödəmək imkanının olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün yaşayış minimumunun 2024-cü ildə 235 manat məbləğində müəyyən edilməsini, iddiaçının tələb etdiyi aylıq 470 manat məbləğində alimentin cavabdehin ödəmək iqtidarında olduğunu təsdiq edə bilən heç bir sübutun mövcud olmamasını, Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmalı olan aylıq alimentin məbləği hər ay hər bir uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, mediasiya xərcinin iddiaçı tərəfindən ödənildiyini və cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 0.1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 113.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (350 manat x 12 ay)=4200 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+32)=62 (altmış iki) manat məbləğini təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinin tələblərinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Baxılan işdə iddiaçı alimentin alınması tələbi hissədə dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ödənilməli olan 62 (altmış iki) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı birgə hikah münasibətlərindən xx.xx.2021-ci ildə anadan olmuş X4 və xx.xx.2023-cü ildə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 12 iyun 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat (iki uşaq üçün hər ay cəmi 350 manat) sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat xərc Cavabdeh alınıb, İddiaçı verilsin. İş üzrə ödənilməli olan 62 (altmış iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar