Məhkəmə qərarları › İş №2(125)-3969/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-3969/2025

01.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-3969/2025 01.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə rəsmi nikahlarından olan övladları xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulub ona verilməsi və mediasiya üçün çəkdiyi 55 manat xərcin cavabdehdən tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci ildə Uğur adlı uşaqları anadan olmuşdur. Artıq 8 aydır ki, uşağı ilə birlikdə anasının evində yaşayır. Bu müddət ərzində cavabdeh uşaqla maraqlanmamışdır. Ötən məhkəmə iclasında çıxanda bir dəfə geyim və s.alıb vermişdir. Veteran kartını vermiş, bir ay pul çıxardıqdan sonra kartı bloklatdırmışdır. Hazırda nikahları pozulmamışdır. Uşağın 3 yaşı olmasına baxmayaraq, danışmır. Buna görə də uşağın müalicəyə ehtiyacı olduğunu göstərərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Kəlbəcərdə hərbiçi işləyir, əmək haqqı 1400 manatdır. Özü olmasa da, hər həftə atası, anası və bacısı uşaq üçün lazımı şeyləri alıb, bazarlıq edib aparırlar. İddiaçı uşağı ilə normal görüşməsinə şərait yaratmır. Uşağın təminatını lazımı qədər ödədiyini və aliment vermək istəmədiyini göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 469400 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları xx.xx.2021-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2068 nömrə ilə qeydə alınmışdır. AZ-İV 732532 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci ildə Uğur adlı uşaqları anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MT007/2025-00778 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 12:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərc İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyini göstərərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 62 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının və başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 62 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar