Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4010/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı və Cavabdeh 03 sentyabr 2006-cı il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində nikah bağlamışlar. Tərəflərin birgə nikahından 03 fevral 2005-ci il tarixdə anadan olmuş X5, 09 oktyabr 2006-cı il tarixdə anadan olmuş X6 və 18 noyabr 2018-ci tarixdə anadan olmuş X7 adlı 3 uşaqları vardır. İddiaçı Cavabdeh qarşı tərəflər arasında olan nikahın pozulması, tərəflərin birgə nikahından 03 fevral 2005-ci il tarixdə anadan olmuş X1, 09 oktyabr 2006-cı il tarixdə anadan olmuş X2 və 18 noyabr 2018-ci tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 50 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, tərəflər arasında olan nikahın pozulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmiş və Cavabdeh qarşı aliment tələbinə dair iddiasının olmadığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və nikahın pozulmasına təkid edərək, izahatında göstərdi ki, onunla Cavabdeh 03 sentyabr 2006-cı il tarixdə nikahlarını qeydə aldırmışlar. Onların birgə nikahlarından 03 fevral 2005-ci il tarixdə Həbib, 09 oktyabr 2006-cı il tarixdə Nihad və 18 noyabr 2018-ci tarixdə Tofiq adlı 3 uşaqları anadan olmuşdur. Onların ailə qurduqları vaxtdan etibarən aralarında normal münasibətlər olmamışdır. Onların xasiyyətləri uyğun gəlmədiyinə görə tez-tez ailədaxili münaqişələr baş vermişdir. Buna görə də onlar arasında olan ər-arvad münasibətləri uzun müddət əvvəl başa çatmış və nikahları formal xarakter daşımışdır. Qeyd olunan səbəbdən o cavabdehlə aralarında olan nikahın pozulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı birgə nikahdan doğulmuş uşaqların onun yanında qalmaları və həmin uşaqların saxlanılması üçün aliment barədə 31 oktyabr 2022-ci il tarixdə mediasiya təşkilatında barışıq sazişi bağlandığını bildirərək, həmin xüsusatlara dair qərar qəbul olunmamasını, yalnız nikahın pozulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, məhkəmə iclasında bildirdi ki, o, İddiaçı ilə birgə nikahdan doğulmuş uşaqların İddiaçı yanında qalmaları və həmin uşaqların saxlanılması üçün aliment barədə 31 oktyabr 2022-ci il tarixdə mediasiya təşkilatında barışıq sazişi bağlamışdır. Həmçinin o, İddiaçı ilə aralarında olan nikahın pozulmasına razıdır. Lakin birgə nikahdan yetkinlik yaşına çatmamış uşaqları olduğuna görə nikahın məhkəmədən kənar qaydada pozulması mümkün deyildir. Sonda Cavabdeh barışıqla əlaqədar məhkəmə iclasının təxirə salınmadan nikahın pozulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19 və 20ci maddələrinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, tərəflərin qarşılıqlı razılığına uyğun olaraq nikah pozulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə görə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Məhkəmə tərəflər arasında birgə nikahdan anadan olmuş uşaqların hansı valideynin yanında qalmasına və həmin uşaqların saxlanılması üçün alimentin məbləği barədə razılıq əldə olunmasına dair 31 oktyabr 2022-ci il tarixdə mediasiya prosesində barışıq sazişi bağlanmasını, bu sazişin uşaqların maraqlarını pozmamasını nəzərə alaraq, hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların hansı valideynin yanında qalması və həmin uşaqların saxlanması üçün aliment tutulmasına dair qərar qəbul olunmasına zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə görə nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyyə edilmişdir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, hazırda ərarvadın ümumi əmlakının bölünməsi haqqında iddia tələbi mövcud deyildir. Buna görə də tərəflərə izah edilməlidir ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaqda haqlıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı və Cavabdeh arasında 03 sentyabr 2006-cı il tarixdə Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 371 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. İddiaçı və Cavabdeh izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ərarvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4010/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4010/2023
12.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver