Məhkəmə qərarları › İş №2(125)-4012/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4012/2023

21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4012/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərəflərin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış nikahın vaxt verilmədən pozulması, mediasiya şurasına müraciət edilən gündən hesablanmaqla birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin, mediasiya xərcinin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər Gəncə şəhəri Kəpəz rayonu Qeydiyyat Şöbəsində 771 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə xx.xx.2008-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikahlarının ilk dövründə ailə münasibətləri normal olmağına və mehriban yaşamaqlarına baxmayaraq bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehlə xasiyyətlərinin uyğunlaşmaması olmuşdur. Dəfələrlə ailə münasibətlərini bərpa etməyə çalışsa da, heç bir nəticəsi olmamış, cavabdehlə münasibətləri pozulmuşdur. Faktiki olaraq 2022-ci ilin dekabr ayından ayrılmışlar və ailə münasibətlərinin bərpası mümkün deyildir. Cavabdeh “Az pul manat” kredit təşkilatının problemli kreditlər şöbəsində işləyir, 500 manat əmək haqqı alır, üstəlik hər ay maaşına artımlar olur, həmçinin 2-ci qrup əlil olduğundan hər ay 200 manat məbləğində sosial pensiya alır, eyni zamanda fərdi qaydada *2244 taksi şirkətində sürücü kimi fəaliyyət göstərir və beləliklə kifayət qədər gəliri olur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini və hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh ərizə verərək, iddianı qismən qəbul etdiyini qeyd etmiş, nikahın vaxt verilmədən pozulmasını, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay iki uşaq üçün ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə iclasında tərəflərin izahatından və cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən aydın olur ki, tərəflər uzun müddətdir ki, ayrılıqda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Onlar nikahlarının pozulmasına qarşılıqlı şəkildə razıdırlar. Buna görə də məhkəmədən barışıq üçün vaxt verilmədən nikahlarının pozulmasını xahiş edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahı pozulma səbəbi məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Bundan başqa, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Məhkəmə hesab edir ki, uşaqlar yetkinlik yaşına çatmadığından, onların ana qayğısına daha çox ehtiyacı olduğundan, hazırda da iddiaçı ilə birlikdə yaşadıqlarından, eləcə də uşaqların hüquq və mənafeləri, anasına bağlılığı nəzərə alınaraq hazırkı faktiki vəziyyətə uyğun olaraq tərəflərin birgə nikahlarından anadan olmuş və yetkinlik yaşına çatmamış iki uşaqları anasının (iddiaçının) yanında qalmalıdır. Məhkəmə uşaqların iddiaçının yanında qalması qənaətinə gələrkən həm də onu nəzərə alır ki, cavabdeh nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqların iddiaçının yanında qalmasına etiraz etmədiyini bildirmişdir. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, tərəflərin yetkinlik yaşına çatmayan uşaqları iddiaçının yanında saxlandığından, iddiaçı alimentin sabit pul məbləğində tutulmasını xahiş etdiyindən, habelə cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçı sübut təqdim etmədiyindən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləği şəklində tutulmalıdır. Alimentin sabit pul məbləğində tutulması əsasları və qaydası Ailə Məcəlləsinin 78.1ci maddəsinə nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan başqa, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin tələb edilən miqdarda alimenti ödəməyə qismən razılığını, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iki uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli aliment barədə ərizənin mediasiya təşkilatına verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, MPM-in 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh ilkin mediasiya sessiyasında üzürlü səbəb göstərmədən iştirak etməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia əsas hissədə əsaslı olduğundan iddiaçı tərəfindən dövlət rüsumu üçün ümumilikdə ödənilmiş 50 manatın əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilməlidir. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən ərarvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 771 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 İddiaçı yanında qalsın. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcinə görə 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar