Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4133/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İsmayılova İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 206/2025 nömrəli qərardadı ilə xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 200 manat həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı il tarixdə olmuş X7 adlı bir uşaqları anadan olmuşdur. Onlar arasında olan ailə münasibətləri pisləşdiyindən məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş və azyaşlı Zəhranın saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh müraciəti əsasında təyin edilmiş aliment məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-206/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bu isə faktiki olaraq, 428 manat məbləğində aliment məbləği deməkdir. O, xx.xx.2021-ci il tarixdə X2 ilə nikahlarını qeydə aldırmaqla nikaha girmişlər. Onların bu münasibətlərindən xx.xx.2022-ci il tarixdə Milay və xx.xx.2025-ci il tarixdə Gülay adlı iki uşağı anadan olmuşdur. O, satıcı işləyir və aylıq əmək haqqı azdır. Belə ki, aliment öhdəliyi ilə yanaşı onun himayəsində 3 nəfər ailə üzvü vardır. Onun əmək haqqından çox təyin olunan aliment məbləğini ödədikdən sonra o və ailəsinin ən zəruri ehtiyaclarını qarşılamağı mümkünsüz hala çevrilir. O bir ata kimi məsuliyyətini dərk edir və bilir ki hər üç uşağını da böyütmək, onların ehtiyaclarını qarşılamaq onun vəzifəsidir. O, ailəsinin maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etdiyini, xx.xx.2016-cı il tarixdə olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 240 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasına razı olduğunu, etirafın hüquqi nəticələrinin ona izah olunduğunu və ona məlum olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-206/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1449/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuşdur, xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İşdə olan AZ-İİ seriyalı 449287 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında olan nikah xx.xx.2021-ci il tarixdə Gəncə «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 1575 akt qeyd nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı 804405 nömrəli və AZ-V seriyalı 069732 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2025-ci il tarixdə anadan olmuş X9 adlı uşaqların atası İddiaçı, anası isə X4r. İşdə olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerinə dair arayışdan görünür ki, İddiaçı əmək müqaviləsi üzrə satıcı kimi çalışır və aylıq əmək haqqı 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1449/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə olmuş X1 üçün alimentin təyin edilməsindən sonra İddiaçı xx.xx.2021-ci il tarixdə X6 ilə nikaha girmiş, həmin nikahdanxx.xx.2022-ci il tarixdə X8 və xx.xx.2025-ci il tarixdə X9 adlı anadan olmuşdur. Bununla da İddiaçı ailə və maddi vəziyyətində dəyişlik baş vermiş, həmçinin Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1449/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-206/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş və həmin alimentin məbləği faktiki olaraq, 428 manat məbləğində müəyyənləşdirilmişdir (1,07 x 400 manat). Hazırda İddiaçı satıcı işləməklə, hər ay 200 manat məbləğində rəsmi əmək haqqı alır. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)-1449/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-206/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2016-cı il tarixdə olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,60 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(044)- 1449/2019 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-206/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2016-cı il tarixdə olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,60 (sıfır tam onda altı) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4133/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4133/2025
15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver