Məhkəmə qərarları › İş №2(125)-4248/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4248/2024

04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4248/2024 04.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin faktiki nikahından bir uşaq - xx.xx.2008-ci il təvəllüdlü X3 doğulmuş, həmin uşağın atasının Cavabdeh olmasına dair Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən “atalığın müəyyən edilməsi haqqında” AZ-İ seriyalı, 246734 nömrəli, xx.xx.2016-cı il tarixli şəhadətnamə verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsində 329 nömrə ilə qeyd etdirməklə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X5 doğulmuşdur. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı “nikahın ləğvi” tələbinə dair iddiası üzrə mülki işə baxılmış, iddia təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, birgə nikahdan 09 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər birinə sabit pul məbləğilə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat alimentin tutularaq cavabdehlə birgə nikahdan doğulmuş X3 və X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Tərtər Rayon Məhkəməsinin 8(061)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbkar İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə icra məmuru Cahangir Alıyev tərəfindən verilmiş təqdimat təmin edilmiş, tələbkar İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə tələbdən imtinası qəbul edilmişdir. Tərtər rayon İcra və probasiya şöbəsinin icra məmuru Cahangir Alıyevin “icraata xitam verilməsi haqqında” 23 may 2024-cü il tarixli qərarı ilə tələbkar İddiaçı tələbdən imtina etdiyindən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə icra icraatına xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə olan nikahları Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnamə əsasında birgə nikahdan olan İbrahim və Yaqut adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat aliment müəyyən edilmişdir. Bundan sonra anası Türkiyədə əməliyyat olunanda cavabdeh uşaqların onunla birlikdə xaricə getməsinə etibarnamə vermək üçün ondan alimentdən imtina barədə ərizə tələb etmişdir. Onun bu barədə verdiyi ərizə əsasında Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixıoi qərardadı ilə aliment tələbindən imtinası qəbul edilmişdir. Qərardad çıxan vaxtdan indiyənədək cavabdeh alimenti ödəməmişdir. Hazırda maddi cəhətdən çətinlik çəkir. Uşaqlar böyüyüb, xərcləri də artmışdır. Cavabdeh hərbiçidir, yüksək əmək haqqı alır, xeyli məbləğdə aliment verməyə imkanı vardır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə etdi ki, aliment tələbindən cavabdehin təkildi ilə imtina etsə də, hazırda uşaqlarını təkbaşına saxlaya bilmir və yenidən cavabdehdən aliment tələb edir. Cavabdeh hərbiçidir, maddi vəziyyəti yaxşıdır, onun tələb olunan miqdarda alimenti ödəmək üçün imkanı var. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə sorğusuna Tərtər Rayon Məhkəməsinin 8(061)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, tələbkar İddiaçı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4253/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli icra sənədi üzrə “tələbdən imtinasının qəbul edilməsi”nə dair ərizəsinə əsasən icra məmuru Cahangir Alıyev tərəfindən verilmiş təqdimat Tərtər Rayon Məhkəməsinin 8(061)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmişdir. Həmin qərardadın surəti xx.xx.2024-cü il tarixli məktubla tələbkarın və borclunun ünvanına göndərilmiş, lakin tərəflərin ünvanında yaşamamaları qeydi yazılmaqla məktub rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə sorğusuna Tərtər rayon İcra və probasiya şöbəsinin 26294/10 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Cavabdeh 2 uşağın saxlanması üçün hər ay 200 manat aliment tutularaq İddiaçı verilməlidir. İcraat dövründə İddiaçı Tərtər rayon İcra və probasiya şöbəsinə notarial qaydada ərizə təqdim edərək alimentdən imtina etdiyini və gələcəkdə bununla bağlı heç bir iddia qaldırmayacağını bildirmişdir. Tələbdən imtinanın qəbul edilməsi ilə bağlı Tərtər Rayon Məhkəməsinə təqdimat verilmiş, Tərtər Rayon Məhkəməsinin 8(061)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tələbdən imtinası qəbul edilmişdir. İcra məmurunun xx.xx.2024cü il tarixli qərarı ilə icra sənədinin icraatına "İcra haqqında” qanunun 20.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı tərəflərə göndərilmiş, lakin sadə poçtla göndərildiyi üçün tərəflərin rəsmi qaydada alması barədə məlumat daxil olmamışdır. Bu barədə tələbkar Tərtər rayon İcra və probasiya şöbəsinə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh yetkinlik yaşına çatmamış İbrahim və Yaqut Məmmədovların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, habelə tərəflərin ümumi uşaqlarının saxlanılması üçün aliment tələbi davam edən münasibət olduğundan iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməlidir. Lakin məhkəmə mütənasiblik prinsipini, eləcə də aliment tələbi üzrə iddiaçının dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə görə 50 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 15,60 (on beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar