Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4351/2025 05.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2024-cü tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 246 manat məbləğində alimentin və X3 3 yaşına çatanadək hər ay 100 manat mələğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o və Cavabdeh arasındakı nikah xx.xx.2013-cü il tarixdə qeydə alınmış, onların həmin nikahından xx.xx.2014-cü il tarixdə Xədicə və xx.xx.2016-cı il tarixdə Rafael adlı iki uşaqanadan olmuşdur. Lakin Cavabdehla aralarındakı ər-arvad münasibətləri pisləşdiyindən onun tələbi əsasında Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)-688/2020 nömrəli qətnaməsi ilə həmin nikah pozulmuş, birgə nikahdan xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qət edilmişdir. Daha sonra 2021-ci il tarixdə onunla Cavabdeh arasında olan ər-arvad münasibətləri bərpa olunmuş və faktiki nikah münasibətlərinə daxil olmuşlar. Onlar arasındalkı nikah qeydə alınamış və birgə münasibətlərindən xx.xx.2024-cü il tarixdə X9 anadan olmuşdur. Hazırda cavabdehlə aralarındakı münasibətlər pisləşmiş və aralarındakı faktiki ər-arvad münasibətləri başa çatmışdır. Cavabdeh S.Cavabdeh maddi tələbatının ödilməsinə ona heç bir dəstək göstərmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində Cavabdeh iddianı qismən qəbul edərək xx.xx.2024-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmasına razıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-V seriyalı 021524 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cüdə Gəncə şəhərində anadan olmuş, ana adı qrafasında İddiaçı, ata adı qrafasında Cavabdeh göstərilmişdir. İşdə olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(043)- 688/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdehj ilə X6 arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində 469 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşduur, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X5 anaları X2 yanında qalmaları, həmin uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin (********** VÖEN) surətindən görünür ki, İddiaçı vergi ödəyicisi kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatında alınmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü işləyir və 410 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də cavabdeh ilə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, cavabdehin hər ay 150 manat sabit pul məbləğində aliment ödəməyə razılığını nəzərə alaraq, hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Qanunvericiliyin öyrənilən normalarının tələbindən göründüyü kimi ər-arvadın birbirinə qarşı hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı anından yaranır. Hazırki halda müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərəflər arasında nikahın bağlanmasının dövlət qeydiyyatı aparılmamış, bununla da onların bir-birinə qarşı ər-arvadın hüquq və vəzifələri, eləcə də bir-birindən aliment tələb etmək hüququ yaranmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia X3 3 yaşına çatanadək hər ay 100 manat alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 (sıfır tam yüzdə əlli beş) misli həddində sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4351/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4351/2025
05.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver