Məhkəmə qərarları › İş №2(125)-4466/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4466/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4466/2024 29.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Şakir oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin birgə nikah dövründə əldə etdikləri, Cavabdeh1 ilə, ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 58,9 kvadratmetr evin alqı-satqısına dair 26 oktyabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və evin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan, ünvan 1 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən, 58,9 kvadratmetr evi alıcı Cavabdeh2 satmaqla bağlı razılığa gəlmişdir. Alıcı Cavabdeh2 Hüseyqulu oğlu həmin vaxt Gəncə şəhərində fəaliyyət göstərən 2 saylı Notariat Kontorunun notariusu işləmişdir. Alıcı kimi sənədləşmə Cavabdeh1 adına sənədləşsə də evin qiyməti, ödənilməsi qaydası, məbləği barədə Cavabdeh2la danışmışlar. Cavabdeh2la sövdələşməyə görə ünvan 1 ünvanda yerləşən mülkü 100000 manata alqı-satqı etməyə razılaşmışdır. Cavabdeh2 ev alqı-satqısı ilə məşğul olduğu vaxtlardan tanımış, etibarlı, dürüst, qanunpərəst insan kimi bilmişdir. Cavabdeh2 ona bildirmişdir ki, evin dəyəri olan 100000 manatı hazırda tam şəkildə ödəmək imkanı yoxdur. Ona görə də evi alqı-satqı edəndə 20000 manata alqı-satqı edək və qalan 80000 manatı isə bir il müddətində ona şəxsən özü verəcək. O, bildirmişdir ki, bu evi 20000 manata heç bir notarius alqı-satqı etməz, çünki qiymət çox aşağıdır. Cavabdeh2 “o iş mənlikdir, mən həll edəcəm”-demişdir. O da cavabdehin hörmətli bir notarius olmasını, onu bir il ərzində 80000 manat pulu ona ödəmək imkanının olmasını, həmçinin Cavabdeh2 etibarlı, sözünə əməl edən şəxs kimi tanıdığından ona inanmış və bir notarius olaraq şəhər ictimaiyyəti arasında nüfuzunun olması səbəbindən alqı-satqı müqaviləsini onun təklif etdiyi şərtlərlə bağlamağa məcbur olmuş, sözünü yerə sala bilməmişdir. Bundan sonra ünvan 1 ünvanda yerləşən mülkü Cavabdeh2 arvadı Cavabdeh1 ilə (etibarnamə üzrə nümayəndəsi X9 təmsilçiliyi ilə) 20000 manata 26 oktyabr 2022-ci ildə AN-İ ******* saylı alqı- satqı müqaviləsi bağlamışlar. Ancaq Cavabdeh2 razılaşmanı pozmuş və ona verilməli olan 80000 manat pulu bir il müddətində, yəni 2023-cü ilin oktyabr ayınadək verməmişdir. Dəfələrlə pulu istəsə də, ona vəd verərək pulu verəcəyini desə də, ödəniş etməmişdir. Əksinə, onu bu tələbdən çəkindirmək, susdurmaq, təzyiq göstərmək məqsədilə cavabdeh hazırkı iş üzrə Cavabdeh2 Gəncə Şəhər Məhkəməsində, qaynı arvadı X3 adından ona qarşı ünvan 2 ünvanda yerləşən, ona satılmış evin (evin əsil sahibi Cavabdeh2dur, iddiaçı həmin evin harada yerləşməsini belə bilmir) “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və evin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia qaldırmışdır. Gəncə şəhərində “Butulkalı ev” deyilən evin qonşuluğunda, 0,015 ha torpaq sahəsində (alqı-satqıda 3000 manat dəyərləndirilmiş) yerləşən 58,9 kvadratmetr ümumi sahəsi olan evin dəyəri 17000 manat (ümumilikdə 20000 manat) olması inandırıcı və real deyildir. Əgər bu qiymətə bu evi adi sıradan bir vətəndaş alqısatqı etməyə cəhd etmiş olsa heç bir notarius bu əməliyyatı aparmazdı. O səbəbdən ki, qiymət olduqca aşağıdır və real qiymət hesab edilə bilməz. Ancaq Cavabdeh2 notarius olaraq bu alqı-satqının həyata keçirilməsini nüfuzundan istifadə etməklə həyata keçirmiş, onu isə aldadaraq evin real dəyərindən qalan, razılaşdıqları 80000 manatı verməkdən boyun qaçırır. Əgər Cavabdeh2 onu vəd verərək aldatmasa o, bu evi 20000 manat ona satmazdı. Çünki, evin real dəyəri 20000 manat deyil, 100000 manatdır. Ona görə də o, mübahisəli evin ekspertiza keçirilməklə qiymətləndirilməsi barədə məhkəmədə vəsatət qaldıracaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda 0.03 ha torpaq sahəsində yerləşən, 58,9 kvadratmetr ümumi sahəsi olan mülkün 26 oktyabr 2022-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış pul ona ödənilmədiyi üçün bu müqavilənin onun qanunla qorunan hüquq və mənafeyinə zidd olmaqla ona 80000 manat ziyan vurması, nəticədə onun ağır maddi duruma düşməsi səbəbindən ləğv edilməsini və evin boşaldılmasını iddia edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisində AN-İ seriyalı, ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli, 4Ə-1317 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanan zaman digər Cavabdeh2 vədi əsasında iddiaçı üçün əlverişli olmayan müqavilə imzalanmışdır. Bu da Cavabdeh2 ilə iddiaçı arasında olan etibarlı münasibətlərdən irəli gəlmişdir. Belə ki, iddiaçı inanmışdır ki, cavabdeh öz vədinə əməl edəcək, buna görə alqı-satqı müqaviləsinin bağlanılmasında rahatlığa gedilmiş və ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evinin 20000 manata satılması barədə notariat ofisində alqı-satqı müqaviləsi bağlanılmış, lakin, Cavabdeh2 qalıq qalan 80000 manatı 1 il ərzində ödəməsi barədə müqavilədən kənar öhdəlik götürmüşdür. Ümumiyyətlə, iddiaçı və cavabdeh çoxdan tanış olmaqla, aralarında səmimi münasibətlər olmuşdur. Buna görə də iddiaçı etibar etmişdir ki, Cavabdeh2 1 il ərzində razılaşdıqları kimi 100000 manat məbləğində puldan qalan 80000 manat məbləğində pulu ödəyəcəkdir. Hal-hazırki vəziyyətdə isə iddiaçının cavabdehə göstərdiyi etimad və gözlənti özünü doğrultmamışdır. O cümlədən, evin qiymətləndirilməsi ilə bağlı sənəd təqdim edilmiş və evin dəyərinin həmin dövr üçün 100000 manatdan da çox olması müəyyən edilmişdir. Həmçinin, notariat ofisinin də mübahisəli ünvanı 20000 manata alqısatqı etməsi şühə doğuran haldır. Belə ki, notariat ofisləri adətən qiyməti baha olan əmlakı aşağı qiymətə alqı-satqı etməkdən imtina edirlər. Çünki, notariat ofisləri hesab edir ki, əmlakın dəyərini aşağı göstərməklə, vətəndaşlar vergi və rüsumların ödənilməsindən yayınmaq niyyəti daşıyırlar. Ona görə də şəhərin mərkəzi olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evinin 20000 manata satılması inandırıcı deyildir. İddiaçı hesab edir ki, evi alan tərəf Cavabdeh2 olduğuna, Cavabdeh2 notarius işlədiyinə görə onun nüfuzu əsasında bu alqı-satqı müqaviləsi bağlanmışdır. Əks halda notariat ofisi sözügedən əmlakı heç bir zaman 20000 manata alqı-satqı etməz və bu əməliyyatı həyata keçirməzdi. Buna görə hesab edirlər ki, müqavilə etibarsız hesab edilməlidir. Lakin, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı müddəalara gəldikdə həmin müddəalar notarisun hərəkətləri ilə bağlı deyil, məhz qarşı tərəfin məsələyə münasibəti ilə bağlıdır. Hansı ki, aldatma və nüfuz ilə bağlı təsirlər olduğuna görə bu birbaşa cavabdehə aid olan etibarsızlıqdır. Ancaq, eyni zamanda notariat ofisinin hərəkətləri də, belə ki, mübahisəli əmlakın 5 dəfə, kifayət qədər aşağı məbləğə qiymətləndirilməsi və bu məbləğdə alqı-satqı müqaviləsinin bağlanmasında notariat ofisinin günahı vardır. Odur ki, iddia əsaslıdır və buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tam əsassızdır. İddia ərizəsində qeyd edilənlərin heç biri həqiqəti əks etdirmir. Mülki Prosessual Qanunvericiliyə görə hər bir tərəf istinad etdiyi halı sübut etməlidir. İddiaçın iddiasına görə cavabdehlə arasında olan razılığa əsasən iddiaçı mülkiyyətində olan mübahisəli əmlakı 100000 manata cavabdehlərə satmışdır. Lakin, bununla bağlı iddiaçı tərəfin hər hansı bir sübutu yoxdur. İddiaçının qeyd etdiklərinin hamsı fərziyyələrdən ibarətdir. Alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi əsasında formalaşan əqd olmaqla tərəflərin iradə ifadəsi nəticəsində bağlanır. İddiaçı özü uzun müddətdir ki, evlərin alqı-satqısı ilə məşğuldur. İddiaçının adına kifayət qədər əmlaklar vardır. Şəhərdə onu makler kimi tanımayan adam yoxdur. Bu da onu deməyə əsas verir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanması qaydası, alqı-satqı etməyin qaydalarını hamıdan yaxşı bilir. Bu baxımdan alqı-satqı zamanı iddiaçını aldatmaq qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəf bildirir ki, Cavabdeh2 qohumu iddiaçıya qarşı iddia qaldırdığı üçün o da cavabdehlərə qarşı hazırki iddia tələbi ilə çıxış etmişdir. Bu hal da hazırki iddianın əsassız olduğunu göstərir. İddiaçı əgər evi 100000 manata satmaq istəsəydi bunun üçün nisyə alqı-satqı müqaviləsi də bağlaya bilərdi. Ümumiyyətlə onlar arasında 100000 manata evi satmaq barədə əvvəlcədən sövdələşmə olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 28 noyabr 2024-cü il tarixində keçirilən iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə çox səmimi dostluq münasibətləri olmuş və iddiaçının vaxtilə alqı-satqı fəaliyyəti ilə məşğul olmasına da o, kömək etmiş və şərait yaratmışdır. İddiaçı onun vasitəsi ilə tanınmışdır. 2008-ci ildən elektron məlumat bazası yaranmışdır. Həmin bazada yoxlama aparılsa iddiaçı qədər adı notariat hərəkətlərində çəkilən bəlkə də ikinci şəxs yoxdur. İddiaçının adına saysızhesabsız əmlaklar vardır. İddiaçı özü notariat işinin aparılması qaydasını hamıdan yaxşı bilir. Ona görə də iddiaçını aldatmaq mümkün deyildir. Mübahisəli ünvanı almağı iddiaçı təklif etmiş, həmin əmlaka baxmış, 20000 manata həmin əmlakı almağa razılaşmış, müqavilənin şərtlərinə uyğun olaraq da həmin məbləği iddiaçıya ödəyərək mübahisəli əmlakı almışlar. Mübahisəli əmlakda hal-hazırda yaşayış yoxdur və tamamilə yararsız vəziyyətdədir. İddiaçı ilə arasında olan dostluq münasibətinə görə həmin evi almış və fikirləşmişdir ki, gələcək üçün ev almağın ziyanı yoxdur. İddiaçı ilə 100000 manat məbləğində mübahisəli evi almaq barədə sövdələşmə aparmamış, heç notariat kontoruna özü belə getməmiş, alqı-satqıda oğlu iştirak etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, özü ev alqı-satqısı ilə məşğuldur. Cavabdeh2 notarius olduğu üçün tanımışdır. O, İddiaçı 50000 manat borc pul istəmiş, lakin Natiq ona ev satdığını və onun pulunu satdığı adamdan alıb verəcəyini bildirmişdir. Natiq ilə birlikdə Nəsibin işlədiyi notariusa gəlmiş, lakin o, özü çöldə gözləmişdir. Natiq və Nəsib arasında olan danışıqların şahidi olmamışdır. Yalnız İddiaçı Cavabdeh2 ona pul borclu olduğunu demişdir. İddiaçı, ümumiyyətlə, ona ünvan 4 ünvanını 100000 manata satdığını bildirmişdir. Lakin, tərəflər arasında alqı-satqının 100000 manat razılaşdırılaraq müqaviləyə 20000 manat yazdırılması barədə danışıqları eşitməmiş və məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18 noyabr 2021-ci il tarixli, **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh1 arasında AN-İ seriyalı, ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli, 4Ə-1317 reyestr nömrəli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının müıkiyyətinə verir. Satıcı İddiaçı ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evini – alıcı Cavabdeh1 satır. Gəncə şəhəri, Nizami rayonu, Hüseyn Cavid küçəsi, 17 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni alıcının mülkiyyətinə verir. Satıcı İddiaçı ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini – alıcı Cavabdeh1 satır. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən Satıcıya məxsusdur. ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə İddiaçı verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə 58,9 kvadratmetr. ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2021 tarixdə İddiaçı verilmiş **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,015 ha real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2022 il tarixli, qeydiyyat nömrəsi **********KW78101 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrdən əldə edilmiş xx.xx.2022 il tarixli, qeydiyyat nömrəsi **********KW78101 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 20000 manat 00 qəpik qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı. Alıcı Cavabdeh1 satıcı İddiaçı satdığı (58.9 kvadratmetr) 17000 manat 00 qəpik qiymətinə aldı. Alıcı Cavabdeh1 satıcı İddiaçı satdığı (0.015 ha) ondan 3000 manat 00 qəpik qiymətinə aldı. MuğanBank ASC-nin 26 oktyabr 2022-ci il tarixli, 649104 nömrəli mədaxil qəbzdən görünür ki, İddiaçı 20000 (iyirmi min) manat pulu imza edərək notariusun depozit hesabından götürmüşdür. **********934 nömrəli, 8İ-3934 reyestr nömrəli X8 tərəfindən notariat ofisinə ünvanlanmış ərizənin surətindən görünür ki, X8 birgə nikah dövründə əldə edilmiş əri – İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 0,015 ha torpaq sahəsinin və üzərindəki 58,90 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin istənilən qiymət və şərtlərlə satılmasına razılıq verir. Gələcəkdə bağlanacaq müqavilələrdə göstərilən müddət ərzində əmlakı boşaltmağı və pasport qeydiyyatından çıxmağı öz üzərinə götürür. Eyni zamanda bəyan edir ki, satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. İddia ərizəsinin surətindən görünür ki, iddiaçı X4 cavabdehlər İddiaçı, X5, Gəncə şəhəri 5 saylı Notariat Ofisi, Gəncə şəhəri 1 saylı Notariat Ofisi və üçüncü şəxs X2 qarşı “etibrnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və evin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldırmışdır. Əmlakın Qiymətləndirilməsi MMC tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli, ƏQ- 342/2024 nömrəli daşınmaz əmlakın qiymətkləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, qiymətləndirmə işi X1 və Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılmışdır. Aparılmış hesablamara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, 0,035 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 45,5 kvadratmetr ümumi sahədən ibarət, 1 mərtəbəli fərdi yaşayış evinin, 0,035 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2024-cü il tarixə likvid dəyəri 120640 manat təşkil edir. Real bazar dəyəri 132704 manat təşkil edir. 21 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 18 noyabr 2021-ci il tarixli, **********29-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən Çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvad olmaqla, İddiaçı sözügedən əmlakı Cavabdeh2 satmaq qərarına gəlmişdir. Bu məqsəd ilə İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evini 20000 (iyirmi min) manata Cavabdeh1 sonuncunun nümayəndəsi Elvin İmanov vasitəsilə satmışdır. MuğanBank ASC-nin 26 oktyabr 2022-ci il tarixli, 649104 nömrəli mədaxil qəbzinə əsasən İddiaçı 20000 (iyirmi min) manat pulu imza edərək notariusun depozit hesabından götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisində AN-İ seriyalı, ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli, 4Ə-1317 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh1 21 noyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən Çıxarış verilmişdir. Hal-hazırda İddiaçı Cavabdeh1 ilə aralarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli, 4Ə-1317 reyestr nömrəli alqı-satqı müqaviləsini mübahisələndirərək, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılmasına dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin, məhkəməyə məktub göndərərək, mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 ilə arasında alqı-satqı müqaviləsi bağlanan zaman digər Cavabdeh2la ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evinin alqı-satqı müqaviləsində qeyd edilən 20000 manat məbləğində deyil, 100000 manat məbləğində alqı-satqı etməyə razılaşdıqlarını əsas gətirərək, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evinə dair Cavabdeh1 ilə arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri 5 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli, 4Ə- 1317 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və evin boşaldılmasını tələb etmişdir. Lakin, məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə iclasında öz təsdiqini tapmadığından, eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə qeyd edilən xüsusatların təsdiq olunması barədə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır. Əksinə tədqiq olunan sübutlardan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 58,9 kvadratmetr olan fərdi yaşayış evini notariat ofisində öz iradəsini ifadə edərək cavabdehə satmışdır. Həmçinin qeyd olunmalıdır ki, AZEMİS-də olan məlumatlar onu deməyə əsas verir ki, İddiaçı əmlakın alqı-satqısı ilə bağlı kifayət qədər biliklərə və məlumatlara malikdir. Belə ki, İddiaçı daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı çoxsaylı notariat hərəkətlərinin subyekti olmuşdur. Onun iştirakı ilə yüzlərlə əqdlər bağlanılmış və etibarnamələr verilmişdir. Bu baxımdan İddiaçı satmış olduğu əmlakın qiyməti ilə bağlı yanılması ağlabatan və inandırıcı deyildir. Digər tərəfdən İddiaçı Cavabdeh2la mübahisələndirilən daşınmaz əmlakın satış qiymətinin əvvəlcədən 100000 manat müəyyən edilməsi və alqısatqı müqaviləsində həmin qiymətin 20000 manat kimi rəsmiləşdirilməsi, qalan 80000 manatın isə öz aralarında şifahi qaydada razılaşdırılaraq dəyərinin ödənilməsi barədə sövdələşmələri məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neqanti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından gələ bilər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericiliyin müəyyən etdiyi digər hallar da məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, mübahisələndirilən daşınmaz əmlakın alqı-satqı qiymətinin onun həmin vaxt üçün real bazar dəyərindən aşağı göstərilməsi hələ özü-özlüyündə alqı-satqı müqaviləsinin etibarsız olması qənaətinə gəlmək üçün əsas deyildir. Belə ki, mülkiyyətçinin öz əmlakına istədiyi kimi sərəncam verməsi, yəni könüllü olaraq bu yöndə iradəsini ifadə etməsi faktı həmin əqdin qanunvericiliyin tələbinə uyğun bağlanması, yəni legitimliyi üçün əsasdır. Bu baxımdan məhkəmə əqdin etibarsızlığı anlayışının nədən ibarət olmasını qeyd etməyi lazım bilir. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alqı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər. Məhkəmə hazırkı mübahisə ilə bağlı mülki qanunvericiliyin zəruri olan hüquq normalarını da qeyd etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3-cü maddəsinə əsasən əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4-cü maddəsinə əsasən kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5-ci maddəsinə əsasən predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.6-cı maddəsinə görə yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir. 347.7-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarına əlavə edilmiş mübahisələndirilən alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiqlənmişdir. Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən alqısatqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə son olaraq qeyd edir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddiaçının tələbi rədd edildiyindən, onun digər tələbi olan evin boşaldılması tələbi də rədd edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-in “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu da İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gəncə şəhəri 5 saylı Notariat Ofisi) qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və evin boşaldılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar