Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4474/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehn qarşı «aliment məbləğinin azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 136/2025 nömrəli qərardadı ilə xx.xx.2016-cı təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 150 manat həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının vəkili Vəkil məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-136/2025 nömrəli qərardadı ilə xx.xx.2016-cı tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 250 manat həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı tarixdə X4 adlı bir uşaqları anadan olmuşdur. Onlar arasında olan ailə münasibətləri pisləşdiyindən məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuş və azyaşlı Dənizin saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh müraciəti əsasında təyin edilmiş aliment məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-136/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,15 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bu isə faktiki olaraq, 460 manat məbləğində aliment məbləği deməkdir. Onun iş yeri və daimi gəliri yoxdur. O bir ata kimi məsuliyyətini dərk edir və uşağının ehtiyaclarını qarşılamaq vəzifəsini dərk edir. Lakin Cavabdeh ilə birgə nilkadan doğulmuş uşağa valideyinlik vəzifəsi yalnız ona məxus deyil, Cavabdeh da belə vəzifələri vardır. O, özünün belə ən zəruri maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, idman üzrə məşqçi müəllim kimi çalışsa da təyin olunan aliment məbləği xx.xx.2016-cı təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, o, Bakı şəhəri Kürdəxanı qəsəbəsində yerləşən evini aylıq 300 manat kirayə haqqı almaq şərti ilə kirayəyə vermiş, azyaşlı uşağının məktəbinə yaxın olması üçün Bakı şəhəri, Yasamal rayonunda aylıq 600 manat kirayə haqqı olan mənzildə kirayədə yaşamağa məcbur olmuşdur xx.xx.2016-cı təvəllüdlü X4 Bakı şəhəri 20 nömrəli məktəb-lisey kompleksində təhsil alır, beynəlxalq olimpiadalarda iştirak edir, xarici ölkələrə səfər edir. Bundan başqa azyaşlı Dəniz əlavə məşğuliyyət olaraq idmanla, rəqslə və.s məşğul olur. Həmçinin uşağın geyim, qida, əyləncə, təhsil və s. xərcləri kifayət qədər yüksəkdir. Uşağın aylıq xərcləri ümumilikdə 800 manat təşkil edir. Buna görə də hazırda İddiaçı tərəfindən ödənilən aliment həmin uşağın saxlanması üçün yeterlidir. Həmin məbləğ azaldılsa bu onunla övladının maddi vəziyyətini pisləşdirəcəkdir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri və iddiaçının vəkilini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-136/2025nömrəli qərardadından görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 1164/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuşdur. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən verilən məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı Gəncə-Daşkəsən regional Məşğulluq filialında işsiz kimi qeydiyyatdadır. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş uçota dair arayışdan görünür ki, İddiaçı (VÖEN **********) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2025-ci il tarixdən xx.xx.2100-cü il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyətini dayandırmış vəziyyətdədir. İşə əlavə edilən Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə əldə edilmiş çıxarışdan görünür ki, Əliyeva X3-Astara regional Təhsil İdarəsində idman üzrə məşqçimüəllim kimi çalışır və 1.466 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-136/2025 nömrəli qərardadına əsasən Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 1164/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.15 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Bu isə faktiki olaraq 460 manat məbləğində müəyyənləşdirilmişdir (1,15 x 400 manat). Bundan bir müddət sonra yəni xx.xx.2025-ci il tarixdə İddiaçı (VÖEN **********) sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2100-cü il tarixədək dayandırılmışdır. Hazırda İddiaçı işsiz statusundadır, rəsmi iş yeri və əmək haqqı mövcud deyildir. Bu isə məhkəmə qərarından sonra iddiaçının maddi vəziyyətində əsaslı dəyişikliyin olduğuna əsas verir. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 1164/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 136/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2016-cıdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-1164/2018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-136/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2016-cıdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,75 (sıfır tam yüzdə yetmiş beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-4474/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4474/2025
24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver