Məhkəmə qərarları › İş №2(125)-4550/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4550/2024

13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4550/2024 13.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat məbləğində alimentin və ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manatın tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2022-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Zəhra və xx.xx.2024-cü ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. 2024-cü ilin may ayından etibarən cavabdeh onları tərk edib Rusiyaya getmişdir. Həmin ilin iyul ayında isə övladı dünyaya gəlmişdir. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Analıq məzuniyyətində olduğu üçün işləmir, uşaqların saxlanılmasında çətinlik çəkir. Qızıllarını lombarda qoyub əldə etdiyi pulla uşağın ehtiyaclarını almışdır. Cavabdeh isə könüllü olaraq heç bir maddi dəstək göstərməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək işsiz olduğunu və aliment ödəməyə maddi imkanının olmadığını göstərdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 525144 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2022-ci il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 836 nömrə ilə qeydə alınmışdır. AZ-İV 746959 nömrəli və AZ-V 007328 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin xx.xx.2022-ci ildə Zəhra və xx.xx.2024-cü ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/1/MT007/2024-01428 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərc İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X4» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşaqlara qayğı göstərmək borcu olduğunu, uşaqların maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 68 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci ildə anadan olmuş X2 və xx.xx.2024-cü ildə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş 55 manat mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 68 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar