Məhkəmə qərarları › İş №2(125)-462/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-462/2025

06.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-462/2025 06.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Əlizadə Ümid Maqsud oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay onun xeyrinə 235 manat məbləğində alimentin tutulmasına, ödənilmiş 60 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində rəsmi qeydiyyatdan keçməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 1 övladları dünyaya gəlmişdir. xx.xx.2013-cü il təvəllüdlü X3. Cavabdeh ilə bir müddət normal yaşadıqdan sonra cavabdehlə aralarında narazılıqlar olmuş, xasiyyətləri uyğun gəlmədiyindən cavabdehlə aralarında olan ər-arvad münasibətlərinə son qoymaq məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh ilə heç bir əlaqəsi yoxdur. Cavabdehlə ayrıldıqları bu müddət ərzində cavabdeh uşağına könüllü maddi və mənəvi yardım göstərməmişdir. Hazırda azyaşlı uşaqla birlikdə maddi çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq göstərdi ki, cavabdehin digər uşaqları üçün aliment borcu yoxdur. Onun 18 yaşı tamam olmuşdur. Uşaq hazırlığa getdiyinə görə 150 manat puldan başqa heç bir maddi köməklik etməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddianı qəbul etməyib izahatında göstərdi ki, Cavabdeh fəhlədir, digər uşağa görə aliment borcu yığılmışdır, ödəməyə imkanı yoxdur. Uşağın saxlanılması üçün pullar göndərmişdir, ancaq çekləri olmadığından sübut edə bilməmişdir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 693399 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2012-ci ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 42 nömrə ilə qeydə alınmışdır. AZ-İİ 987213 nömrəli doğum haqqında şəhadətnamənin əsli ilə üzləşdirilmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü ildə Nilay adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il tarixli, MŞG/1-02151 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10:30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərc İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın maddi təminatının mümkün qədər maksimal saxlanmasını, nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Mediasiya haqqında qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə ödənilməli, iş üzrə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin . Cavabdeh 60 manat mediasiya xərci alınaraq İddiaçı, dövlət rüsumu hesabına 46,4 manat alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar