Məhkəmə qərarları › İş №2(125)-4641/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4641/2025

15.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4641/2025 15.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 İsa oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-2024/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında 25 fevral 2016-cı il tarixdə Gəncə «ASAN xidmət» qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 450 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 25 dekabr 2015-ci ildə anadan olmuş X2 və 12 oktyabr 2019-cu ildə anadan olmuş X1 ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan, doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, X4 25 dekabr 2015-ci ildə, X3 xx.xx.2019-cu ildə Gəncə şəhərində anadan olmuşlar. Ataları İddiaçı, anaları Cavabdehdır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 25 dekabr 2015-ci ildə anadan olmuş X2 və 12 oktyabr 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 246 (iki yüz qırx altı) manat, cəmi 492 (dörd yüz doxsan iki) manat miqdarında alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh qarşı nikahın pozulması tələbi ilə 2022-ci ildə Gəncə şəhər məhkəməsinə iddia ilə müraciət etmiş, 25 fevral 2016-cı il tarixdə Gəncə şəhər ASAN xidmət Qeydiyyat şöbəsində akt qeydləri kitabında 450 qeydiyyat nömrəsi ilə bağlanmış rəsmi nikahları xx.xx.2022-ci il tarixli 2(125)-2024/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur və uşaqlar onun himayəsində saxlanılmışdır. Qeyd etməlidir ki, cavabdeh ilə aralarında aliment razılaşması yoxdur. Uşaqları orta məktəb şagirdidir. Uşaqların ödənişli dərs hazırlıqları var. Hazırda o, iki uşağa tək baxır. Cavabdehin aylıq gəliri var, marketdə işləyir və bir gözün zəif görməsinə görə 1-ci qrup əlil kimi təqaüddə alır. Tərəflərin izahatları; Məhkəmədə İddiaçı çıxışında iddia ərizəsində qeyd edilən xüsusatlara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər bir uşaq üçün hər ay 100 manat aliment təyin edilməsinə etiraz etmir. Məhkəmədə Cavabdeh iştirak etmiş və bildirmişdir ki, , mağazada satıcı işləyir, cəmi 300 manat gəliri olur. Həmçinin o, əlildir və bəzi vaxtlar səhhəti ilə bağlı işləyə bilmir. Maddi imkanı olmadığından 25 dekabr 2015-ci ildə anadan olmuş X2 və 12 oktyabr 2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları hər biri üçün hər ay 100 manat aliment ödəməyə imkanı çatar. Odur ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə tərəfləri dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, tərəflərin birgə ailə münasibətlərindən 25 dekabr 2015-ci ildə anadan olmuş X4 və 12 oktyabr 2019-cu ildə anadan olmuş X3 adında iki uşaqları vardır. Hazırda tərəflər ayrılmışlar, ayrı yaşayırlar. Birgə nikahlarından 25 dekabr 2015-ci ildə anadan olmuş X4 və 12 oktyabr 2019-cu ildə anadan olmuş X3 iddiaçının himayəsində qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlarla müəyyən edilmişdir ki, Cavabdeh əlildir və 180 manat pensiya alır. Məhkəmədə İddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq hər bir uşaq üçün hər ay 100 manat aliment təyin edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmədə həmçinin, Cavabdeh iştirak etmiş və bildirmişdir ki, əlildir və uşaqlarının üçün hər ay hər bir uşağa 100 manat aliment ödəməyə imkanı çatar Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşağın saxlanılmasını bir vəzifə kimi onların valideynlərinin üzərinə qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndinə qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Bundan başqa, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, Qərarın 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 ”dekabr 2024-cü il tarixli qərarına əlavə edilmiş, “8.4-1-ci yarımbəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının yanında yaşayan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün ödənilməli olan aylıq alimentin miqdarının 100 manat sabit pul məbləğində müəyyən edilməsi uşaqların mənafeyinə uyğun hesab edilməlidr. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən edilir ki, 100 manat məbləği 400 manat məbləğinin 0,25 mislini təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçının yanında yaşayan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,25 mislinə uyğun sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 55 manat mediasiya xərci ödəmişdir və cavabdeh mediasiyada iştirak etməmişdir. Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Baxılan işdə cavabdeh mediasiyada iştirak etmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Hazırki işdə aliment alınması haqqındakı iddianın qiyməti (100 manat x 12 ay x 2)=2400 manat məbləğini təşkil edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinin tələblərinə əsasən, hazırki işdə ödənilməli olan dövlət rüsumu (30+14)=44 manat məbləğini təşkil edir. Göründüyü kimi, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci iş üzrə ödənilməli olan 44 manat məbləğində dövlət rüsumundan daha çoxdur və iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Belə halda, məhkəmə Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsaslanmaqla, hesab edir ki, iş üzrə yenidən 44 manat məbləğində dövlət rüsumu ödənilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 25 dekabr 2015-ci ildə anadan olmuş X4 və 12 oktyabr 2019-cu ildə anadan olmuş X3 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər bir uşağa görə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,25 mislinə uyğun sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar