Məhkəmə qərarları › İş №2(125)-4663/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4663/2025

29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4663/2025 29.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X9 Şakir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehn qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 76/2025 nömrəli qərardadı ilə xx.xx.2014-cı təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, hər ay 100 manat həddində müəyyən edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandığı hallar: İddia tələbi belə əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-160/2018 nömrəli qətnaməsinə əsasən 13 noyabr 2014-cü ildə doğulmuş Aylin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay ondan 100 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh xeyrinə verilməsi qət olunmuşdur. Həmin vaxtlar bu məbləği ödəmək mümkün olmuşdur. Lakin Gəncə Şəhər Məhkəməsinin 8(125)- 76/2025 nömrəli qərardadına əsasən həmin alimentin məbləği ölkə üzrə minimum əmək haqqının 0,77 misli həddində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, əmək haqqı artdıqca onun öhdəliyi də artacaqdır. Lakin onun gəliri olmadığından həmin məbləği ödəyə bilmir. Hazırda işsizdir və iş axtarsa da tapa bilmir, məşğulluq mərkəzində qeydiyyata da düşmüşdür. Lakin nəticə yoxdur. Ailəsində də ona kömək edə biləcək şəxs yoxdur. O, öz ehtiyaclarını belə çətinliklə qarşılayır. Bu halda artan aliment məbləğini ödəmək onun üçün fiziki olaraq mümkün deyil. O, övladını sevir, onun rifahını düşünür. Heç vaxt övladının ehtiyaclarını inkar etmir. Lakin onun da bir insan kimi yaşamağa, nəfəs almağa, ayaqda durmağa haqqı var. O, bu dərəcədə alimenti döyə bilmir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2014-cı tarixdə X5 adlı bir uşaqları anadan olmuşdur. Aylinin saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ondan tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Daha sonra Cavabdeh müraciəti əsasında təyin edilmiş aliment məbləği Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 76/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş, xx.xx.2014-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bu isə faktiki olaraq, 308 manat məbləğində aliment məbləği deməkdir. Onun iş yeri və daimi gəliri yoxdur. O bir ata kimi məsuliyyətini dərk edir və uşağının ehtiyaclarını qarşılamaq vəzifəsini dərk edir. Lakin uşağa valideyinlik vəzifəsi yalnız ona məxsus deyil, anası da belə vəzifələri vardır. O, özünün belə ən zəruri maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Lakin övladının da mənafeyini nəzərə alaraq qərardad üzrə təyin olunan alimentin məbləğini azaldılıb hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsinə etiraz etmir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, təyin olunan aliment məbləği xx.xx.2014-cı təvəllüdlü X1 üçün kifayət etmir. Belə ki, uşaq 5-ci sinifdə oxumaqla yanaşı hazırlıqlara gedir. Uşaq üçün təkcə 200 manat hazırlıq müəllimlərinə xərc çəkir. Həmçinin uşağın geyim, qida, əyləncə, təhsil və s. xərcləri kifayət qədər yüksəkdir. Uşağın aylıq xərcləri ümumilikdə 300 manatdan artıqdır. Buna görə də hazırda İddiaçı tərəfindən ödənilən aliment həmin uşağın saxlanması üçün yeterlidir. Odur ki, iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-76/2025 nömrəli qərardadından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-160/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilməsi və bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, 13 noyabr 2014-cü ildə doğulmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən verilən məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı Gəncə-Daşkəsən regional Məşğulluq filialında işsiz kimi qeydiyyatdadır. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞG/1-01043 nömrəli arayışdan görünür ki, İddiaçı alimentin azaldılması tələbinə dair mübahisə üzrə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin Cavabdeh İMS barədə məlumatlandırılsa da ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-76/2025 nömrəli qərardadına əsasən Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-160/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulan aliment məbləği indeksasiya edilməsi və bu qərardadın qüvvəyə mindiyi tarixdən başlamaqla, 13 noyabr 2014-cü ildə doğulmuş Aylin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,77 misli həddində sabit pul məbləğində aliment tutularaq, Cavabdeh ödənilməsi qərara alınmışdır. Bu isə faktiki olaraq 308 manat məbləğində müəyyənləşdirilmişdir (0,77 x 400 manat = 308 manat). Hazırda İddiaçı işsiz statusundadır, rəsmi iş yeri və əmək haqqı mövcud deyildir. Bu isə məhkəmə qərarından sonra iddiaçının maddi vəziyyətində əsaslı dəyişikliyin olduğuna əsas verir. Məhkəmə tərəflərin maddi vəziyyətini, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu, habelə tərəflərin birgə nikahından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-160/202018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)- 76/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilməli, İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 misli həddində sabit pul məbləğində aliment tutulmalı, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 160/202018 nömrəli qətnaməsi ilə təyin olunmuş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-76/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği dəyişdirilsin. İddiaçı xx.xx.2014-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər ay 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar