Məhkəmə qərarları › İş №2(125)-4787/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4787/2024

05.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4787/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçı Səfərova (Həsənova) Aybəniz Habil qızının, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Səfərova (Həsənova) Aybəniz Habil qızının Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın əvəzi qismində pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səfərova (Həsənova) X6 Tural Bakir oğluna qarşı Cavabdeh birgə nikah dövründə əldə olunmuş avtomobilin dəyərinin yarısı olan 7.500 manat, cavabdehin evində olan birgə nikah dövründə alınan cehiz əşyalarının dəyərininin yarısı olan 2.900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 130 manat, cəmi 10.530 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Səfərova (Həsənova) Aybəniz Habil qızı məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki,o, Cavabdeh ilə aralarında olan nikahı xx.xx.2022-ci il tarixdə qeydə aldırsa da, Cavabdehla bundan bir müddət əvvəl el adəti ilə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.2024-cü il tarixdə X12 anadan olmuşdur. Onunla Cavabdeh ailə münasibətləri bir müddət yaxşı olsa da sonradan həmin münasibətləri pisləşmiş və xx.xx.2023-cü il tarixdə o, Cavabdehla birlikdə yaşadıqları mənzili tərk edərək, öz valideynlərinin yaşadığı mənzilə köçmüşdür. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1570/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikah pozulmuş, birgə nikah dövründə anadan olmuş uşağın onun yanında saxlanılması müəyyən edilmiş və həmin uşağın saxlanması üçün Cavabdehdan alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. O, Cavabdeh ilə birgə pomidor təsərüffatı ilə məşğul olmuş, onlar gündəlik təxminən 300-400 manat qazanc əldə etmişlər. Habelə Cavabdeh taksi fəaliyyəti ilə də məşğul olmuşdur. O və Cavabdeh nikahda olduqları müddət ərzində «Ford Tranzit» markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Cavabdeh həmin avtomobili xx.xx.2023-cü il tarixdə X23 Vəkil oğlunun adına qeydiyyata aldırmışdır. Bununla yanaşı birgə nikah dövründə olduqları müddət ərzində 2.000 manat dəyərində ağ rəngli mətbəx mebeli, 500 manat dəyərində qaz sobası, 100 manat dəyərində boz rəngli hava çəkən aspirator, 500 manat dəyərində qəhvəyi rəng kümc divan, jurnalni stol və 4 ədəd stul, 500 manat dəyərində krem rəngli divan, 2.000 manat dəyərində yataq mebeli dəsti və 200 manat dəyərində çilçıraq əldə etmişlər. O, cavabdehdən sözügedən əşyaların dəyərinin yarısını tələb etsə də Cavabdeh bundan imtina etmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, «Ford Tranzit» markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 10.000 manat məbləğində olmasını qəbul edir. Sonda Səfərova (Həsənova) Aybəniz Habil qızı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmədə iddianı qəbul etməyərək izahatında göstərdi ki, Belə ki, sözügedən «Ford Tranzi» markalı ** GO *** dövlət qeydiyyat nişanlı, nəqliyyat vasitəsini Cavabdeh X23 Vəkil oğlu özünə məxsus evi satdıqdan sonra həmin evin pulunun dəyərinin bir qismi ilə «nəqliyyat vasitəsinə sərəncam verilməsinə» dair etibarnamə əsasında almışdır. Bununla yanaşı «nəqliyyat vasitəsinə sərəncam verilməsinə» dair etibarnamə əsasında sözügedən avtomobili öz adına qeydiyyata aldıra bilmədiyi üçün həmin avtomobil formal olaraq oğlu Cavabdeh adına qeydə alınmışdır. Bununla yanaşı iddiada qeyd edilən əmlaklar Həsənov Bakir Vəkil oğluna və onun arvadına məxsus xüsusi əşyalarıdır. Həmin əşyalar nə iddiaçı, nə də cavabdeh tərəfində əldə olunmamışdır. İddiaçı Cavabdeh ilə birlikdə yaşadıqları mənzili 2023-cü ilin may ayında tərk etmişdir. Sonda cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianın əsassız olduğunu qeyd edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə təqdim etdiyi etirazda göstərmişdir ki, xx.xx.2022-ci ildə cavabdehin X23 Vəkil oğlu özünə məxsus olan 31 il yaşadığı şəxsi mülkünü X4 50 illik etibarnamə ilə 27.000 min manata satmışdır. Atası həmin vaxt avtomobil axtardığı üçün «Turbo.az» saytında elan görmüşdür. X23 Vəkil oğlu öz mülkünü satdıqdan sonra Bakı şəhərinə gedərək ** GO *** qeydiyyat nömrə nişanlı, «Ford Tranzit» markalı avtomobili xx.xx.2022-ci il tarixdə almışdır. Cavabdehin X23 Vəkil oğluna bildirmişlər ki, avtomobilin əvvəlki sahibinin banklara borcu ola bilər və avtomobilin üzərinə həbs qoyula bilər. O isə avtomobili öz adına etibarnamə ilə aldığı üçün və maşını öz adına rəsmiləşdirə bilmədiyi üçün məcbur qalaraq tək oğlu olan Turalın adına qeydiyyata saldırmışdır. Həmin dövr ərzində Cavabdeh "xxxx" ASC-də aylıq 545 manat əmək haqqına elektrik montyoru kimi çalışmışdır. Həmin pulla sözügedən avtomobilin alınması qeyri-mümkündür. Cavabdehin X23 Vəkil oğlu satdığı evin pulundan iddia ərizəsində qeyd edilən mebelləri və mətbəx mebelini özünün və arvadı X2 şəxsi istifadəsi üçün almışdır. Mətbəx mebelini Elnur adlı şəxs gəlib düzəltmişdir. Pulunu isə şəxsən X23 Vəkil oğlu vermişdir. Mebeli isə anası X8 öz şəxsi istifadəsi üçün sifariş vermişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlar yalandır. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçı atası Habil, anası Qənirə, əmisi Səfər və s. qohumlarının və cavabdehin ailə üzvlərinin, qonşularının iştirakı ilə ona məxsus bütün cehiz əşyalarını qarşılıqlı razılıq əsasında yığıb aparmışdır. Bununla bağlı qohumlar və qonşular tərəfindən akt da tərtib edilmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını, cavabdehin nümayəndəsini (vəkilini) və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Cavabdeh ilə Gəncə şəhərində qonşuluqda yaşayır. «Ford Tranzit» markalı avtomobili həm Tural, həm də atası Bakir sürür. Səfərova (Həsənova) Aybəniz Habil qızı cehiz əşyalarını aparan zaman künc divan, çilçıraq və s. tələb etməmişdir. Həsənov Bakir Vəkil oğlunun ailə üzvləri ilə birlikdə yaşadıqları mənzil B.V.Həsənovundur və həmin mənzildə olan əşyaları da B.V.Həsənov almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, Cavabdeh ilə Gəncə şəhərində qonşuluqda yaşayır. Həsənov Bakir Vəkil oğlunun arvadı X8 ona bildirmişdir ki, o, 1.800 manata evinə mətbəx mebeli qurşadırmış, həmin mətbəx mebelinə aid olan əşya və avadanlıqları isə Goran şəhərindən almışdır. İddiaçı özünə məxsus cehiz əşyalarından başqa əşya almamış, həmçinin cehiz əşyalarını aparan zaman da başqa əşya aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənov Bakir Vəkil oğlu ifadəsində göstərdi ki, o, özünə məxsus olan mənzili 27.000 manat məbləğinə satmış, əldə etdiyi vəsaitin 10.000 manat məbləğində olan hissəsinə borcunu ödəmiş, 6.000 manat məbləğində hissəsinə öz evinə əşya və 10.500 manat məbləğində hissəsinə isə özünə «Ford Tranzit» markalı avtomobil almışdır. «Ford Tranzit» markalı, ** GO *** qeydiyyat nömrə nişanlı avtomobili almaq üçün o, Bakı şəhərində olarkən həmin avtomobilin ilk mülkiyyətçisi alğı-satqı müqaviləsinin bağlanmasının üçün uzun zaman tələb olunduğu bildirmiş və qısa zaman ərzində etibarnamə verməklə sənədləmə işlərini sonradan tamamlaya biləcəyini ona izah etmişdir. O, həmin şəxslə razılaşmış və oğlu Cavabdeh adına etibarnamə almışdır. Həmin avtomobili formal olaraq oğlu Turalın adına qeydə aldırsa da, sonradan öz adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki,əri Həsənov Bakir Vəkil oğlu özünə məxsus evi satıqdan sonra əldə olunan pul vəsaitinin bir hissəsinə borcunu ödəmiş, digər hissəsinə isə ev əşyaları və «Ford Tranzit» markalı, ** GO *** qeydiyyat nömrə nişanlı avtomobili almışdır. Həmin avtomobil əsl həqiqətdə onun əri Həsənov Bakir Vəkil oğlunun mülkiyyətində olmuş və ondan həm Cavabdeh, həm də Həsənov Bakir Vəkil oğlu istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsinə göstərir ki, o, 27.000 manata Həsənov Bakir Vəkil oğlundan ev almışdır. Həsənov Bakir Vəkil oğlu mənzilin alğısatqısından sonra «Ford Tranzit» markalı, ** GO *** qeydiyyat nömrə nişanlı avtomobili almışdır. Buna görə də o, həmin avtomobili Cavabdeh sürməsinə baxmayaraq, onun Həsənov Bakir Vəkil oğlunun mülkiyyətində olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, Həsənov Bakir Vəkil oğlunun yeznəsidir və buna görə də B.V.Həsənovun ailəsində baş verən hadisələrdən xəbərdardır. B.V.Həsənov bir müddət bundan əvvəl mülkiyyətində fərdi yaşayış 27.000 manat məbləğinə satmış, əldə etdiyi vəsaitin bir hissəsini ona olan 10.000 manat məbləğində borcunun ödənilməsinə, digər hissəsinə yeni köçdüyü fərdi yaşayış evinə əşyaların və «Ford Tranzit» markalı, ** GO *** qeydiyyat nömrə nişanlı avtomobilin alınmasına sərf etmişdir. Həmin avtomobil Cavabdeh adına rəsmiləşdirilsə də, Həsənov Bakir Vəkil oğlunun mülkiyyətində olmuşdur. Lakin «Ford Tranzit» markalı, ** GO *** qeydiyyat nömrə nişanlı avtomobili həm Cavabdeh, həm də Həsənov Bakir Vəkil oğlu idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, mətbəx mebeli ustasıdır.2 il bundan əvvəl Bakir Həsənov onu çağırıb, arvadının seçimi əsasında mətbəx mebeli sifariş etmişdir. O, İddiaçı görməmiş və mətbəx mebelinin seçimində İddiaçı iştirak etməmişdir. İşdə olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1570/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 13 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2024cü il tarixdə anadan olmuş Aydan adlı uşağın nikah pozulduqdan sonra anasının yanında saxlanması, tərəflərin birgə nikahından xx.xx.2024-cü il tarixdə anadan olmuş Aydan adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 016- 817 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə RQİ və TBŞ-də Cavabdeh adına “Ford Transit” markalı, ** GO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydə alınmış, xx.xx.2023-cü il tarixdə onun adından qeydiyyatdan çıxarılaraq Gəncə RQİ və TBŞ-də Həsənov Bakir Vəkil oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X3 “Ford Transit” markalı, ** GO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı Cavabdeh 10.000 manata satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcıc Cavabdeh “Ford Transit” markalı, ** GO *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini alıcı Həsənov Bakir Vəkil oğluna 12.000 manata satmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Səfərova (Həsənova) Aybəniz Habil qızı ilə Cavabdeh nikahlarını xx.xx.2022-ci il tarixdə qeydə aldırmış və xx.xx.2023-cü il tarixədək birlikdə yaşamışlar. Həmin şəxslər arasındakı nikah Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1570/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Tərəflər birgə nikah dövründə, yəni xx.xx.2022-ci il tarixdə «Ford Transit» markalı, ** GO *** qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Həsənov X11 (Həsənova) Aybəniz Habil qızı ilə münasibətlərinin pisləşməsindən sonra xx.xx.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin avtomobili öz X23 Vəkil oğluna satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə görə ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə nikah müddətində ər-avadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak daxildir. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiq təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 3.6-3.9-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyasının təməli) sübuta yetirilməsi həmin əmlakın birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Əmlak üzərində birgə mülkiyyət hüququnun tanınması tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Bu halın sübuta yetirilməsi ərə (arvada) birgə mülkiyyət prezumpsiyasının yaratdığı hüquqi vəziyyətdən istifadə imkanı verir. Yəni ər (arvad) əlavə olaraq əmlakın birgə gəlirlər hesabına, əvəzli olaraq əldə olunmasını və bu səbəbdən özünün də mülkiyyətçi olduğunu sübuta yetirmək vəzifəsi daşımır. Bununla belə, qeyd edildiyi kimi, prezumsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyasını aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azəbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Həmin Qərarın 5.3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə təcrübəsində tez-tez rast gəlinən mübahisəli əşya alınan ərəfədə ərin (arvadın) yaxın qohumunun özünə məxsus olan əmlakı satması faktı özü-özlüyündə nikah dövründə əldə olunmuş əmlaka dair ər-arvadın mülkiyyət prezumpsiyasını aradan qaldıran fakt kimi qəbul edilə bilməz. Başqa sözlə, qohumun öz əmlakını satması, ərin (arvadın) əmlak alması və bu əməliyyatların tarix etibarı ilə bir-birinə yaxın olmas faktları hüquqi baxımdan həmin qənaətə gəlmək üçün yetərki deyil. Bunun işdəki mötəbər və kifayətedici sübutlarla mübahisə predmeti olan əmlakın ərin (arvadın) şəxsi vəsaiti (ona edilmiş həddiyyə) hesabına əldə olunduğuna dair birmənalı nəticəyə gəlinməlidir. Bu zaman məhkəmə öz qənaətini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə dair mötəbər sübutlara istinad etməklə əsaslandırmalıdır. «E.Salmanlının şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir. Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakın daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. «G.Həsənzadənin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, «Ford Transit» markalı, ** GO *** qeydiyyat nişanlı avtomobil Səfərova (Həsənova) Aybəniz Habil qızı və Cavabdeh nikahda olduqları dövrdə - xx.xx.2022-ci il tarixdə əldə olunmuş, onlar arasındakı ər-arvad münasibətlərinin xx.xx.2023-cü il tarixdə faktiki başa çatmasından sonra xx.xx.2023-cü il tarixdə həmin avtomobil satılmışdır. İddiaçı qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim etməklə, nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyasını sübuta yetirsə də, Cavabdeh həmin halın əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh yalnız şahid ifadələrini məhkəməyə təqdim etməklə birgə nikah dövründə əldə olunmuş «Ford Transit» markalı, ** GO *** qeydiyyat nişanlı avtomobilin əsl həqiqətdə Həsənov Bakir Vəkil oğluna məxsus olduğunu və yalnız rəsmiləşdirmənin onun adına aparılmasını sübuta yetirməyə çalışmışdır. Lakin cavabdehin nümayəndəsinin (vəkilinin) izahatında və şahidlərin ifadələrində göstərilən həmin xüsusatı işdə olan sübutlarla müqayisəli tədqiq etdikdə həmin xüsusatların işin həqiqi hallarına uyğun olmadığı, ağlabatan mühakiməyə əsaslanmadığı və sübutların məcmusu ilə təkzib olunduğu müəyyən edilmişdir. Belə ki, mülki iş materiallarından görünür ki, «Ford Transit» markalı, ** GO *** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildə tarixdə Cavabdeh mülkiyyətinə keçmiş və təxminən 10 ay müddətində onun mülkiyyətində olmuşdur. X10 və Cavabdeh arasında münaqişəli vəziyyətin yaranmasından və xx.xx.2023-cü il tarixdə İddiaçı öz valideynlərinin yaşadığı ünvana köçməsindən 2 ay sonra Cavabdeh tərəfindən Həsənov Bakir Vəkil oğluna satılmışdır. Bundan dərhal sonra da həmin gün həmin avtomobilə dair Həsənov Bakir Vəkil oğlu tərəfindən Cavabdeh adına etibarnamə verilmişdir. Digər tərəfdən «Ford Transit» markalı, ** GO *** qeydiyyat nişanlı avtomobilin həqiqi mülkiyyətçisi Cavabdeh deyil, Həsənov Bakir Vəkil oğlu olduğu halda Həsənov Bakir Vəkil oğlu Cavabdeh əvvəlki mülkiyyətçi X3 ilə alğı-satqı müqaviləsi bağlamaqla avtomobili öz mülkiyyətinə keçirə bilərdi. Həmçinin mülki işə məhkəmədə baxılarkən tərəflər «Ford Transit» markalı, ** GO *** qeydiyyat nişanlı avtomobilin dəyərinin 10.000 manat məbləğində olduğunu bildirdiyinə və həmin hal işin mübahisəsiz halı kimi qəbul edildiyinə görə əlavə araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, Səfərova (Həsənova) Aybəniz Habil qızının Cavabdeh qarşı iddia tələbindən görünür ki, Səfərova (Həsənova) Aybəniz Habil qızı birgə nikah dövründə əldə olunmuş əşyaların dəyərininin yarısı qismində 2.900 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Həmin iddia tələbi üzrə iddiaçı qismində A.H.Səfərova (Həsənova) ilk növbədə qeyd olunan əşyaların birgə nikah dövründə əldə olunmasını, daha sonra arıdıcıl qaydada həmin əmlakdakı payını, əmlakın dəyərini və həmin əmlakın onun iradəsinin əksinə mülkiyyətindən çıxması ilə əlaqədar hazırki tələbi irəli sürməkdə haqlı olmasını sübuta yetirməli olduğu halda məhkəməyə qeyd olunan halları təsdiq edən sübutları təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia qismən təmin edilməli, «Ford Transit» markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının əvəzi qismində 5.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib qaydada məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Səfərova (Həsənova) Aybəniz Habil qızının iddiası qismən təmin edilsin. Cavabdeh «Ford Transit» markalı, ** GO *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının əvəzi qismində 5.000 (beş min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 70 (yetmiş) manat, cəmi 5.070 (beş min yetmiş) manat məbləğində pul vəsaiti alınaraq Səfərova (Həsənova) Aybəniz Habil qızına ödənilsin. Səfərova (Həsənova) Aybəniz Habil qızının iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar