Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4816/2023 03.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X16 Şakir oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahdan doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən, hər ay hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2004-cü ildə el adəti ilə toy edərək, faktiki nikaha girmişdir. Onlar nikahlarını xx.xx.2004-cü il tarixdə rəsmiləşdirmişlər. Onlara Daşkəsən rayon Qeydiyyat şöbəsi tərəfindən həmin tarixdə rəsmi nikaha girməkləri barədə AZ-İ, 097164 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. O, cavabdehlə ailə qurandan sonra ünvan 1 ünvanına gəlin köçmüşdür. Onun cavabdehlə birgə nikahından xx.xx.2005-ci il tarixdə oğulları X4 və xx.xx.2008-ci il təvəllüdlü X5 anadan olmuşdur. Birgə nikah dövründə cavabdeh ailəyə qayğı göstərməmiş, ailənin maddi təminatı ilə maraqlanmamışdır. Buna görə də aralarında həmişə mübahisə və münaqişə olmuşdur. Münasibətlərinin kəskinləşməsi nəticəsində xx.xx.2023-cü il tarixdən o cavabdehdən ayrı, valideynlərinin yanında yaşayır. Bir neçə aydır ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim-tərbiyəsi ilə məşğul olmur. Övladlarının bütün maddi tələbatı onun tərəfindən ödənilir, cavabdeh övladlarının maddi tələbatının ödənilməsində heç bir maddi yardım göstərmir. Övladlarının maddi tələbatı artdığına görə onların saxlanılmasında, maddi tələbatlarının ödənilməsində çətinlik çəkir. Bu səbəbdən də övladlarının maddi tələbatının ödənilməsi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, qarşı tərəfdən aliment tələbi ilə əlaqədar Gəncə xx.xx.2023-cü il tarixdə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. X9 tərəfindən mediasiya prosesində baxılmışdır, cavabdehlə arasında heç bir razılıq əldə olunmamışdır. Bu barədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə MŞG/1-01591 nömrəli müvafiq arayış almışdır. Cavabdeh hazırda rəsmi işləmir, aylıq gəliri dəyişkəndir. Buna görə də aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı Cavabdehlə birgə nikahdan anadan olmuş Qoşqar və Aytac adlı uşaqların saxlanılmasında çətinlik çəkir. Uşaqların tələbatları günü-gündən artır. Uşaqlara təkbaşına baxır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğuldur. İddiaçı ilə birgə nikahdan doğulmuş Qoşqar və Aytac adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment ödəyə bilər. Maddi imkanı aşağı olmaqla yanaşı, eyni zamanda qeyri-rəsmi nikahdan da xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı 2 övladı üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat aliment ödəyir. Aylıq gəliri 400 manatdan çox olmur. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş; AZ-İ seriyalı, 097164 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah 29 oktyabr 2004-cü il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 oktyabr 2004-cü il tarixdə 76 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Abdullayev”, arvada “Abdullayeva” soyadı verilmişdir. AZ-İ seriyalı, 669301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 avqust 2005-ci il tarixdə doğulmuşdur. Valideynləri atası - Cavabdeh, anası – İddiaçıdır. AZ-İİ seriyalı, 047682 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 01 aprel 2008-ci il tarixdə doğulmuşdur. Valideynləri atası- Cavabdeh, anası – İddiaçıdır. 10 mart 2023-cü il tarixli, MŞG/1-01591 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, bu arayış İddiaçı və Cavabdeh 10 may 2023-cü il tarixində, 10:00 saatlarında “nikahın pozulması, aliment tələbi, yaşayış hüququ və əmlak” mübahisəsi üzrə keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 (50 manat ims xərci, 5 manat poçt xərci) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Daşkəsən Rayon Məhkəməsinin 8(030)-08/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(030)-697/2017 saylı icra sənədi üzrə borclu – ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edilənədək məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Daşkəsən Rayon İcra Şöbəsinin 268773/17 nömrəli, 13 sentyabr 2017-ci il tarixli məktubunda Cavabdeh bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış Daşkəsən Rayon Məhkəməsinin 2(030)- 697/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsində göstərilən tələbi dərhal icra etməli, tələbi dərhal icra etməsə icra məcburi qaydada təmin ediləcək, həmçinin İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 78,79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacaqdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından Qoşqar və Aytac adlı iki uşaqları doğulmuş, tərəflər arasında bağlanmış rəsmi nikah pozulmamış, uşaqlar anasının yanında olmaqla tərəflər uzun müddətdir ayrı yaşayır, nikahları formal xarakter daşıyır. İddiaçı Cavabdeh ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2023-cü il tarixdən, hər ay hər bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq, onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı Cavabdehlə birgə nikahdan anadan olmuş Qoşqar və Aytac adlı uşaqların saxlanılmasında çətinlik çəkdiyini, uşaqların tələbatlarının günü-gündən artdığını, uşaqlara təkbaşına baxdığını və iddia tələbinin təmin edilməsini xahiş etsə də, lakin iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul etmiş, taksi fəaliyyəti ilə məşğul olduğunu, İddiaçı ilə birgə nikahdan doğulmuş Qoşqar və Aytac adlı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment ödəyə biləcəyini, maddi imkanının aşağı olduğunu, qeyri-rəsmi nikahdan olan 2 övladı üçün də hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat aliment ödədiyini bildirərək, hazırki iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Beləliklə, adı çəkilən Konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki, əqli və mənəvi cəhətdən sağlam mühitdə inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, uşaqların mənafeyini, tərəflərin maddi və ailə vəziyyətini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu, uşaqların sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, birgə nikahdan doğulmuş uşaqların atalarından ayrı olaraq anaları ilə birlikdə yaşamasını və uşaqların saxlanılması üçün cavabdeh tərəfindən maddi köməklik göstərilməməsini, uşaqların təminatının mümkün qədər maksimal saxlanmasını, cavabdehin gəlirləri barədə sübutların məhkəməyə təqdim edilməməsini, eyni zamanda cavabdehin başqa uşaqları üçün də aliment öhdəliyi daşımasını nəzərə almaqla, cavabdehdən sabit pul məbləğində tutulacaq aliment məbləğinin hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tərəflər faktiki ayrı yaşadığından və uşaqlar anasının yanında olduğundan, alimentin tutulması iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan, yəni 14 iyun 2023-cü il tarixdən etibarən tutulmalı və qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan 320 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 3840 manat təşkil etdiyindən, 58,4 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 14 iyun 2023-cü il tarixdən başlayaraq, 25 avqust 2005-ci il təvəllüdlü X4 və 01 aprel 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 58,4 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(125)-4816/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4816/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver