Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-4953/2023 02.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 220 manat alimentin, uşaq 3 yaşına çatana kimi ona hər ay sabit məbləğdə 100 manat pul vəsaitinin və mediasiya xərcinin əvəzi qismində ödənilmiş 55 manat pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 422 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Nikahdan bir uşaq – xx.xx.2022-ci il təvəllüdlü X2 doğulmuşdur. Uşaq hazırda iddiaçı ilə birlikdə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin işləməsinə və qazanc əldə etməsinə baxmayaraq ailəsinə, uşağına baxmadığına görə və aralarında olan narazılığa əsasən küsüb ata evinə gəlmişdir. O, azyaşlı uşağına baxdığına görə işləyə bilmir, odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh ərizə verərək, iddianı qismən qəbul etdiyini qeyd etdi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 155 (bir yüz əlli beş) manat sabit pul məbləğində aliment tutulmasını xahiş etdi və onu da əlavə etdi ki, iddiaçı ilə aralarında heç bir narazılıq yoxdur, uşağı ağrıdığına görə uşağını iddiaçı ilə birgə iddiaçının atası evinə aparmış, bir müddət sonra iddiaçını öz evlərinə gətirmək istəyəndə iddiaçı gəlmək istəməmişdir. Uşaqla maraqlanır, lakin iddiaçı uşağı ona göstərmir, iddiaçı məktəbdə tərbiyəçi-müəllim işləyir və 186 manat əmək haqqı alır, cəmi 155 manat aliment ödəməyə imkanı çatır, uşaq 3 yaşına çatana kimi iddiaçıya hər ay sabit məbləğdə 100 manat pul ödəməyə isə razı deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Laləzərin valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq faktiki olaraq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, cavabdehin tələb olunan sabit pul məbləğində alimenti ödəməyə qismən razılığını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, iddianın uşağın üç yaşı tamam olanadək iddiaçıya kömək üçün hər ay sabit pul məbləğində 100 manat alimentin tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Qanunun mənasına görə, ərdən aliment almaq üçün Ailə Məcəlləsinin 84.2.2-ci maddəsində göstərilən əsasla bərabər, ondan aliment tələb olunan şəxsin zəruri vəsaitinin olması da vacibdir. Bu zaman ondan aliment tələb olunan şəxsin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun ailəsinin minimum dolanışığını təmin etsin və arvada bu gəlirdən aliment tutmaq mümkün olsun. Lakin, məhkəmə iclasında cavabdehin tələb olunan alimentin ödənilməsi üçün zəruri vəsaitə malik olmasını, yəni onun uşağın saxlanılmasından əlavə iddiaçıya maddi cəhətdən kömək göstərmək üçün hər ay aliment ödəməyə imkan verəcək dərəcədə qazancının olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında cavabdeh iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilə bilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, 25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41,6 (qırx bir manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-4953/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-4953/2023
02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver