Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5029/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, İddiaçı, cavabdeh Qəribova (Qurbanova) Leyla Suliddin qızının iştirakı ilə, İddiaçı Qəribova (Qurbanova) Leyla Suliddin qızına qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəribov İddiaçı (Qurbanova) Leyla Suliddin qızına qarşı xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, o, L.S.Qəribova ilə aralarında olan nikahı xx.xx.2011-ci il tarixdə qeydə aldırmış, onların birgə nikahından Amil adlı 1 uşaq anadan olmuşdur. Onlar nikaha girdikdən sonra bir müddət normal münasibətləri olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş və münasibətləri pozulmuşdur. Buna görə də onlar arasında mütəmadi qaydada mübahisə yaranmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-367/2024 nömrəli qətnaməsi ilə onunla L.S.Qəribova arasında olan nikah pozulmuş və azyaşlı uşağın onun yanında qalması müəyyən edilmişdir. Həmin vaxtdan ötən müddət ərzində L.S.Qəribova birgə nikahdan doğulmuş uşaqla maraqlanmamışdır. O, uşağın maddi ehtiyaclarını qarşılasa da həmin uşağın saxlanması üçün aliment təyin olunmasını və təyin olunan alimentin birgə nikahdan doğulmuş uşağın bank hesabına köçürülməsini istəyir. Qeyd olunan səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Qəribova (Qurbanova) Leyla Suliddin qızı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, «Gəncə Dövlət Universiteti»ndə xadimə işləyir və maddi imkanı vəziyyəti yaxşı deyildir. Hazırda o, valideynləri ilə birlikdə yataqxanada yaşayır. Onun əlavə qazancı da olmadığına görə azyaşlı uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanı vardır. Sonda Qəribova (Qurbanova) Leyla Suliddin qızı iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-367/2024 nömrəli qətnaməsinin surətindən görünür ki İddiaçı və Qəribova (Qurbanova) Leyla Suliddin qızı arasında xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri «Nikah evi»ndə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 434 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 atası İddiaçı yanında qalması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını və cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, cavabdehin hər ay 100 manat məbləğində aliment ödəməyə razılığını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment tutulması barədə məhkəmədə xx.xx.2024-cü il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Qəribova (Qurbanova) Leyla Suliddin qızından 22 avqust 2013-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması 19 avqust 2024-cü il tarixdən X2 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №2(125)-5029/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5029/2024
25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver