Məhkəmə qərarları › İş №2(125)-5230/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5230/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5230/2024 17.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Qurbanova Zöhrə Lutvin qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 235 manat alimentin, uşaq 3 yaşına çatanadək ona hər ay sabit məbləğdə 100 manat olmaqla, cəmi 335 (üç yüz otuz beş) manat alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 607 nömrə ilə qeyd etdirməklə xx.xx.2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahdan bir uşaq – xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur. Uşaq faktiki olaraq anası ilə birlikdə yaşayır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikaha daxil olduqları vaxtlar mehriban yaşasalar da, 2023-cü ildən başlayaraq cavabdehlə münasibətləri pozulmağa başlamışdır. Bu səbəbdən o ata evinə qayıtmalı olmuşdur. Artıq bir ildən çoxdur ki, cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış, onun maddi tələbatlarına köməklik etməmişdir. Halbuki, hər bir valideyn uşağına qayğı ilə yanaşmalı, onun normal böyüməsi üçün hər bir köməkliyi etməlidir. Bu hər bir valideynin həm hüququ, həm də müqəddəs borcudur. O valideyn olaraq uşağının normal böyüməsi üçün üzərinə düşən öhdəlikləri icra edir və hesab edir ki, cavabdeh də bu öhdəliyi icra etməlidir. Həmçinin hesab edir ki, himayəsində olan bir azyaşlı övladına təkbaşına baxdığı üçün də məhkəmə tərəfindən aliment müəyyən oluna bilər. Hazırda cavabdeh Rusiya Federasiyasındadır, bizneslə məşğuldur və yaxşı gəlir əldə edir. Qanunverciliyin tələbinə görə məhkəmədən öncə mübahisənin alternativ həlli üçün mediasiya sessiyasında iştirak etmək məqsədilə mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mübahisənin məhkəmədən kənar həll edilə bilməsinə nail ola bilməmişdir. Bu səbəbdən də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlə faktiki olaraq ayrılmışlar, uşaq doğulandan bəri ailəsinin yanındadır. Uşaq 10 aylıqdır, maddi cəhətdən çətinlik çəkdiyi üçün uşağı 5 aylığından 75 yaşlı nənəsinin yanında qoyaraq işə gedir. Aldığı maaş da cavabdehin kreditlərinə çıxılır. Cavabdeh 9 aydır ki, Rusiya Federasiyasındadır, maddi gəliri xeyli yüksəkdir, Moskva şəhərində südqatıq emalı zavodunda işləyir, bildiyinə görə 1500 manat əmək haqqı alır, getdiyi vaxtdan bəri uşaqla maraqlanmamışdır. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində yazılanlarla razılaşmır, Rusiya Federasiyasında fəhlə işi ilə məşğuldur, iddiaçını ailə münaqişəsi ilə əlaqədar bir il deyil, bu ilin mart ayının 25-i özü Rusiyaya getdiyi üçün aparıb anasıgilə qoymuşdur. Ailədə ailə münaqişəsi iyun ayında baş vermişdir. Buna baxmayaraq iddiaçı ailəsi olduğu üçün hakim nə qərar versə, imkanı daxilində verilən qərarın arxasındadır, Azərbaycanda olmadığı üçün üzrlü səbəbdən keçiriləcək məhkəmənin iclasında iştirak edə bilməyəcək. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Zəhranın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanları barədə məlumatın olmamasını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini, cavabdehin tələb olunan miqdarda alimenti ödəməyə qismən razılığını və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən bir uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddianın uşağın üç yaşı tamam olanadək iddiaçıya kömək üçün hər ay sabit pul məbləğində 100 manat alimentin tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Tərəflərin birgə nikahından doğulmuş Zəhranın üç yaşına çatmaması və hazırda anasının himayəsində olması, buna görə də iddiaçının işləmək imkanının məhdud olması müəyyən edilmişdir. Qanunvericilikdə bu halda arvadın ərdən maddi yardım tələb etməsi hüququnun mövcudluğu nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə cavabdehin maddi vəziyyətini, ondan yetkinlik yaşına çatmamış uşağın maddi təminatı üçün aliment tutulmasını, həmçinin cavabdehin bu hissədə də ailəsi üçün imkanı daxilində aliment ödəməyə razılığını da nəzərə alaraq hesab edir ki, uşaq üç yaşına çatanadək iddiaçının özünün maddi təminatı üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. X1, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. X1 50 (əlli) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar