Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5265/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, iddiaçı X2 Cavabdeh qarşı “alimentin və əlavə xərcin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X6 Cavabdeh qarşı alimentin və əlavə xərcin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.1995-ci il təvəllüdlü, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan İddiaçı saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq alimentin məbləğinin hər ay 220 manat sabit pul məbləğində və əlavə xərclərə görə 80 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər rəsmi nikahda olmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. xx.xx.1995-ci il təvəllüdlü, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan İddiaçı tərəflərin birgə nikahdan doğulmuş övladlarıdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4670/2015 nömrəli, 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən 07 oktyabr 2015-ci il tarixdən başlayaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə 20 manat sabit pulun tutularaq xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış İddiaçı verilməsi qət edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(004)-119/2016 nömrəli, 12 fevral 2016-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş İddiaçı Hafis oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qət olunmuşdur. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 211 nömrəli sərəncamı ilə X1 Təbriz Hafiz oğlunun üzərində qəyyum təyin edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, oğlu İddiaçı üçün alimentin təyin edilməsi barədə qətnamədən uzun müddət keçmişdir və qeyd olunan məbləğlə Təbrizin ehtiyaclarını ödəmək mümkün deyildir. Məhkəmədə iddia qaldırmamışdan əvvəl mediasiya təşkilatına müraciət etmişdir, lakin mediasiya prosesində razılıq əldə olunmamışdır, ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 12 ildir ki, rəsmi ayrılmışlar, ayrı yaşayırlar. Cavabdeh xəstə uşaqla maraqlanmır. Odur ki, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin əvvəlki baxış iclasında iştirak edərək iddia tələbinin rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan iki oğlan uşaqları anadan olmuşdur, nikahları ləğv olunandan sonra oğlu İddiaçının himayəsində qalmış, iddiaçı saxta yolla oğluna xəstəlik sənədləri düzəltdirdikdən sonra ondan aliment tələb etməsi barədə 2015-ci ildə məhkəmədə iddia qaldırmışdır. İddiaçının iddiası təmin edilərək 100 manat aliment və əlavə xərc olaraq 20 manat sabit pul məbləği barədə qətnamə qəbul edilmişdir. O, təyin edilmiş alimenti maddi imkanı olmadığından tam və vaxtında ödəyə bilmir. İddiaçı özü bilir ki, onun daimi iş yeri və yaşamağa yeri yoxdur. Qapılarda işləməklə, xəstə adamlara baxmaqla pul alıb dolanır, çətinliklə kirayə pulu verir. Halbuki, iddiaçının maddi vəziyyəti olduqca yetərincədir, dolanışığı yaxşıdır. Uşağın heç bir xəstəliyi yoxdur, saxta həkim arayışları almaqla onları əlində alət kimi istifadə edir. Cavabdeh sonuncu məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbi ilə, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, psixotik hallarla, nitq qüsuru” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlil olması müəyyən edilmişdir. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı 1-ci qrup əlilliyinə görə müvafiq olaraq 200 manat və 270 manat pensiya təyin olunmuşdur. Həmçinin, 1-ci qrup əlilliyi olan şəxslərə qulluğa görə iddiaçıya 100 manat pensiya verilir. Azərbaycan Reşpublikasının Ailə Məcəlləsinin 80.1-ci maddəsində göstərilir ki, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 80.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətsiz və birinci qrup əlil olan İddiaçı saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, hazırda həmin məbləğ onun maddi tələbatlarının ödənilməsi üçün yetərli olmadığından, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanunla valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə onun saxlanması üçün yetərli olmadığından, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin övladını saxlamalı olmasına dair qanunla müəyyən edilmiş vəzifəsinin icrasını tam əhatə etmir. Şərh edilənlərə əsasən məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olduğu qənaətinə gəlsə də, hesab edir ki, aliment təyin edilərkən, eyni zamanda cavabdehin də maddi vəziyyəti və digər hallar nəzərə alınmaldır. İddiaçı tərəf məhkəməyə cavabdehin rəsmi gəliri barədə, o cümlədən onun maddi vəziyyətində dəyişikliyin baş verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin maddi və ya ailə vəziyyətində hər hansı dəyişikliyin baş verməsi iş materiallarından görünmür. Lakin məhkəmə qətnaməsi ilə aliment müəyyən edilməsindən sonra ölkə üzrə müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Tərəflərin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının dəyişməsini təsdiq edən hər hansı sübutun olmamasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və hər ay 130 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə alimentin tutulma müddəti barədə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, yuxarıda qeyd olunan, Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2 №-li qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. İddiaçı əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladının xəstə olması və müalicəsi ilə əlaqədar hər ay tutulan 20 manat əlavə xərcin də artırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarının təsviri əsaslandırıcı hissəsində qeyd edilir ki, “...Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara-yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir...”. Qeyd edilən qərarda həmçinin qeyd edilmişdir ki, “...yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi)...”. Konstitusiya məhkəməsi qeyd olunan qərarında “valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı ilə bağlı” qeyd etmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlk yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilmişdir. Məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Hazırki iş üzrə isə məhkəmə iclasında müəyyən edilmişdir ki, fəaliyyət qabiliyyətsiz olan, 1995-ci il təvəllüdlü İddiaçı birinci qrup əlildir. İddiaçı Hafis oğlu qəyyumu olan atası X3 himayəsində yaşayır. İddiaçı 1-ci qrup əlilliyinə görə müvafiq olaraq 200 manat və 270 manat pensiya təyin olunmuşdur. Həmçinin, 1-ci qrup əlilliyi olan şəxslərə qulluğa görə iddiaçıya 100 manat pensiya verilir. Göründüyü kimi, fəaliyyət qabiliyyətsiz olan İddiaçı Hafis oğlunun maddi yardıma ehtiyacı vardır və bununla əlaqədar ona müvafiq pensiya ödənilir. İddiaçı övladı Təbrizin ümumi xəstəlik səbəbi ilə, “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, psixotik hallarla, nitq qüsuru” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlil olmasını sübuta yetirsə də, onun qeyd olunan xəstləlikdən müalicə olunması üçün zəruri olan vəsaitin məbləği və həmin müalicənin hansı müddətə davam etməsi barədə sübutları, o cümlədən övladı Təbrizin müalicəsi üçün hər ay mütəmadi olaraq, dövlət tərəfindən verilən pensiyadan artıq məbləğdə vəsait xərcləməsinə dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əlavə xərcin arıtılması hissədə təmin edilməməlidir. Məhkəmə bu hissədə iddianın rədd edilməsi nəticəsinə gələrkən onu da nəzərə alır ki, iddiaçı izahatında və iddia ərizəsində cavabdehin kifayət qədər maddi imkana malik olmasını qeyd etsə də, bu barədə də iş materiallarına heç bir sübut əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ilkin mediasiya sessiyasında tərəflər iştirak etmiş, lakin barışıq əldə olunmadığından mediasiya sessiyası davam etdirilməmişdir. Belə halda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci tərəflər arasında bərabər şəkildə bölünməli, 25 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olmaqla qismən təmin olunduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iş üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-4670/2015 nömrəli, 05 noyabr 2015-ci il tarixli qətnaməsi ilə tutulan 100 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx xxxxxx 1995-ci il tarixdə anadan olmuş əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış İddiaçı saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X4 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş mediasiya xərcinin əvəzi kimi 25 (iyirmi beş) manat Cavabdeh tutularaq X4 ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5265/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5265/2023
18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver