Məhkəmə qərarları › İş №2(125)-531/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-531/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-531/2024 15.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, eləcə də xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 3 yaşına çatanadək baxılması üçün əlavə hər ay 100 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2022-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqları ilk vaxtlar mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Uşaqları 8 aylıq olarkən cavabdeh onu uşaqla birlikdə evdən qovmuşdur. Bundan sonra o cavabdehə qarşı nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən barışmaq üçün 3 ay vaxt verilmişdir. Artıq xeyli vaxtdır ki, cavabdehlə ayrı yaşayıb, birgə təsərrüfat aparmırlar. Ayrıldıqları vaxtdan bəri cavabdeh öz atalıq borcunu yerinə yetirməmiş, bir ata kimi uşağın səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmamış, onun heç bir ehtiyacını ödəməmişdir. Tək ana olaraq uşağın saxlanılmasında maddi cəhətdən çətinlik çəkdiyini qeyd edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Banu adlı uşaqları anadan olmuşdur. Uşaq 8 aylıq olarkən aralarında yaranmış narazılıqlar səbəbindən ayrılmışdırlar. Həmin vaxtdan sonra dəfələrlə uşağı görmək üçün cəhd etsə də, iddiaçı buna imkan verməmiş, hər dəfə mane olmuşdur. Müvəqqəti təminat tədbiri kimi kəsilmiş 170 manat məbləğində alimenti ödəmişdir. 29 dekabr, 11 yanvar tarixlərində ödəniş etmişdir. “X4” İstehsalat Birliyində işləməklə 479 manat maaş alır. Başqa əmək fəaliyyəti ilə məşğul deyildir. İddiaçının iddia etdiyi mülkiyyətində maşın olması və taksi fəaliyyəti ilə məşğul olması isə əsassızdır. Dediklərinə dair heç bir sübutu yoxdur. Uşağın saxlanılması üçün 210 manat məbləğində aliment ödəməyə razıdır, ancaq uşağın 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində pul ödəməyə maddi imkanı yoxdur. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İİ 455009 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsində 125 nömrə ilə qeydə alınmışdır. AZ-İV 757343 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il tarixdə Banu adlı uşaqları anadan olmuşdur. xx.xx.2023-cü il tarixli, MŞG-03075 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixdə, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. “X4” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13-21/2-617/2023 nömrəli arayışdan görünür ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayına kimi Cavabdeh hesablanan əmək haqqının məbləği əmək haqqına daxil olan ödənişlərlə birlikdə cəmi 6042,76 manat təşkil etmiş, hər bir ayda fərqli məbləğlər olmaqla, Cavabdeh əmək haqqı minimum 464,14 manat, maksimum 524,69 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad maddi cəhətdən bir-birinə kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Göründüyü kimi cavabdeh uşağın saxlanmasında maddi cəhətdən köməklik etmədiyi üçün iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən aliment tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim etməməsini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat müəyyən edilməsini, cavabdehin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın maddi təminatının mümkün qədər maksimal saxlanmasını əsas tutaraq habelə uşağa qulluq, onun sağlamlıq, inkişaf və məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İddia tələbinin uşağın 3 yaşınadək hər ay 100 manat alimentin tutulmasına gəldikdə məhkəmə hesab edir ki, iddiaçı cavabdehin zəruri vəsaitə malik olması barədə sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən etməli olduğu halda, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 45,20 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu hesabına 45,20 (qırx beş manat 20 qəpik) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar