Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5352/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tutulmalı olan alimentin 2500 manat hissəsində ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin həmin hissədə ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 görə tutulmalı olan alimentin 2500 manat hissəsində ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin həmin hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflərin rəsmi qeydə alınmış nikahından üç uşaq – xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-218/2022 nömrəli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hazırki iş üzrə iddiaçıdan hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq hazırki iş üzrə cavabdehə ödənilməlidir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə xx.xx.2009-cu il tarixdə rəsmi olaraq ailə qurmuşlar, məhkəmə qətnaməsinə əsasən cavabdeh ilə aralarında olan nikahları pozulmuş və ondan hər ay hər uşağa görə 150 manat alimentin tutulması müəyyən olunmuşdur. Cavabdehlə aralarında olan nikahın pozulması müddətində cavabdehə 2500 manat (70000 rubl) pul ödəmişdir. Məhkəmə baxış iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə etdi ki, nikahın pozulmasından sonra cavabdeh anası ilə birgə yaşadığı üçün onun anasına iddiaçı tərəfindən 2500 manat məbləğində pul göndərilmişdir, hesab edir ki, həmin məbləğ də hesablanaraq aliment borcundan çıxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı 2023-cü ilin mart ayına kimi aliment borcunu ödəyib, mart ayından yığılan aliment borcunun 2500 manat hissəsinin ləğvini 2022-ci ilin oktyabr-noyabr aylarında onun anasına ödədiyi pullar hesabına silinməsini xahiş edir. Halbuki, o, anası ilə birgə yaşamayıb, məhkəməyə təqdim etdiyi səs yazılarında da sübut olunur ki, iddiaçı anasına ödədiyi həmin pulu alimentə görə ödəməyib, belə ki, iddiaçı özünə maşın alanda cavabdehin anasından borca pul götürmüşdür, iddiaçının alimentə görə ödədiyini iddia etdiyi pul əslində borcun qaytarılmasına görə ödənilmişdir. İddiaçı tərəfindən alimentə görə həmin dövr üzrə ödənişlər məhz iddiaçının “Kapital Bank”a məxsus bank kartına köçürülmüşdür. Həmçinin cavabdeh onu da əlavə etdi ki, iddiaçı Rusiyada yaşayır, uşaqları ilə maraqlanmır, təxminən 6 aydır ki, aliment borcunu ödəmir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, cavabdehi dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərin surətinə görə, iddiaçı tərəfindən X4 (cavabdehin anasının) adına müxtəlif vaxtlarda - xx.xx.2022-ci il tarixdə 130 manat, xx.xx.2022-ci il tarixdə 70 manat, xx.xx.2022-ci il tarixdə 750 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 150 manat və xx.xx.2022-ci il tarixdə 630 ABŞ dolları məbləğində pul vəsaiti göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ərizələrin surətinə görə, cavabdeh iddiaçı tərəfindən onun adına müxtəlif vaxtlarda göndərilmiş - xx.xx.2022-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 50 ABŞ dolları, 100 ABŞ dolları, 50 manat, 70 manat və 130 manat məbləğində pul vəsaitini bankdan almışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin rəsmi qeydə alınmış nikahından üç uşaqları doğulmuşdur və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-218/2022 nömrəli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hazırki iş üzrə iddiaçıdan hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq hazırki iş üzrə cavabdehə ödənilməlidir. Hazırkı tələbində iddiaçı nikahın pozulmasından sonra cavabdeh anası ilə birgə yaşadığı üçün 2022-ci ilin oktyabr-noyabr aylarında cavabdehin anası olan X6 göndərdiyi 2500 manat məbləğində pulun aliment pulu olduğunu bildirir və tutulmalı olan alimentin 2500 manat hissəsində ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin həmin hissədə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə həmin pulun əslində iddiaçının onun anasına olan borcu olduğunu, əksinə qeyd edilən dövrlər üzrə alimentə görə iddiaçının ona bank vasitəsilə ödəniş etdiyini, iddiaçının 2023-cü ilin mart ayından yaranan aliment borcunu ödəmək istəmədiyini, bu aliment borcunu anasına göndərdiyi həmin pullarla əvəzləmək istədiyini bildirir. Məhkəmə tələbin faktiki əsasını və işin materiallarını əsas götürərək hesab edir ki, hazırkı tələbin qanuni əsasını öhdəliyə icra nəticəsində xitam verilməsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Mülki Məcəllənin 433-cü maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir, ona görə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı, yəni 2500 manat aliment pulunu məhz cavabdehə ödədiyini sübuta yetirə bilməmiş, ümumiyyətlə cavabdehin alimenti anasına ödəməsinə razılıq verməsi və ya bu icradan fayda götürməsini təsdiq edən hər hansı sübutunu iddiaçı məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəflər arasında alimentin ödənilmə qaydası barədə hər hansı şifahi və ya yazılı razılaşmanın mövcudluğu barədə sübut təqdim etməmiş, cavabdeh tərəf belə bir razılığın olduğunu qəbul etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa, tələbin adı alimentlə bağlı olduğundan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, aliment uşağın saxlanılması üçün, onun gündəlik tələbatını və digər xərclərini ödəmək məqsədi daşıdığından yaranmış borcun silinməsi uşağın mənafeyinə ziddir. Həmçinin iddiaçı tərəfindən aliment üzrə yaranmış borcun silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara (borcun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini, ailə və ya maddi vəziyyətində dəyişiklik olmasına) dair məhkəməyə sübut təqdim edilməmişdir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bütün bunlarla yanaşı, məhkəmə həm də qeyd etməyi zəruri hesab edir ki, aliment borcunun icra məmuru tərəfindən düzgün müəyyən edilmədiyi, edilmiş aliment ödənişləri nəticəsində aliment borcunun əslində daha az olduğu halda aliment borcunun məbləği ilə bağlı mübahisə ayrıca iddia icraatının predmeti ola bilməz. Bu cür hallarda tələbkarın icra məmurunun alimentin məbləği ilə bağlı qərar və hərəkətlərindən icra icraatı qaydasında qətnamənin icrasına nəzarət edən məhkəməyə şikayət vermək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf məhkəməyə iddiaçı ilə səs yazılarını əks etdirən 1 ədəd dvd disk təqdim etmişdir. Həmin diskdə olan audio formatda səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazılarından tərəflərin hər hansı birinin istinad etdiyi halı təsdiq edən konkret ifadə işlədildiyi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş diskdə əks etdirilən, tərəflər arasında olduğu inkar edilməyən səs yazısında olan ifadələr iddianın təmin və ya rədd olunması üçün əsas hesab edilə bilməz. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərcinə daxil olan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “tutulmalı olan alimentin 2500 manat hissəsində ödənilməsi öhdəliyinə xitam verilməklə alimentin həmin hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-5352/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5352/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver