Məhkəmə qərarları › İş №2(125)-5412/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5412/2023

20.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5412/2023 20.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, tərcüməçi X4, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3, eləcə də cavabdehlər Mənsurə və Cavabdeh2lərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "bağışlanma müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək binanın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 13 aprel 2015-ci il tarixli, 4Ə-60 nömrəli bağışlama müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın etibarsız hesab edilərək binanın əvvəlki vəziyyətinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 iddiaçının oğludur, onun qanuni nümayəndəsi, digər Cavabdeh3 isə iddiaçının həyat yoldaşıdır. Cavabdeh3 ilə təxminən 2005-ci ildə faktiki ailə münasibətlərində yaşasalar da nikahlarını xx.xx.2015-ci ildə rəsmiləşdirmişlər. Faktiki ər-arvad kimi yaşamağa başlamamışdan əvvəl, yəni 1996-cı ildə anası Nümayəndə1 Gəncə şəhəri, N.Nərimanov prospekti 50E ünvanında yerləşən 4.7 kv.m qeyri-yaşayış binasını, iddiaçı 3-cü qrup əlil olduğuna görə onun adına alaraq işlətmək üçün ona vermişdir. İddiaçı binada (otaqda) çəkmə tikməklə məşğul olmuşdur. Həmin sahənin dövlət reyestrindən çıxarışını xeyli müddət sonra, xx.xx.2015-ci il tarixdə almışdır. Həmin ərəfədə Cavabdeh3 binanın sənədlərinin düzəldilməsi adı ilə onu bir neçə idarəyə aparıb başa düşmədiyi sənədlərə imza etdirmişdir. Artıq bir ilə yaxındır ki, ailədə ona qarşı dözülməz münasibət yaranmışdır. O, ağır şəkər xəstəsidir. Oğlu, Cavabdeh2 və digər oğlu Əli, anaları Cavabdeh3 ilə birlikdə hər gün onu döyür, yemək vermir, dərmanlarını atırdılar ki, o, müalicə olunmasın. Bir gün üçü birlikdə, onu döyəndə qaçmaq istəmiş, onu dəmir qapının arasında qoyub ayaqlarını bərk sıxmışlar. Bundan sonra, ayaqları dizdən aşağı qaralmağa başlamışdır. Ağrıdan dözə bilməmişdir, dəfələrlə oğlu Ramazana demişdir ki, onu həkimə aparsın. Danışa bilmədiyinə görə anasına və bacılarına bu barədə deyə bilməmişdir. Onlar bilirdilər ki, iddiaçı şəkər xəstəsidir, hər vasitə ilə onun ölümünü istəyirdilər. Ayaqları qanqrena verəndən sonra həkimə getmiş, şəkər xəstəsi olduğu üçün ayağını dizdən yuxarı kəsmişlər. Buna baxmayaraq, cavabdehlər yenə hər gün onu döyür, yemək vermirdilər. Hazırda anası və bacıları gəlib onu kirayəyə çıxarıblar, kirayəni verib özünü dolandırmaq üçün qeyri-yaşayış binasını satmaq istəmişdir, lakin məlum olmuşdu ki, hələ 2015-ci ildə binanın çıxarışı çıxarılan vaxt Cavabdeh3 iddiaçını aldadaraq notariat kontoruna aparıb həmin binanın azyaşlı oğlu Cavabdeh2 bağışlamağı barədə müqavilə təsdiq etdirmişdir. Özü oğlunun nümayəndəsi qismində müqaviləyə imza etmişdir. O, lal-kardır, ona bağışlama müqaviləsinin bağlanması barədə məlumat verilməmişdir. Həyat yoldaşı Cavabdeh3 bina üçün sənədlərin rəsmiləşdirildiyini bildirmişdir. Müqavilədə aydın görünür ki, iddiaçının orada imzası yoxdur. Müqaviləyə iddiaçının əvəzində Karlar cəmiyyətinin sədri Şakaraşvili Anjela adlı şəxs imza etmişdir. İddiaçı ancaq anasının, bacılarının və ailə üzvlərinin işarələrini başa düşə bilir. A.Şakaraşvilinin işarələrini o başa düşməmişdir. Cavabdeh həyat yoldaşı isə qərəzli olaraq onu aldatmışdır. Cavabdeh bağışlama müqaviləsi bağlanan zaman onu aldatmışdır. İddiaçı həmin vaxt başa düşərək binanı oğluna bağışlasaydı da, onların iddiaçıya qarşı cinayətkarcasına düşmən münasibətlərindən sonra bağışlama müqaviləsinin ləğvini tələb edə bilərdi. Cavabdehlər onun lal və kar olmağından, əqd bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyindən istifadə edərək bağışlama müqaviləsi bağlamışlar. Daha doğrusu, müqavilə bağlanan zaman heç bir hərəkət etməmişdir. Müqaviləyə imzanı da qeyri-qanuni olaraq başqa şəxs etmişdir. Bağışlama müqaviləsinə nümayəndə kimi onun əvəzində imza etmiş şəxsə iddiaçı heç bir səlahiyyət verməmişdir, notariat işində heç etibarnaməsi də yoxdur. İddiaçı özü yazı yazıb imza edə bildiyi halda onun əvəzində başqa şəxs imza etmişdir. Həm də özünün deyil, başqa şəxsin imza etdiyinin səbəbi göstərilməmişdir. Notariat kontorunda (əslində həmin idarənin notariat kontoru olmasını da bilməmişdir) sənəd imzalanarkən yanında onu başa salmağı bacaran şəxs həyat yoldaşı Cavabdeh3 olmuşdur. Təkrar olaraq qeyd edir ki, bütün bu saxtakarlıqları təşkil edən Mənsurə olmuşdur. Onun əvəzindən imza edən Anjela müqavilənin məzmununun onun iradəsinə uyğun olduğunu öz imzası ilə təsdiq etməmişdir. Müqavilədə ancaq Mənsurənin şəkli çəkilmişdir, onun tərəfi boş saxlanılmışdır. Beləliklə, cavabdehlər onun köməksiz vəziyyətindən istifadə edərək onu aldatmış, bütün qanunları pozaraq binanı (4,7 kv.m sahəsi olan otaq) vicdansızcasına azyaşlı oğlunun adına keçirtdirmişlər. Məhkəmə gedişi ərəfəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında tərcüməçinin vasitəsilə dinlənilən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və izahatında bildirdi ki, sənədlərin onun adına rəsmiləşdirilməsini istəyir, uşaqlarını çox sevir, oğlu Ramazandan da razıdır, ancaq həyat yoldaşı, cavabdeh Mənsurə onun qulluğunda durmur. Mənsurə onu aldatmaqla, yəni başqa sənədləri imzalamaq adı ilə qeyd edilən müqaviləyə ona imza etdirmişdir. İddiaçı əlavə etdi ki, bacıları və qohumları onun məhkəməyə müraciət etməsinə köməklik ediblər, lakin onlar da hazırda onun yanında deyillər. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Ramazan yetkinlik yaşına çatmamışdır, ancaq ailəni dolandıran yeganə şəxs odur. Həmçinin hesab edir ki, iddia müddəti ötmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, 17 yaşı var, artıq uzun müddətdir ki, həmin qeyri-yaşayış sahəsində çəkməçi işləyir və ailəsini o, dolandırır, ata və anasına həmişə olduğu kimi qayğı göstərir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianın təmin edilməməsini xahiş edərək izahatında bildirdi ki, əvvəllər ailədaxili münasibətləri mehriban olsa da, sonradan Novruzun bacıları onun ayağı üçün yığılmış protestin pulunu xərclədikdən sonra münasibətləri korlanmışdır. Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndələri məhkəməyə gəlməmişdir. Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə həmin cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, cavabdehlər Cavabdeh2, Cavabdeh3, onların nümayəndəsi və vəkilini dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1996-cı il tarixli, 1183 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda yerləşən qeyri-yaşayış binası (ayaqqabıların fərdi tikişi və təmiri fabrikinin 2 saylı “Ayaqqabı təmiri” emalatxanası) İddiaçı adına qeydiyyata alınmışdır. Gəncə şəhəri 1 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-60 reyestr nömrəli bağlanmış daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, İddiaçı (nümayəndəsi X3) Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda yerləşən, ümumi sahəsi 4,7 kv.metr olan qeyri-yaşayış binasını Cavabdeh2 (nümayəndəsi Cavabdeh3) bağışlamışdır. Həmin müqaviləyə İddiaçı adından lal-kar olduğu üçün nümayəndəsi X3, Cavabdeh2 adından azyaşlı olduğu üçün qanuni nümayəndəsi Cavabdeh3 imza etmişdir. İş materiallarında olan, Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti Başçısının Aparatının ünvan 3 ünvanlanmış 06 aprel 2015-ci il tarixli, 70 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Gəncə şəhəri, N.Nərimanov prospekti, 50E ünvanda yerləşən mülkün azyaşlı Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair razılıq verilməsi və onun adından valideynlərinin iştirak və imza etməsi barədə qərar qəbul olunmuşdur. Kəpəz Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası sözügedən mülkün rəsmiləşdirilməsi ilə əlaqədar, notariat kontoru tərəfindən qanunvericiliyə müvafiq olaraq, hər hansı bir əməliyyat aparılmasına və azyaşlının adından valideynləri İddiaçı və X1 iştirak və imza etməsinə etiraz etmir. Cavabdeh3 tərəfindən Cavabdeh1na ünvanlanmış xx.xx.2015-ci il tarixli, reyestrdə 7E-2120 nömrə ilə qeydə alınmış ərizədə qeyd edilmişdir ki, əri İddiaçı məxsus Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda yerləşən qeyri-yaşayış binasının bağışlanmasına razıdır, etiraz etmir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. xx.xx.2006-cı il tarixdə 181 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş AZ-İ 779175 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı il tarixdə Xanlar rayonunda doğulmuş, atası İddiaçı, anası X2r. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 nikahı xx.xx.2015-ci il tarixdə Gəncə ASAN xidmət qeydiyyat şöbəsində 141 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Nəbiyev”, arvada “Nəbiyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Karlar Cəmiyyəti tərəfindən verilmiş 005 nömrəli vəsiqədən (xx.xx.2015-ci il tarixədək etibarlıdır) görünür ki, X5 X7 Direktorudur. İş materiallarında olan Azərbaycan Karlar Cəmiyyəti tərəfindən verilmiş 0654 nömrəli, xx.xx.2021-ci il tarixli (xx.xx.2025-ci ilədək etibarlıdır) vəsiqədən görünür ki, Cavabdeh3 Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2- 5988/2023 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 4Ə-60 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 bağışlanmış, Cavabdeh2 adına xx.xx.2015-ci il tarixli, **********50- 06301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Əmlak Göygöl Rayon Məhkəməsinin 2(066)-1275/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə bildirişinə əsasən müvəqqəti nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********10 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1996-cı il tarixli 1183 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnaməsinə əsasən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda yerləşən qeyri-yaşayış binası (ayaqqabıların fərdi tikişi və təmiri fabrikinin 2 saylı “Ayaqqabı təmiri” emalatxanası) İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 4Ə-60 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mülk İddiaçı tərəfindən Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 Nəriman ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış binasına (dövlət mülkiyyət növünə aid istifadədə olan 0,00065 ha torpaq sahəsində yerləşən 4,7 kvm əsas sahədən ibarət olan (10,1 kvm sahə qanunsuz inşa edilmişdir) xx.xx.2015-ci il tarixli, **********50-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50-06301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2015-ci il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda dövlətin mülkiyyətində olmaqla, istifadədə olan 0,00065 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 4,7 kv.metr olan qeyri-yaşayış binası Cavabdeh2 xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən Göygöl Rayon Məhkəməsinə ünvanlanmış Cavabdeh1 8İ-620 nömrə ilə reyestrdə qeydə alınmış **********620 nömrəli, xx.xx.2018-ci il tarixli ərizədə qeyd edilmişdir ki, lal-kardır, anası, bacısı və birinci nikahdan olan oğlu onun fiziki qüsurundan istifadə edərək ikinci nikahdan olan oğlu Cavabdeh2 qarşı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E nömrəli binaya dair bağışlama müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş sənədlərin ləğvinə dair iddia ərizəsi tərtib etdirib ona imza etdirmişlər. Həmin ərizədən imtina edir, həmçinin qeyd edir ki, cavabdeh kimi göstərilən uşağının anası da lal-kardır, sabah başına bir iş gələrsə, onların vəziyyətləri həmin iddianın fonunda çox acınacaqlı ola bilər. Odur ki, həmin iddia ərizəsindən imtinasının qəbul edilərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-1275/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddiadan imtina edilməsi barədə ərizə verildiyindən İddiaçı Cavabdeh2 qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1 və 666.2-ci maddələrinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Bağışlama müqaviləsinə verilən anlayışdan görünür ki, bu müqavilə real müqavilədir və hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan müqavilə bağlanmış sayılır. Məhkəmə baxışında tədqiq edimiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E ünvanda yerləşən, ümumi sahəsi 4,7 kv.metr olan qeyri-yaşayış binası xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən mülkiyyətçi İddiaçı (nümayəndəsi X3) tərəfindən oğlu Cavabdeh2 (nümayəndəsi Cavabdeh3) bağışlanmış, qeyri-yaşayış sahəsini (hədiyyəni) Cavabdeh2 qəbul etmiş və sonuncunun sözügedən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin müqavilə şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Bağışlama müqaviləsinə İddiaçı özü, həmçinin onun adından lal-kar olduğu üçün nümayəndəsi X3, Cavabdeh2 adından azyaşlı olduğu üçün qanuni nümayəndəsi Cavabdeh3 imza etmişdir. İddia tələbinə görə iddiaçının sözügedən bağışlama müqaviləsində imzası yoxdur. Müqaviləyə iddiaçının əvəzində Karlar cəmiyyətinin sədri Şakaraşvili Anjela adlı şəxs imza etmişdir. Halbuki, həmin şəxsə iddiaçı heç bir səlahiyyət verməmişdir, notariat işində heç etibarnaməsi də yoxdur. Məhkəmə ilk əvvəl qeyd edir ki, əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-5-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (Mülki Məcəllənin 329.1, 334.1, 334.2 və 668.1.1-ci maddələri). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Göstərilən tələblər baxımından yanaşıldıqda mübahisələndirilən bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Bu hal, yəni iddiaçının həmin müqaviləni imzalaması onun hazırkı iş üzrə verdiyi izahatı, tələbinin digəri dəlili, eləcə də müqavilənin ləğvi barədə əvvəlki iddiası üzrə məhkəməyə ünvanladığı və notarial qaydada təsdiq etdiyi ərizəsi ilə sübut edilir. Belə ki, iddiaçının, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, bağışlama müqaviləsinin etibarsız hesab edilmsi üçün gətirdiyi əsas dəlili ondan ibarətdir ki, müqaviləni həmin vaxtı oğlu Cavabdeh2 qanuni nümayəndəsi olan digər cavabdeh, yəni arvadı Cavabdeh3 iddiaçını aldatması nəticəsində bağlamışdır. Bundan başqa, iddiaçı hazırkı məhkəmə baxışında verdiyi izahatında da göstərir ki, Cavabdeh3 iddiaçını aldatmaqla, yəni başqa sənədləri imzalamaq adı ilə qeyd edilən müqaviləyə imza etdirmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı sözügedən müqavilənin ləğvi tələbi ilə hələ 2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbindən imtina etdiyindən Göygöl Rayon Məhkəməsinin 2(066)-1275/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə iddiadan imtina qəbul edilmiş, İddiaçı Cavabdeh2 qarşı sözügedən bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilmişdir. Həmin iş üzrə İddiaçı tərəfindən Göygöl Rayon Məhkəməsinə ünvanlanmış Cavabdeh1 8İ-620 nömrə ilə reyestrdə qeydə alınmış **********620 nömrəli, xx.xx.2018-ci il tarixli ərizədə qeyd edilmişdir ki, lal-kardır, anası, bacısı və birinci nikahdan olan oğlu onun fiziki qüsurundan istifadə edərək ikinci nikahdan olan oğlu Cavabdeh2 qarşı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 50E nömrəli binaya dair bağışlama müqaviləsinin və həmin müqavilənin əsasında verilmiş sənədlərin ləğvinə dair iddia ərizəsi tərtib etdirib ona imza etdirmişlər. Həmin ərizədən imtina edir, həmçinin qeyd edir ki, cavabdeh kimi göstərilən uşağının anası da lal-kardır, sabah başına bir iş gələrsə, onların vəziyyətləri həmin iddianın fonunda çox acınacaqlı ola bilər. Həmin ərizəni təsdiq edən Gəncə şəhəri, 1 saylı notariat kontorunun xüsusi notariusu X8 qeyd etmişdir ki, lal-kar olduğuna görə İddiaçı tapşırığı ilə onun əvəzinə sənədi X3 imzalamışdır. Göründüyü kimi, iddiaçı başqa sənəd kimi imzaladığını qeyd etsə də həmin müqaviləni imzaladığını özü təsdiq edir. Bundan başqa, müqaviləni bağladıqdan üç il sonra müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etməsi, həmin iş üzrə iddiasından imtina ərizəsində sözügedən qeyri-yaşayış sahəsini oğlu Ramazana bağışladığını ifadə etməsi, həmçinin 7 ildən sonra müqavilənin etibarsızlığı barədə hazırkı iddianı irəli sürməsi onu göstərir ki, sözügedən bağışlama müqaviləsi iddiaçının iradəsi ilə həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsinin qanunvericiliyin tələblərinə zidd olmadığı, onun bağlanması zamanı səlahiyyətli şəxslərin iştirak etdiyi və onların arasında iradə vahidliyinin mövcud olduğu öz təsdiqini tapır. Bağışlama müqaviləsi bağlanarkən iddiaçının iradəsini əks etdirməməsini yalnız iddiaçının hazırkı mülahizələrinə əsaslanmaqla qəbul etmək mümkün deyil. Sonradan iddiaçının iradə ifadəsinin dəyişməsi isə müqavilənin etibarsızlığına səbəb ola bilməz. Məhkəmə bir daha qeyd edir ki, bağışlama müqaviləsi səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması şərti ilə bağlanmışdır, hədiyyə verən qismində qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı, həmçinin iddiaçının lalkar olması nəzərə alınaraq müqavilə üzrə notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs - X3 (müqaviləni öz imzası ilə təsdiq etməklə) iştirak etmiş, müqavilə notarial qaydada təsdiqlənmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi dəlillərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 22-ci bəndində qeyd edilir ki, əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur. MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan başqa, iddia tələbinin digər dəlili ondan ibarətdir ki, Cavabdeh3 bağışlama müqaviləsi bağlanan zaman iddiaçını aldatmışdır, cavabdehlər iddiaçının lal və kar olmağından, əqd bağlanan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyindən istifadə edərək bağışlama müqaviləsi bağlamışlar. Göründüyü kimi, iddiaçının iddia etdiyi bu dəlili tərəflər arasında bağlanmış müqavilənin mübahisələndirilən etibarsız əqd olması ehtimalını yaratmış olur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. ....Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürdüyü dəlilini, yəni Cavabdeh3 onu aldatmasını sübuta yetirə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Digər bir tərəfdən, iddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra müqavilənin etibarsızlığı barədə məhkəməyə müraciət etmişdir. Belə ki, bağışlama müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlandığı halda, iddiaçı həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçı ərizəsində bir ildir ki, cavabdehlərin ona qarşı dözülməz rəftar etdiklərini bildirsə də, 2018-ci il tarixdə həmin müqavilənin ləğvi barədə iddia qaldırması məhkəmənin onun aldadıldığını ən geci həmin vaxtı bildiyi qənaətinə gəlinməsinə əsas verir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş zaman ərzində iddia qaldırmamışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, ...Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan xx.xx.2021-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik iradə ifadəsinin zədələnməsi hallarında əqdin etibarsızlığının mübahisələndirilməsi üçün 1 illik kəsici müddət müəyyən etmişdir. İddiaçının aldadıldığı fərz edilsə belə, qeyd edilən müddəadan da göründüyü kimi o, müqavilənin icrasına başlandığı vaxtdan hüququnun pozulması ilə bağlı bir il ərzində məhkəməyə müraciət edə bilərdi. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əqdin etibarsızlığına əsas olmuş halları bildiyi halda, onu mübahisələndirilməsi üçün müqavilənin icrasına başlanıldığı gündən 1 il sonra məhkəməyə müraciət etdiyindən, daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi hissədə iddia təmin edilə bilməz. Məhkəmə, həmçinin iddianın mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın etibarsız edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli qeyri-yaşayış sahəsinə dair həmin cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməməlidir. Məhkəmə, iddianın qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi mübahisənin əsasını təşkil edən bağışlama müqavləsinin etibarsız hesab edilməsi hissəsindən birbaşa asılı olduğundan və iddia da həmin hissədə əsassız hesab edildiyindən, iddia qeyd olunan hissədə də təmin edilə bilməz. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Gəncə şəhəri 1 saylı Notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "bağışlanma müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilərək binanın əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar