Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(125)-5502/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) borclu Cavabdeh qarşı məhkəmə əmrinin çıxarılması barədə ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i: Kreditor "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən məlum olur ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “alqı-satqı” müqaviləsinə əsasən 937 manat dəyərində “Hisense” markalı telefon və “Quicks” markalı velosiped almışdır. Borclu 937 manat məbləğində pulu 78,08 manat olmaqla hər ay "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi üzərinə almışdır. Telefon və velosiped işlək vəziyyətdə təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin, cavabdeh müqavilə üzrə 937 manat borcunu ödəməyərək öhdəliyin icrasından yayınmışdır. “Alqı-satqı” Müqaviləsinin 11-ci bəndinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borclu müxtəlif bəhanlərlə müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınaraq kreditor "xxxx" MMC-yə ciddi ziyan vurmuşdur. Mülki qanunvericiliyin müddəaları baxımından tərəflər arasında bağlanmış müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaratmış və kreditora vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Ona görə də borclu Cavabdeh xx.xx.2019-cu il tarixdə bağlanmış ******* saylı “alqı-satqı” müqaviləsi üzrə 937 manat əsas borcun, 93,70 manat cərimənin və ödənilmiş 31 manat dövlət rüsumunun tutulmasında dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş: 30 sentyabr 2019-cu il tarixli, ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 937 manat məbləğində “Hisense” markalı telefon və “Quicks” markalı velosiped əldə etmiş və 12 ay müddətinə aylıq 78,08 manat olmaqla "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. 24 iyun 2023-cü il tarixli, 29 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 30 iyul 2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 937 manat, cərimə borcu 93,7 manat təşkil edir. Ödəniş cədvəlindən görünür alıcı (cavabdeh) 937 manat məbləğində pulu xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər aylıq 78,08 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Ərizəyə əlavə edilmiş bildirişdən görünür ki, borclu alqı-satqı müqaviləsinə əsasən aldığı malın qiymətinin ödənilməsindən boyun qaçırdığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə (dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmə) əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 287-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından, həmin tələb üzrə məhkəmə əmri verilməsi mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276.1, 276.2.2, 280 və 281-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə ə m r e t d i: xx xxxxxx 1983-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan borclu Cavabdeh xx.xx.2019-cu il tarixli, ******* saylı alqı-satqı müqaviləsi üzrə 937 manat əsas, 93,70 manat cərimə və məhkəmə xərci qismində ödənilmiş 31 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində məhkəmə əmrini vermiş Gəncə Şəhər Məhkəməsini yazılı xəbərdar etməklə verilmiş tələbə və ya onun hissəsinə qarşı etiraz edə bilər. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-5502/2023
Gəncə Şəhər Məhkəməsi Məhkəmə əmri — İş №2(125)-5502/2023
25.07.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver