Məhkəmə qərarları › İş №2(125)-5514/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5514/2024

23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5514/2024 23.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əİirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki hallarına görə tərəflər Gəncə Şəhəri Nizami Rayon Qeydiyyat şöbəsində 488 nömrə ilə qeyd etdirməklə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahdan iki uşaq - xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikah bağlamaqla evlənmişlər. Cavabdehlə evlilikdən iki uşaq – Mahizər və Ayla doğulmuşdur. Son illər cavabdeh respublikadan kənarda yaşayır, evə, uşaqlara maddi yardım göstərmir. Arada yadına düşəndə uşaqlara paltar göndərir. O isə tək uşaqların maddi ehtiyaclarını qarşılaya bilmir. Bu hal bir neçə vaxtdır ki, başlayıb. Bu halın zamanla keçəcəyini hesab etsə də, lakin cavabdeh onu məcbur etmədikcə uşaqlara maddi yardım edəsi deyil. Cavabdeh qazancından ailəsinə vermir, həmçinin ailəsini atıb getmişdir, həmin vaxtdan bəri heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Hələlik boşanmaq istəmir, ayda hər uşağa 100 manat sabit məbləğdə pul göndərsə, çətinliyi bir qədər azalar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin əlavə etdi ki, cavabdehlə rəsmi nikahda olsalar da, hazırda faktiki olaraq ayrılmışlar. Cavabdeh ailəsini ataraq 2-3 ildir ki, ölkə hüdudlarından kənarda yaşayır. Cavabdeh əvvəllər ticarətlə məşğul olsa da, hazırda onun nə işlə məşğul olmasından xəbəri yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh yetkinlik yaşına çatmamış Mahizər və Ayla Məmmədovaların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldığından, iddiaçı uşaqların saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin faktiki olaraq iddiaçının yanında yaşayan yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, habelə iddiaçının alimentin sabit pul məbləğində tutulmasını xahiş etməsini, cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı barədə iddiaçının sübut təqdim etməməsini və diqqətəlayiq olan digər halları, habelə iddia tələbinin həddini nəzərə alaraq hesab edir ki, cavabdehdən iki uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində müəyyən edilməli, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən və bu halın üzrlü olması iş materiallarından görünmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin (dövlət rüsumunun) əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233, 234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Cavabdeh, ödənilmiş məhkəmə xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar