Məhkəmə qərarları › İş №2(125)-5561/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5561/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5561/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilərək azaldılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1143/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-21/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment miqdarının azaldılaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, onun oğlu İddiaçıla Cavabdeh nikah münasibətlərindən münasibətlərindən xx.xx.2017-ci il tarixdə X6 anadan olmuşdur. Həmin şəxlsər arasındakı münasibətlər sonradan pisləşdiyindən müxtəlif ünvanlarda yaşamağa başlamış, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1143/2021 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün sabit pul məbləğində alimentin E.İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Daha sonra Cavabdeh alimentin məbləğinin indeksasiya edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-21/2025 nömrəli qərardadına əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1143/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunmuş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. İddiaçı hazırda Rusiya Federasiyasında "xxxx" MMC-də sürücü işləyir və vergilər tutulduqdan sonra 39.999 rus rublu əmək haqqı alır. Bundan başqa, İddiaçı ilk evliliyindən xx.xx.2014-cü il tarixdə anadan olmuş X7 adlı başqa bir uşağı da var və həmin uşağın saxlanması üçün də 10.000 rus rublu həcmində aliment ödəyir. Hazırda təyin olunan aliment məbləğlərini ödədikdən sonra cavabdeh ən zəruri maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. O, ailəsinin və özünün maddi təminatını ödəyə bilmir və maddi baxımdan olduqca çətin vəziyyətdədir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, təyin olunan aliment məbləği uşağın xərclərinin az bir hissəsinə yetəcək qədər olmasına baxmayaraq, iddiaçı həmin alimentin də məbləğinin azaldılmasını məhkəmədən tələb edir. Halbuki, uşağı saxlamaq, onların bütün maddi və mənəvi tələbatlarını ödəmək valideynlərin vəzifəsidir. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(125)-21/2025 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)-1143/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il tarixdə anadan olmuş Rəhimova (Orucova) Ayan Vüsal qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin xeyrinə ödənilməsi qərara alınmışdır. İşdə olan Vİİ-МЮ seriyalı, 520601 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 atası İddiaçı, anası X2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi alimentin miqdarının müəyyən edilməsindən sonra, yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişiklik alimentin miqdarının dəyişdirilməsinə əsas ola bilər. Lakin məhkəmə araşdırması zamanı qətnamə üzrə aliment təyin edildikdən sonra iddiaçının ailə və maddi vəziyyətində alimentin miqdarının azaldılmasına əsas ola biləcək dəyişiklik baş verməsi müəyyən olunmamışdır. Belə ki, valideynin qazancının az olduğu təqdirdə onun uşağı saxlamaq vəzifəsindən tamamilə və ya qismən azad edilməsi barədə qanunvericilikdə göstəriş yoxdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə də məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında iddianın əsası kimi alimentin ödənilməsinə maddi imkanının olmamasına dair göstərdiyi xüsusatlara hüquqi qiymət verərək, hesab edir ki, həmin hal iddianın təmin edilməsi üçün əsas deyildir. Belə ki, iddiaçının iddianın əsası kimi göstərdiyi qeyd olunan xüsusat onun X3 maddi təminatının ödənilməsində tam və ya qismən iştirakdan məhrum edilməsinə əsas hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı uşağının yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıdığından, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, iddiaçıdan tutulan məbləğin əvvəlki miqdarda saxlanılması məqsədəmüvafiqdir və buna görə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin dəyişdirilərək azaldılması tələbi» barədə iddiası rədd edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar