Məhkəmə qərarları › İş №2(125)-5597/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-5597/2025

18.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-5597/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Rafiq qızının cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı qızıl-zinət tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Rafiq qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona məxsus olan brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 cüt ümumi çəkisi 14 qram 2.8 karat olan – Qarnitur dəstinin sırğasını; brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 ədəd ümumi çəkisi 7 qram 1.4 karat olan – Qarnitur dəstinin üzüyünü; brilliant qaşlarla bəzədilmiş 750 əyarlı, 1 ədəd ümumi çəkisi 6.95 qram 0.56 karat olan – Paxlava üzüyün naturada alınmasını, naturada alınması mümkün olmadıqda isə həmin qızılların cəmi dəyəri olan 8350 manat pulun, ödənilmiş mediasiya xərci 50 manat və dövlət rüsumu 103.5 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onu keçmiş həyat yoldaşı olmuş Cavabdeh1 2009cu ilin avqust ayında ailə qurmaq məqsədi ilə qaçırmişdir. Onların birgə ər-arvadlıq münasibətlərindən 2 övladları doğulmuşdur. Cavabdeh1 onu qaçırdıqdan sonra qayınatası X1 ona el adət-ənənəsinə uyğun olaraq toy hədiyyəsi kimi qızıl-zinət əşyalarını vermişdir. Ondan qayınatasının hədiyyə vermiş olduğu qızılları baldızı almış və saxlanması üçün qayınanasına vermişdir. Onlar qızılların ona hədiyyə olaraq verilməsinə razı olmamışlar. 6750 manat dəyərində olan brilliant qaşlarla bəzədilmiş qarnitur dəsti və 1600 manat dəyərində olan brilliant qaşlarla bəzədilmiş “Paxlava” üzük bu günə kimi qayınanasında və baldızında durur. Onun ilə həyat yoldaşı arasında bağlanmış nikah qeydi, hazırda məhkəmə tərəfindən pozulmaq üzrədir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tələb olunan qızıl-zinət əşyaları barədə hər hansı formada iddiaçıya hədiyyə şəklində verilməmişdir və qeyd olunan əşyaların ona verilməsi və onlarda qalması ilə bağlı hər-hansı sübut təqdim etməmişdir. 2009-cu ildə el adəti olmadan, toyları olmadan ona qoşulub qaçmışdır. 2010-cu il tarixdə nikaha daxil olmuşlar. Bundan da, onun ailə üzvlərinin razılığı olmamışdır. Daha sonra 2013-cü ilin noyabr ayında atası onu çağıraraq evdə qalmağını istədi. Lakin həmin vaxtdan da nə toy, nə hədiyyə, nə də ki, qonaqlıq şəklində mərasim baş tutmamışdır. Hazırda isə iddiaçı ona məlum olmayan qızıl-zinət əşyları barədə heç bir məlumatı yoxdur. Qeyd olunan tələblər tam əsassızdır, ola bilər ki, evin gəlini olaraq anasına, bacısına məxsus qızıl- zinət əşyalarından istifadə etmişdir. Hal-hazırda da bunları maddi sübut kimi məhkəməyə təqdim edə bilər. Lakin bu sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək bildirdi ki, tələb edilən qızılzinət əşyalarının dəyəri, əyyarı, cavabdeh tərəfdə olması müəyyən olunmur; Qızıl-zinyətlə bağlı hər hansı sübut ola bilməz, belə ki, iddiaçı ilə aralarında toy olmamışdı; İddiaçıya fantaziya üzük, brilyant qaşlarla bəzədilmiş qolbağı və başqa qızıl-zinyət əşyaları vermişlər, qohumları ona müxtəlif qızıl-zinyət əşyaları vermişdi; Onun valideynləri və iddiaçı ilə birgə yaşamışlar; Tələb edilən qızıllar evin qızılları idi, Gülnara hədiyyə verilib, gedənə kimi bütün qızılları öz üstündə olurdu; Gülnar gedəndə nə var idi, hamısını aparmışdı; Gülnarın qızılları dəfələrlə həmin cavabdehin adına lombarddan götürülmüş borcun əvəzində saxlanca qoyulub, qızıllar lombarda Gülnarın razılığı ilə qoyulmuşdu, qızılları verməsindən görünürdü ki Gülnarın buna razılığı var. Gülnar pul gətirib verdi ki, lombarddan qızıllarını çıxarsınlar. Lombarda borcu qaytarandan sonra qızılları həmin cavabdehin özünə qaytarıblar. Gülnar evə qayıtmayıb; Səs yazısında Gülnar qızılları verməyi deyəndə öz qızıllarını yox, həmin cavabdehin anasına məxsus qızılları tələb edirdi; Gülnar bəyəndiyi qızılları özündə saxlayırdı, bəyənmədiklərini həmin cavabdehin anasında saxlayırdı; Evin qızılları evdəki mücrüdə saxlanılırdı, Gülnar taxmaq istəyəndə gəlib istəyirdi, həmin mücrüdən qızıl verilirdi Gülnara taxmaq üçün. Həmin qızıllar Gülnara hədiyyə edilsə də, Gülnarın mülkiyyətinə verilməmişdi, ona görə həmin qızıllar Gülnara məxsus olmamışdır; Həmin cavabdehin anası hədiyyə verdiyini desə də həmin qızılları Gülnara hədiyyə verməmişlər. Cavabdeh1 həmçinin bildirdi ki, iddiaçıya toy qaydasında heç nə hədiyyə olunmamışdır; 8350 manat dəyərində qızıl olmamışdır; Qızılların qiyməti ilə razı deyil; İddiaçının apardığı qızıllar onların birgə nikah dövründə verilən pay şəklində olmuşdur; İddiaçı öz yaxınlarının qızıl əşyalarından istifadə edə bilər. Bu da o demək deyil ki, onlar cavabdeh tərəfin ailəsinə məxsusdur; Qarnitur qızıl dəsti və paxlava üzük olmamışdır; Məhkəmə iclasında tədqiq olunan qızıl-zinət əşyasının fotoşəklinə münasibətdə həmin cavabdeh bildirdi ki, anası xəstə qadındı, gözü yaxşı görməyir; Anasının sadaladığı qızıllar mövcud olmuşdur, onların dəyəri qeyd olunan məbləğdə olmamışdır; O, anasıyla eyni evdə yaşayır, bacısı isə ayrılıqda öz evində yaşayır. Cavabdeh1 iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddiaya etiraz edərək bildirdi ki, iddiaçıya bir dəst yaxa sepi, iki “onluq”, brilyant qolbaq, brilyant üzük, ortası yaşıl kənarı “gül” formalı komplekt vermişlər, qohumları müxtəlif qızıl-zinyət əşyaları vermişdi; Vüqar işə görə başqa ölkəyə getdikdən sonra Gülnar evdən getmişdi; Gülnar gecə saat 12-də bacısıyla onların evinə gəlib “gül” formalı komplekti apardı. Həmin kompekt iş materiallarına əlavə olunmuş fotoşəkillərdəki dəstdir; Həmin zümrüd komplekti Gülnar bəyənmirdi deyə həmin cavabdehdə saxlayırdı, iddiaçı bəyəndiklərini özündə saxlayırdı; Brilyant qaşlı “Paxlava” formalı üzük həmin cavabdehin öz nişan üzüyü olub, Gülnar evə gələndə ona hədiyyə etmişdilər; Gülnar brilyant qaşlı “Paxlava” formalı üzüyü əvvəlcədən aparmışdı, axırıncı dəfə zümrüd komplekt qalmışdı, onu da gecə vaxtı bacısıyla gəlib apardı; Qızılları taxmaq üçün mücrüdən Gülnara verdikdən sonra və Gülnar taxdıqdan sonra onları geri qaytarmırdı; Gülnara həmin qızılları hədiyyə vermişlər. Cavabdeh2 həmçinin bildirdi ki, iddiaçıya hədiyyə etməmişdir. Nəvəsinə ortası zümrüd qaşlı “gül” formalı komplekt vermişdir, iddiaçı onu gəlib aparmışdır; Paxlava üzük olmamışdır, “İrəvan cırcıraması” deyilən üzük olub ki, o da brilyant olmayıb; O, 14 qaşlı zümrüd sırğanı “gül” komplektlə dəyişik salmışdır, onda 14 qaşlı zümrüd sırğa olmamışdır; 1 dəst yaxa sepi, 2 ədəd onluq, brilyant braslet (bilərzik), brilyant üzük vermişdir; Əvvəlki iclasda qızılların şəkillərinə baxanda gözü yaxşı görməmişdi; Qızıl hədiyyə olunub, onu da iddiaçı özü ilə aparmışdır; Qızılların saxlandığı mücrü var, onun evində, onun yataq otağındadır. Cavabdeh2 iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddiaya etiraz edərək bildirdi ki, ortası zümrüd qaşla “gül” komplekt, sep, brilyant qaşlı qolbağı, tovuzquşu formasında fantaziya üzük olub, onları iddiaçı aparmışdır; Paxlava üzük olmamışdır; Qardaşı Vüqarın qaldığı ev anası Elanoraya məxsusdur. Nurlana orda yaşamır, onun öz evi var. Cavabdeh3 iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 559341 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı Rafiq qızı xx.xx.2010-cu ildə 497 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olublar. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 27 avqust 2025-ci il tarixinə 1 cüt, 750 əyarlı, ümumi çəkisi 14 qram, 2.8 karat olan brilliant qaşlarla bəzədilmiş qarnitur dəstinin sırğasının dəyəri 4500 manat; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 7 qram, 1.4 karat olan brilliant qaşlarla bəzədilmiş qarnitur dəstinin üzüyünün dəyəri 2250 manat; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 6.95 qram, 0.56 karat olan brilliant qaşlarla bəzədilmiş “paxlava” formalı üzüyün dəyəri 1600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub qızıl-zinət əşyalarınına (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz qızıl-zinət əşyalarınınını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan qızıl-zinət əşyalarının, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri qızıl-zinət əşyalarının ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin qızıl-zinət əşyalarınınıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Hazırkı iş üzrə iddiaçı ərizəsində göstərilən, ona hədiyyə şəklində verilən, mülkiyyətçisi olduğunu bildirdiyi qızıl-zinət əşyalarının cavabdehlərdən natura şəklində, bu mümkün olmadıqda onların dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəla, iddiaçıya məxsus qızıl-zinyət əşyalarının mövcudluğunu, onların dəyəri və cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Belə ki, tələb edilən qızılların mövcudluğu sübutetmə yükü daşıyan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə təsdiqlənir, həmin fotoşəkillərlə iddiaçının tələb etdiyi qızılzinyət əşyaları müəyyən olunur. Həmçinin, məhkəmə iclasında iştirak etmiş cavabdehlərin izahatları həmin qızıl-zinyət əşyalarının mövcudluğu təsdiqlənir. Belə ki, əvvəlki məhkəmə iclasında Cavabdeh2 tələb edilən qarnitur dəstinin mövcudluğunu və məhkəməyə təqdim edilmiş fotoşəkildəki ilə eyniliyini, habelə “paxlava” formasında üzüyün mövcudluğunu və həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edildiyini təsdiqləmişdir. Həmin cavabdeh sonrakı iclasda həmin izahatında bildirdiklərini təkzib etməyə çalışsa da, bu hal mülki məsuliyyətdən yayınmaq cəhdi kimi qəbul edilməlidir. Belə ki, əvvəlki iclasda fotoşəkildəki qarnitur dəstinin tələb edilən dəstlə eyniliyini təsdiqlədikdən sonrakı iclasda fotoşəklə baxmadan oradakı görüntünü yanlış xatırladığını, digər qızıl-zinət əşyasıyla səhv saldığını bildirmişdir. Halbuki, həmin fotoşəkli təkrar nəzərdən keçirmədən, yəni yanlışlığa yol verdiyini özü üçün aşkarlanmadan bu halı bildirmişdir. Bundan başqa, həmin cavabdeh əvvəlki iclasda “paxlava” formalı üzüyün öz nişan üzüyü olduğunu və onlara məxsus evə gəldikdə iddiaçıya hədiyyə etdiklərini bildirsə də, sonrakı iclasda illərlə ona məxsus olmuş və doğum günündən fərqli olaraq hər il təkrarlanmayan nişan mərasimində hədiyyə edilmiş üzüyü digər üzüklə səhv saldığını bildirmiş və sonuncunun üzərindəki qiymətli daşların briliant olmadığını xüsusi vurğulamışdır. Digər tərəfdən, Cavabdeh2 həmin qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə verildiyini bildirdiyi halda, Cavabdeh1 bu hala etiraz edərək, toy mərasimi baş tutmadığı üçün mübahisəli əşyaların iddiaçının mülkiyyətinə keçmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, nikah dövründə hədiyyə şəklində əldə olunmuş qızılzinət əşyasının arvadın ayrıca mülkiyyəti olması barədə qanunvericilik müddəası onun əksi barədə hər hansı şəxsi mülahizədən üstündür və tələb edilən əşyaların hədiyyə olunaraq iddiaçının mülkiyyətinə keçməsi təkzib olunmur. Bununla yanaşı, iddiaçı tərəfdən mübahisəli qızıl-zinyət əşyalarının dəyəri daxilolmaqla məlumatları əks etdirən rəy təqdim edilmiş, həmin rəy və (ya) əşyalara dair məlumatlar cavabdeh tərəfdən mübahisələndirilməmiş, həmin sübutu təkzib edən dəlil(lər) təqdim olunmamışdır. Bundan başqa, qızıl-zinət əşyalarının cavabdeh tərəfin qanunsuz sahibliyində olmasına dair hissədə məhkəmə qeyd edir ki, tələb olunan əşyaların Cavabdeh1la Cavabdeh2 birgə yaşadıqları evdə sonuncuya məxsus yataq otağında saxlanıldığını, habelə iddiaçının “paxlava” formalı üzüyü əvvəlcə, qarnitur dəsti daha sonra apardığını həmin cavabdehlər bildirmişdir. Beləliklə, mübahisəli əşyaların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sahibliyində olması öz izahatlarıyla təsdiqlənir. Bununla yanaşı, Cavabdeh1 iddiaçıya məxsus müxtəlif qızıl-zinət əşyalarının dəfələrlə onun adına borc alınması üçün lombard saxlancına qoyulduğunu bildirmiş, buna iddiaçının razılığını sübuta yetirməmiş, habelə, saxlanca qoyulmuş həmin qızıl-zinət əşyalarının lombarddan tam təhvil alındığını bildirmişdir. Həmin cavabdehlər tələb edilən əşyaların iddiaçı tərəfindən aparıldığını bildirsə də, iddiaya həmin etirazlarını təsdiqləyən hər hansı sübut təqdim edilməmişlər. Nəzərə alınır ki, qızıl-zinət əşyaları həmçinin Cavabdeh3 tələb edilsə də, sonuncunun digər cavabdehlərdən ayrı evdə yaşaması müəyyən olunmuşdur. Beləliklə, mübahisəli əşyaların habelə Cavabdeh3 sahiblik və (ya) istifadəsində olması müəyyən edilmir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli qarnitur dəstinin 1 cüt sırğası və 1 ədəd üzüyü, habelə “paxlava” formalı üzük, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 8350 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və mediasiya prosesində çəkilən xərc tərəflərə bərabər şəkildə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun və mediasiya xərcinin yarısı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 cüt, 750 əyarlı, ümumi çəkisi 14 qram, 2.8 karat olan brilliant qaşlarla bəzədilmiş, dəyəri 4500 manat olan qarnitur dəstinin sırğası; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 7 qram, 1.4 karat olan brilliant qaşlarla bəzədilmiş, dəyəri 2250 manat olan qarnitur dəstinin üzüyü; 1 ədəd, 750 əyarlı, ümumi çəkisi 6.95 qram, 0.56 karat olan brilliant qaşlarla bəzədilmiş, dəyəri 1600 manat olan “paxlava” formalı üzük, naturada həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri olan 8350 (səkkiz min üç yüz əlli) manat pul alınaraq İddiaçı Rafiq qızına verilsin. İddia qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 51 (əlli bir) manat 75 (yetmiş beş) qəpik pul və mediasiya xərcinin əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı Rafiq qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar